İnsanlara hürriyət, millətlərə istiqlal!

Jirinovskidən daha gic Delyaqin - Rusiya kiçilib, yoxsa...  

2612 29.03.2022 15:30 Gündəm A A

Azərbaycana qarşı hədyanlar səsləndirilən Rusiya telekanal və saytlarının ölkə ərazisində qapadılması gündəmə gəlir

Azərbaycan dövləti indiyədək hər hansı bir yaxın-uzaq qonşusuna aqressiv münasibət göstərməyib. Əksinə, daim mehriban qonşuluq, əməkdaşlıqda maraqlı olub, sülh, barış tərəfdarı kimi çıxış edib.

Ölkənin rəsmi şəxsləri, deputatları, politoloqları, televiziyaları, radioları da mövqelərini daim milli və dövlət maraqlarına uyğunlaşdırıb.
Hər hansı iki ölkə savaşanda, konflikt yaşayanda Azərbaycan dövləti tərəf tutmayıb, hər hansı qütbdə təmsil olunmayıb, Qoşulmama Hərəkatının üzvü kimi neytral davranıb, barış missiyasına can atıb, cəhd edib, bir sıra hallarda buna nail olub, töhfələrini verib.

İkinci Qarabağ Savaşından sonra Qalib Azərbaycanın bu kontekstdə mövqeyi daha sərrast, konkretdir: Prezident İlham Əliyev postmüharibə dövründə verdiyi açıqlamalarda dəfələrlə qeyd edib ki, kimsənin torpağında gözümüz yoxdur, heç bir dövlətin daxili işlərinə qarışmırıq və qarışmaq fikrimiz yoxdur, əməkdaşlıqda, dostluqda maraqlıyıq. Faktiki olaraq Azərbaycan öz stratejini mövqeyini müəyyən, bəyan edərək inkişaf perspektivlərinə köklənib.

Ən gərgin geosiyasi dönəmdə - 2022-ci ilin əvvəlində Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı artırmaqla paralel Rusiya ilə müttəfiqlik sazişi də imzaladı.
Bu, Azərbaycanın Rusiya ilə əməkdaşlığa, münasibətlərin qorunmasına, inkişafına nə dərəcədə önəm verməsinin göstəricisi kimi qəbul olunmalıdır.
Lakin təəssüflər olsun ki, Rusiyadan Azərbaycana münasibətində qeyri-səmimi davranışlar göstərilir.

Bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyinin Fərrux yüksəkliyi ilə bağlı bəyanatı, Azərbaycana qarşı təhdid və yanlışlarla dolu açıqlamaları birmənalı qarşılanmır.
Haqlı olaraq Azərbaycanın müvafiq qurumları buna adekvat reaksiya verdilər.
Ardınca isə Rusiyanın rəsmi dövlət kanalında, habelə digər telekanallarında, saytlarında ölkəmizə qarşı aqressiv münasibət müşahidə olunmağa başladı.

Son olaraq Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin bütün qırmızı xətləri də keçdi!
Maraqlıdır, Delyaqin son 1 sutka ərzində Rusiyanın bir neçə telekanal, saytlarında dövr edib. “Rossiya1” və “Pervıy” federal kanallarında Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyimizə qarşı hədyanlar danışıb, açıq təxribatlara yol verib, dövlətimizin ünvanına təhdidlər səsləndirilib. Rus deputat Azərbaycanı RF üçün “təhlükə” adlandırıb və ölkəmizin cəzalandırılması üçün neft sənayesini nüvə silahları ilə (!) məhv etməyə çağırış edib.


Bununla kifayətlənməyib, Telegram kanalında Azərbaycanın neft mədənlərinin nüvə silahı ilə məhv edilməsini təklif edərək, sorğu keçirməyə başlayıb.
Delyaqin Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaqla yanaşı, Rusiyanın cılız bir obrazını formalaşdırmaqla məşğuldur. Təsəvvür edin, özünü Amerika ilə müqayisə edən dövlətə təklif edir ki, cəmisi 11 milyon əhalisi olan Azərbaycanı tank-topla yox, məhz nüvə silahı ilə vursun. Rusiya bu günə qalıbmı? Bəlkə Delyaqin həm də dünyaya bu mesajı verib ki, Rusiya özünü tükədib, ümidi ancaq nüvə raketibə qalıb?!
Bir çoxları Delyaqini ciddi saymır. Elə Kremlin sözçüsü Dmitri Peskov da onun açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.

maxresdefault.jpg (79 KB)

Peskov Mixail Delyaqini emosiyalarına nəzarət etməyə və Azərbaycana münasibətdə dost olmayan bəyanatlarından çəkinməyə çağırıb: “Bu, şəxsi emosiyalar müstəvisində olan bəyanatdır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də tərəfdaşlarımıza münasibətdə, Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”.
Siyasi dəngələrə uyğun bir açıqlamadır.
Onu da qəbul edirik ki, Rusiyada Jiriniovskidən daha gic Delyaqinin və onun kimi digərlərinin olması mümkünsüz deyil. Böyük, əhalisi çox ölkədir, hər cür anormal adam ola bilər. (Yeri gəlmişkən, ötən ay Jirinovski ölüm yatağına düşəndə Delyaqinin adı onun partiyasının (LDP) sədrliyinə namizəd kimi hallanırdı...)

Bəs rəsmi dövlət kanalı niyə Delyaqinə ona belə hədyanları səsləndirməyə şərait yaradır? Özü də bir kanalda deyil. Adam son 24 saatda Rusiya mediasında dövriyyəyə buraxılıb. Mümkündür ki, bu Rusiyada hansısa siyasi dairənin marağındadır.
Rusiya rəhbərliyi bunu nəzərə almalıdır. Əgər rəsmi dövlət kanalında səslənən aqressiya Kremlin xəttinə ziddirsə, belə düşüncə də yaranır ki, bəlkə Kremldə artıq bir müxalif komanda yetişib?!

Bütün hallarda Rusiya nəzərə almalıdır ki, Delyaqinin açıqlaması Azərbaycanla RF müttəfiqliyi anlayışına, bəyannaməsinə daban-dabana ziddir. Habelə, davamlı olaraq Rusiya mediasının Azərbaycana qarşı həqarət dolu yazılar, rəylər verməsi şübhələr yaradır.

Əgər müstəqil olmayan Rusiya mediasında bu xətt davam edərsə, onda şübhələr əsaslı olacaq. İndiki halda isə hələlik onu deyə bilərik ki, Azərbaycan xalqı nə üçün belə hədyanlara tamaşa etməli, dinləməli, oxumalıdır?
Burada bir mühüm məqamı diqqətə çatdıraq. Rusiya öz ərazisində Azərbaycanın ən tirajlı saytlarını – Musavat.com, Minval.az, Haqqın.az, Oxu.az və digər media orqanlarına girişi bloklayıb. Səbəbini də elə izah edib ki, biz Ukraynanın yaydığı rəsmi xəbərləri də veririk...
Təsəvvür edin, Rusiyaya qarşı aqressiya nümayiş etdirməyən, sadəcə müstəqil şəkildə Ukraynanın yaydığı xəbərləri də dərc etdiyinə görə Azərbaycan saytlarına girişi əngəlləyib.

Elə isə Azərbaycan da ona qarşı hədyanları tirajlayan saytları, telekanalları həmən qapatmalıdır. Buna haqqımız var. Niyə Azərbaycan xalqı bu mənasız, iyrənc, təşviş yaradan hədələri eşitməlidir? Hökumətimiz bu məsələyə dair bir qərar versə, yaxşı olar.

 Elşad MƏMMƏDLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR