İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti xəbərdarlıq

3122 16.08.2022 09:50 Yazarlar A A

Əlaqədar təşkilatlar yenə vaxtında tərpəndilər, xalqa məlumat verildi: yaxın günlərdə hava çox isti olacaqdır. Təbii ki, temperatur 40 dərəcəni keçəndə əmək məcəlləmizə görə fəhlə və kəndlilərə istirahət verilir. Onlar müvafiq putyovka və turpaketlərlə təmin edilir. İstəyirsən, get Antalyada çim. İstəmirsən, Avstriyada operaya qulaq as. Nə bilim, Güney Amerikada Anhel şəlaləsinin altına uzan. Hər cür istirahət imkanları vardır.

Düzdür, bəzən fəhlə-kəndli sinfi özünü sovet hökumətinin vaxtındakı proletariat kimi hiss edir, daim işləməyə çalışır, beşillik planı üç ildə yerinə yetirmək, zəfərli günlərimizə töhfə vermək istəyir. Lakin hökumət, Əmək Müfəttişliyi, Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST mərkəzi və sairə əlaqədar orqanlar xalqı günün altından kölgəyə çəkir. Deyirlər işləməyin. Bu dayandığınız günlərin, saatların əvəzini, pulunu Neft Fondundan özümüz ödəyərik.

Bəlkə inanmazsınız, dünən gözümlə şahid olmuşam, əmək müfəttişləri günorta saatlarında hörgü hörən iki ustanı və küçə süpürən bir qadını zorla maşına basıb istirahətə apardılar. Ən ucuz biletlər, təbii ki, bizim aviasiya şirkətlərinə məxsusdur, onların vasitəsilə uçdular. Mən bir jurnalist olaraq xahiş elədim səfərin yekunları haqda məlumat versinlər,  idarədən canlı bağlantı qurdular, gördüm fəhlələr Bodrumun Yalıkavak bölgəsində yaxta turunda dincəlir. Süpürgəçi bacımız isə əsl müsəlman olduğu üçün çimərliyə getməyib, müqəddəs yerləri ziyarət etməyə üstünlük vermişdir, onu da Yerusəlim şəhərində ağlaşma divarının dibində gördüm.

İnşallah, payız gələndə, yağış selləmə tökəndə də zəhmətkeşlərimizə su xəbərdarlığı olunacaq, o zaman biz hökumətin ayırdığı qayıqlara minəcəyik. Külək əsəndə “başınıza ağac düşər, başı aşağı dolaşın”, qar yağanda “sürüşüb yıxılacağınız yeri əvvəlcədən icra hakimiyyətinə bildirin, ora döşək qoyaq”, zəlzələ gözlənilirsə “yarıqlara girməyin, girmək üçün əvvəlcədən xüsusi yerlər ayrılmışdır” kimi xəbərdarlıqlar alırıq.

Təbiətlə cəmiyyətin, cəmiyyətlə hökumətin bu qədər harmoniyasını, vəhdətini, sintezini heç bir yerdə tarix boyunca görən olmamışdır. Təbiətin qoynunda istirahət edirsən, səndən bir qəpik pul istəyən olmur. Yalnız meşədəsənsə çaqqalların müdafiəsi, dənizdəsənsə suitilərin nəslinin davam etməsi üçün müvafiq ödənişlər var. Çaqqallar və suitilər vacibdir. Özü də aparılan tədbirlər sayəsində bizdə çaqqal və suitilərin xüsusi, endemik, ikiqayaqlı növləri yaranmışdır. Hətta onlara da ayrıca istrahət guşələri verilir. Məsələn, bugünlərdə Abşeron yarımadasında ictimai çimərliklərə soxulmaq olduqca çətindir, hər kvadratmetrə 4 adam düşür. Suya kəllə vurursan, başın kiminsə qarnına girir, türkün məsəli. Quma uzanırsan, ayağın başqasının qucağında olur. Xalqımız qaynayıb-qarışır. Eyni zamanda isə baxırsan qonşuda bu ictimai çimərlikdən bəlkə on dəfə böyük ərazi hasarlanıb, tikanlı məftillər suyun içində yüz metr uzanır, mühafizəçilər atəş açmağa hazır, tank əleyhinə kirpilər, göydə dronlar uçur və sairə... Ancaq orada çimən yoxdur. Sadəcə, hasarlayıb çıxıb gediblər. Yəqin xaricdə dincəlmək üçün.

Yazını şairin misraları ilə bitirirəm:

“Vətəni sevməyən insan olmaz,

Olsa ol şəxsdə vicdan olmaz".

Di salamat qalın, çoxlu maye qəbul edin, su idarəsinə buna görə dərin və sərin minnətdarlığımızı bildiririk.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR