İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstənilən halda, artıq heç bir alternativ yol qalmayıb”

748 18.05.2022 18:00 Region A A


 

“Bu gün Azərbaycan və Ermənistan arasında sülh tam bərqərar olmasa da, elə ciddi müharibə ehtimalı yoxdur. Qeyd edildiyi kimi Paşinyan müharibə imitasiyası ilə məşğul olur, KTMT-ni ittiham edir, revanş istəyən müxalifətə xalqla bir yerdə olduğunu göstərməyə çalışır”.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu fikirləri Ermənistanın sülh prosesini pozmaq cəhdilə bağlı Musavat.com-a açıqlamasında söylədi.  O qeyd etdi ki, mitinqlər və çağırışlar da siyasi bir şounun tərkibində baş verir:

“Paralel olaraq Azərbaycanın təkliflərinə də müsbət reaksiya verilir,  komissiyaların təşkil edilməsi, onların iş qrafiki və digər məsələlər çətinliklə olsa da, aparılır. Əlbəttə, bu vəziyyət çox uzana da bilməz. Buna görə də Ermənistan daha çox maraqlı olmalıdır. Əsas problem kimi də heç vaxt Azərbaycanın razılaşmayacağı status məsələsi qabardılır. Ermənistan da başa düşür ki, bu, absurd bir tələbdir. Lakin iddia ediləcək bir məsələ olduğu üçün daim istifadə edilir. Ermənistan özü də dərk edir ki, heç vaxt yenidən qarşıdurmaya getməyəcək və təbii ki, buna nə maddi, nə hərbi, nə də mənəvi gücü yoxdur. Ancaq yenə də Rusiya və Avropadan dəstək gözləyir. Lakin bu dəstək verə biləcəklər də təbii ki, öz maraqlarını da nəzərə alaraq vasitəçilik və sair missiyasını yerinə yetirməyə çalışırlar. Biz birmənalı şəkildə bəyan etmişik ki, bu, iki tərəfin arasında olacaq. Çünki ortada hər hansı bir dövlət və yaxud qurum olanda artıq onların da öz maraqları olur. Bunu ATƏT-in Minsk Qrupunun həmsədrliyində, eləcə də digər məsələlərdə gördük”.



 A.Nağıyev bildirdi ki, sülh müqaviləsinin istər Moskvada, istərsə də Brüsseldə imzalanmasının Azərbaycan üçün heç bir fərqi yoxdur: “Hətta Rusiyanın danışıqlarda iştirakı texniki bir məsələ idi. Çünki o, xəritələr məsələsini ortaya qoymuşdu, eyni zamanda unutmaq lazım deyil ki, NATO ilə Rusiyanın sərhədi məhz Türkiyə-Ermənistan sərhədidir. Bu istiqamətdə Qərbin də təbii ki, öz maraqları var. Bu, nəqliyyat dəhlizlərinin açılması, eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi məsələsidir. Artıq delimitasiya və demarkasiya ilə bağlı komissiyanın tərkibi açıqlanıb. Eləcə də mərhələli şəkildə sülh müqaviləsinin imzalanmasına gedəcəyik. Bu gün əsas məsələ odur ki, prosesə start verilib və sülh sazişinin imzalanacağına ümidlər artıb. Təbii ki, biz Rusiya səfərindən sonra da öz qətiyyətli mövqeyimizdə, qalib mövqeyimizdə qalacağıq, yəni hər bir tərəf üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşmalıdır. Təbii ki, ermənilər və onların havadarları müəyyən xırda təxribatlara gedə bilərlər, lakin biz buna da hazırıq və öz məqsədimizə mütləq çatacağıq”.

Sosial Tədqiqatlar Mərkəzində baş məsləhətçi, politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan regionun qalıb dövləti kimi əsas şərtləri diktə edən tərəfdir: “Bu günə qədər ölkəmiz Cənubi Qafqazda sülh və sabitlik üçün bütün vacib faktorları elan edib. Təəssüflər olsun ki, Ermənistan xarici havadarlarının dəstəyi ilə regionu qarışdırmağa cəhd edir. Bu proses davamlı hal alıb. Ermənistanın Moskvada və Brüsseldə üzərində götürdüyü öhdəliklərdən imtina etməsi bizdə haqlı suallar yaradır. Əvvəla nəzərə almaq lazımdır ki, Ermənistan çevik davranmır, açıq şəkildə nümayiş etdirir ki, sabitliyin olmağında maraqlı deyil. Bu, həm Avropa İttifaqı, həm də Rusiyaya qarşı da açıq hörmətsizlikdir. Eyni zamanda Ermənistanın qeyri-obyektiv davranışlarında düşünürəm ki, xarici güclərin də mühüm təhrik elementləri var”.

 Şərhçi bildirdi ki, hazırda Ermənistan daxilində hakimiyyəti devirmək üçün bütün müxalif qüvvələr səfərbər edilib: “Aksiyalar Rusiya mediası tərəfindən böyük həvəslə tirajlanır. Belə olan təqdirdə Paşinyan “sorosçular” tərəfindən vədlər alır, eyni zamanda isə Rusiyadan tamamilə imtina edə bilmək müstəqilliyinə malik deyil”.

 Bununla belə, T.İsmayılov zənn edir ki, hazırda Azərbaycanla qarşıdurma Ermənistan üçün məqbul deyil: “Lakin xarici təsirlər və iqtidarın etibarsızlaşdırılması fonunda cəbhədə təxribatlar davamlı ola bilər. Ermənistan sülh sazişini istənilən halda imzalamağa məhkumdur. Onun heç bir alternativ yolu qalmayıb. Hesab edirəm ki, Ermənistana edilən təzyiqlər də xarici faktorların regionda daha aktiv yer almağı istəyinə də bağlıdır. Rusiya səfərindən sonra Ermənistan Avropa İttifaqı ilə müəyyən sərhədlər qoymağa məcbur ola bilər. Azərbaycan qlobal güc faktoruna çevrildiyi üçün sülhə məcburetmə taktikasından da istifadə edə bilər. İstənilən halda heç bir alternativ yol qalmayıb artıq”.

Politoloq İlyas Hüseynov isə hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülh çox kövrəkdir və bu durumdan rəsmi İrəvan məmnun görünür: “Çünki Azərbaycan tərəfinin irəli sürdüyü 5 maddəlik təklif Ermənistan tərəfindən qəbul edilsə də, Cənubi Qafqazda təhlükəsizliyə və sülhə təhdidlərini artırmaqda davam edən rəsmi İrəvanın daha sonra 6 təklifi destruktiv mahiyyət daşıyır. Ermənistan tərəfinin Azərbaycana qarşı ərazi iddiası olmamasının qeyd olunmasına rəğmən, “Dağlıq Qarabağ” ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onun statusunu müəyyən edilməsi kimi absurd ideyalar sülhə böyük zərbə vurur. Azərbaycan ərazisində yaşayan ermənilərlə bağlı bütün məsələlər Azərbaycanın daxili işidir və mübahisələndirilməməlidir. Rəsmi İrəvanın BMT Nizamnaməsi, beynəlxalq norma və sənədlər əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına dair sazişin bağlanması üçün danışıqlara başlamağa hazırlığını ifadə etməsi ilə yanaşı, Ermənistan tərəfinin danışıqların təşkili üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etməsi də göstərir ki, Ermənistan mənasız danışıqlar trekinə qayıtmağı məqbul sayır”.

İ.Hüseynov qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında nə sülh-nə müharibə vəziyyəti Ermənistana sərf edir və bu istiqamətdə revanşistlərin “xidmətlərindən” də istifadə olunur: “Populist və radikal kəsimi təmsil edən Ermənistan parlamentinin vitse spikeri İşğan Saqatelyanın təbliğatı və etiraz aksiyaları Ermənistan baş naziri Nikol Paşinyanı manevr etməyə vadar edir. Sülh sazişinin imzalanacağına ümidlər çox azdır. Azərbaycan öz qətiyyəti və siyasi iradəsi ilə nümayiş etdirir ki, sülh müqaviləsi mütləq imzalanmalı, sərhədlər müəyyənləşdirilməli və iqtisadi-nəqliyyat əlaqələri bərpa olunmalıdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR