İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD lideri İstanbulda ələ keçib - Onu hansı aqibət gözləyir?

883 28.05.2022 09:40 Gündəm A A

Ekspert: “Bu, ilk növbədə, Türkiyə polisi və kəşfiyyatının uğurudur”

“İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri Əbu əl-Həsən əl-Qüreyşinin İstanbulda xüsusi xidmət orqanları tərəfindən saxlanıldığı bildirilir. Türkiyə mediası yazır ki, xəbər rəsmi qurumlar tərəfindən hələlik təsdiq edilməyib. İddia edilir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD liderinin saxlanıldığını şəxsən elan edəcək.

İŞİD-in üçüncü “xəlifəsi” sayılan və əsl adı Cümə əl-Bədri olan Əbu Həsənin Bağdadinin böyük qardaşı olduğu düşünülür. İŞİD-in yeni rəhbəri Türkiyədə keçirilən polis reydinin gedişində saxlanıb. O, İslam Dövləti ekstremist təşkilatının rəhbərliyinə 2 ay bundan əvvəl gətirilmişdi. İŞİD Əbu əl-Həsən əl-Qureyşinin yeni “xəlifə” təyin edilməsinə dair məlumatı martın əvvəllərində yaymışdı. İŞİD-in bundan əvvəlki rəhbəri Suriyanın şimalında Türkiyənin nəzarətində olan İdlibdə ABŞ-ın keçirdiyi xüsusi hərbi əməliyyat nəticəsində öldürülmüşdü. Türkiyənin OdaTV saytı mayın 26-da xəbər verib ki, Əbu Həsən İstanbul polisinin və antiterror birliklərinin birgə keçirdikləri “tamamilə məxfi” əməliyyatda ələ keçirilib. İŞİD onun Bağuzdakı son istehkamı 3 il bundan əvvəl ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri tərəfindən zəbt olunduqdan sonra zəifləmiş bir təşkilatdır. Bu da qeyd olunur ki, İŞİD liderlərinin nüfuzu da onun ilk lideri Əbu Bəkr əl-Bağdadi öldürüləndən sonra getdikcə azalıb. Əbu Bəkr əl-Bağdadi 2019-cu ilin oktyabrında ABŞ-ın apardığı xüsusi əməliyyatın gedişində, gizləndiyi İdlibdə bombanı öz üstündə partlatmışdı.

Əbu Həsənin xələfi Əbu İbrahim əl-Haşimi əl-Qureyşi isə fevral ayında öldürülənə qədər bir yük maşını sürücüsünün evinin damında gizlənirdi. Onu “itkin xəlifə” adlandırırdılar.  Əbu Həsənin habelə İŞİD-in 5 üzvdən ibarət olan “şurasına” rəhbərlik etdiyi xəbər verilirdi.

2014-cü ildə “əl-Qaidə” kökləri üzərində təsis olunmuş İŞİD Suriya və İraqda geniş əraziləri ələ keçirmiş və burda radikal İslamın ən sərt qaydalarını tətbiq etmişdi. Qrup etnik və dini azlıqlara, habelə qadınlara münasibətdə qəddarlıq nümayiş etdirirdi. ABŞ və kürd qüvvələrinin başçılıq etdiyi anti-İŞİD koalisiyası qrupun 2017-ci ildə İraqda, 2019-cu ildə isə Suriyada tamamailə məhv edildiyi barədə məlumat vermişdi. Hazırda qruplaşmanın qalıqları məxfi həyat tərzinə keçib və onun ayrı-ayrı üzvləri Yaxın Şərq boyunca təhlükəsizlik xidmətləri tərəfindən axtarılır. Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 2014-cü ildə İraq Şam İslam Dövlətini (İŞİD) elan etmişdi.

Türkiyə İstanbulda ələ keçmiş İŞİD lideri ilə nə edəcək? Onu hansı aqibət gözləyir? Əbu əl-Həsən əl-Qüreyşi İstanbula gizli səfəri nə ilə əlaqəli olub?

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Yaxın Şərq və dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, İŞİD lideri Əbu Həsən əl-Qureyşinin İstanbulda polis və kəşfiyyat orqanları tərəfindən həbs olunması ilə bağlı xəbəri Türkiyə mediası, daha dəqiqi ODA TV saytı yayıb: “Hələlik rəsmi bir açıqlama yoxdur. Sayt iddia edir ki, yaxın günlərdə prezident Ərdoğan bununla bağlı açıqlama verəcək. Məlum olduğu kimi, İŞİD-ə 2014-19-cu illərdə rəhbərlik etmiş Əbu Bəkd əl-Bağdadi 2019-cu ildə Suriyanın şimalında yerləşən İdlib vilayətində, Türkiyə ilə sərhədə yaxın ərazidə ABŞ ordusu xüsusi təyinatlıların əməliyyatı zamanı özünü partladıb öldürmüşdü. Onun yerinə keçən Əbu İbrahim əl-Haşimi əl-Qureyşi isə 2022-ci ilin fevralında yenə İdlib vilayətində ABŞ ordusunun əməliyyatı zamanı məhv edilib. Əbu Həsən əl-Qureyşi təşkilatın belə demək olarsa 3-cü lideri idi. İki ay əvvəl İŞİD lideri kimi elan olunub. Onun dövründə İŞİD-in İraq və Suriyada bir neçə hücumu qeydə alınıb. Bir də Əfqanıstan İŞİD-i, başqa adlı İŞİD-K, yəni Xorasan qruplaşmasının fəallığı müşahidə olunub. Əgər xəbər təsdiqlənərsə, bu ilk növbədə Türkiyə polisi və kəşfiyyatının uğurudur. Amma eyni zamanda Qərbdən Ankaraya qarşı ittihamlara səbəb olacaq. İŞİD lideri necə olur ki, İstanbula qədər gəlib çıxa bilir, bu prosesdə hansı vasitəçilər, dövlət adamlarının rolu olubmu və sair. Yəni bu xəbərin təsdiqlənməsi uzun zaman müzakirə mövzusu ola bilər.

Türkiyənin İŞİD ldierinə verəcəyi cəzaya gəlincə isə  Türkiyə dövləti 2013-cü ildə İŞİD-i rəsmi olaraq terror təşkilatı kimi tanıyıb. İŞİD-in təkcə Türkiyə ərazisində 10-dan çox terror aktı törətdiyi və bu hadisələr zamanı içərisində mülki əhali və dövlət məmurları da olmaqla 200-dən çox insanın öldüyü məlumdur. Buna görə də İŞİD lideri Türkiyə vətəndaşlarına qarşı cinayətlərə imza atmış təşkilatın sədri kimi mühakimə olunacaq və onu ağır cəza gözləyir.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR