İnsanlara hürriyət, millətlərə istiqlal!

İT şirkətləri BU SƏBƏBDƏN uduzur - Ekspert DETALLARI AÇIQLADI

842 22.05.2024 17:15 Texnologiya A A

"Azərbaycandan olan hansısa bir İT şirkətin xaricdə biznes qurması üçün start vəziyyəti öncədən də digər qonşu ölkələrin start vəziyyətindən aşağıdır. Yəni bizim şirkətlərimiz öncədən uduzmağa, yaxud da daha az gəlir qazanmağa məhkum edilib".

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

osman.jpg (66 KB)

Ekspert vurğulayıb ki, bu, Azərbaycan şirkətlərinin xaricdə görəcəkləri işlə bağlı əldə etdikləri gəlirlərdən ölkəmizə müxtəlif vergilər verməsi ilə bağlıdır:

"Hansı ki, bu gün qonşu ölkələrdə xarici fəaliyyətdən əldə edilən bu tip vergilər ya yoxdur, yaxud da çox aşağıdır. Baxmayaraq ki, İT şirkətlərinin start vəziyyətləri rəqabətə davamsızdır, bununla belə, hazırda onlarla ölkələrdə, Asiya və Afrikada müəyyən biznes qura biliblər. Amma bu proses çox zəif gedir. Halbuki İT şirkətlərin rəqəmsallaşma və rəqəmsal hökumətlə bağlı əla vəziyyətdə olan, işlək həlləri var və bununla onlar rahatlıqla qonşu ölkələrin elan etdikləri tenderlərə qatılıb uğur qazana bilərdilər. Ölkəmizə də daha çox valyuta gətirə bilərdilər. Amma müşahidələr göstərir ki, son illərdə bu sektorda rəqabət xeyli kəskinləşib".

Ekspert bu sahə ilə bağlı öz təkliflərini də qeyd edib:

"Düşünürəm ki, İqtisadiyyat Nazirliyi və RİNN xarici bazarlara çıxmaq istəyən şirkətlər üçün münbit şərait yaradılmasında ciddi mövqe tutmalıdır, hökumətə təkliflər verilməlidir. Regional bazarların tenderlərində uğur qazanmaq üçün İT şirkətlərimizin ixracyönümlü məhsullarına və xidmətlərinə tətbiq olunan vergi yükü minimuma endirilməlidir. Fikrimcə, İRİA və KOBİA bu sahədə daha çevik və effektiv addımlar ata bilər. Bunlar çox tez bir zamanda olmalıdır.

Regional bazarlar getdikcə daha çox tutulur. Rəqabət kəskinləşir. Sonra bu bazarlara girmək daha çətin olacaq. Ümid edirəm, yetərincə aşkar görünən və şirkətlərimizin xarici bazarlara çıxışını məhdudlaşdıran bu problemin tez bir zamanda həllinə nail ola biləcəyik".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR