İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Putinə qarşı inanılmaz demarş: Ermənistana gəlsə, həbs ediləcək? - Kremlin cavabı...

1475 20.06.2023 09:31 Siyasət A A

“Sorosun uşaqları” öz “ağa”larının üzünə ağ olurlar; deputat: “Ermənistandan hər şey gözləmək mümkündür”; STM əməkdaşı: “Bu ölkə Rusiyanın vassalıdır”

Rusiyanın vassal Ermənistanla münasibətləri yetərincə gərgin olaraq qalır. Həftəsonu səfir Sergey Kopırkinin Ermənistan XİN-ə çağırılması bunun növbəti bariz sübutu sayıla bilər.

Erməni KİV-nin məlumatına görə, Kopırkinə iyunun 15-də Laçın postundakı insidentlə bağlı narazılıq bildirilib. Guya həmin vaxt Rusiya sülhməramlıları Azərbaycan sərhədçilərinə körpünün Ermənistana aid hissəsində bayrağımızı qaldırmağa kömək ediblər. İrəvan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinə Rusiya sülhməramlılarının dünən Həkəri körpüsü yaxınlığında baş vermiş insidentdə iştirakı ilə bağlı hədsiz narazılığını bildirib. Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb. Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi insidentin bütün hallarının müəyyən edilməsi və vəziyyəti həll etmək üçün bütün tədbirləri görməyə çağırıb. Ermənistanın “ağa”sı Rusiyaya “buynuz” göstərməyə çalışması absurdluğun son həddi sayıla bilər. Vaxtaşırı Rusiyanı şantaj edərək, nələrsə qoparmağa çalışan rəsmi İrəvan buna nail olmadıqda, “boyundan yuxarı tullanmağa” çalışır. Amma təkcə rus diplomata etirazla bitmir söhbət...

Maraqlıdır ki, eyni gündə erməni mediası hökumətin mətbuat xidmətinə istinadən xəbər yayıb ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini ratifikasiya etmək üçün parlamentə göndərəcək. “Yeni Müsavat” xatırladır ki, 2022-ci ilin sonunda Ermənistan Nazirlər Kabineti BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası prosesinə başlayıb və bunu da onunla izah edib ki, İrəvan əsasnaməyə qoşulandan sonra Azərbaycanın Ermənistana və onun əhalisinə qarşı “təcavüzü” və “hərbi cinayətləri” məsələsini BCM-də qaldıra biləcək. 24 mart 2023-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin ölkənin Əsas Qanununa uyğun olduğunu bəyan edib. Martın 27-də isə TASS öz mənbələrinə istinadən İrəvanın Roma Nizamnaməsinə qoşulmaq planlarına Moskvanın son dərəcə mənfi baxdığını və Ermənistana arzuolunmaz nəticələr barədə xəbərdarlıq edildiyi barədə məlumat yayıb. Diqqətçəkəndir ki, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı BCM-in Rusiya rəhbərliyinin, konkret olaraq V.Putinin həbsinə order vermək qərarı fonunda gəlib. Daha sonra XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva vəziyyətin müttəfiqlik yolu ilə həllinə ümid edir. Bunun ardınca, aprelin 3-də isə Ermənistan parlamentinin spikeri Alen Simonyan müsahibəsində ratifikasiya məsələsindəki tələskənliyə qarşı çıxış edərək deyib ki, bu gün müəyyən səmərəliliyi olmayan bu addım Rusiyaya münasibətdə yanlış olardı. Ancaq göründüyü kimi, rəsmi İrəvan, hər halda, geri addım atmayıb və Roma Əsasnaməsini parlamentdə ratifikasiya eləməkdə israrlıdır. Bu isə Kremlə qarşı əsl de-marşdır. Çünki o halda Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı həbs qərarı Ermənistan üçün də məcburi olacaq. Yəni Putin ora getsə, saxlanmalıdır. Ermənistan buna risk edə, Putin isə acığa İrəvana gedərmi? Moskvanın vassal ölkəyə cavabı nə olacaq?

Bu yerdə əlavə edək ki, Azərbaycan və Türkiyə BCM-in Roma Əsasnaməsinə qoşulmayıb. Yəni Ermənistanın BCM-də ölkəmiz əleyhinə iddia qaldırmasının heç bir perspektivi yoxdur.

“Hesab edirəm Ermənistan rəsmilərinin bu açıqlamaları və addımları bir daha onu göstərir ki, Ermənistan güvəniləsi və etimad göstəriləsi tərəf deyil. Biz davamlı olaraq Ermənistanın müxtəlif siyasətçilərinin Rusiyanın əleyhinə yönəlmiş açıqlamalar verdiklərinin, Ermənistanın paytaxtında mitinqlərin təşkil olunduğunun şahidi oluruq. Bu baxımdan, Ermənistandan hər şey gözləmək mümkündür. Rusiyadan çəkinməsələr, bu ölkənin prezidentini həbs də edərlər”.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, Rusiya rəsmiləri bunu nəzərə almalıdırlar: “Bir tərəfdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dürüst və səmimi siyasət həyata keçirən Azərbaycan, digər tərəfdə də xəyanətkar Ermənistan var. Rusiya onlara nə qədər dəstək versə, yeni də ondan narazı qalacaqlar. Onların düşüncəsinə görə, rus əsgərləri Ermənistan ordusunun yerinə Azərbaycanla döyüşməlidirlər. Azərbaycan və Ermənistan sözügedən sənədə qoşulmayıblar. Ermənistan da qoşulmaya bilər. Ancaq onların daxilində olan digər xalqlara düşmənçilik hissləri və qərəzli münasibət buna imkan vermir”. C.Məmmədov xatırlatdı ki, Ermənistan bir həqiqəti anlamalıdır: “Rusiya heç zaman onu başlı-başına buraxmayacaq. Etdikləri hər bir əməlinin cavabını misli ilə alacaqlar”. Millət vəkili qeyd etdi ki, Azərbaycan doğru yolla irəliləyir, qonşuları ilə münasibətlərini qorumağa davam edir.

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, bəzi beynəlxalq normalar dövlətlərin daxili işinə qarışmaq, maraqlarına uyğun gəlməyən qərarlar vermək, müəyyən məqamlarda isə başqalarına qarşı təzyiq vasitəsi kimi istifadə olunur: “Roma Əsasnəməsini də bu kateqoriyaya daxil etmək olar. Ermənistan indi "çoxbilmişliyindən" tələyə düşüb. Bu ölkədən Rusiyaya qarşı istifadə etmək istəyirlər. İnanmıram ki, Ermənistan rejiminin Putini həbs etməyə cəsarəti çatsın. Əgər cəhd edərlərsə, əks reaksiya ilə üzləşə, hakimiyyəti itirə bilərlər".

A.Nağı bildirdi ki, Ermənistan hüquq-mühafizə orqanlarında Putinin təsir imkanları bəlkə də Paşinyanın təsir imkanlarından üstündür: “Ermənistanın əksər strukturlarında Rusiyanın "beşinci kolon"u, təsir agentləri mövcuddur. Moskva yəqin ki, qabaqlayıcı addımlar atacaq. Azərbaycan üçün də təhlükəli bir şey yoxdur".

“Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini təsdiq edərsə, təbii ki, bu, Rusiyaya mesaj xarakterlidir: “Nikol Paşinyanın bütün siyasi addımları anti-Rusiya mahiyyəti daşıyır və Roma əsasnaməsini də təsdiq edilməsi bu fondadır. Rusiya Ermənistanın belə bir əsasnaməni təsdiq etməsinə sərt reaksiya verəcək. İlk növbədə Ermənistan Rusiyanın müttəfiqidir və belə bir müttəfiqin Rusiyaya qarşı qanunu təsdiq etməsi düşmənçilikdir, həmçinin müttəfiqliyin İrəvan tərəfindən sona çatdırılmasıdır”. Ekspert hesab edir ki, Ermənistan hakimiyyətinin əsas strategiyası Rusiyanı Ermənistandan tam çıxarmaqdır: “Moskva belə bir qərara kəskin addım atacaq. Ermənistana iqtisadi və enerji sanksiyaları tətbiq edə bilər. Nəzərə alaq ki, məhz Ermənistan iqtisadiyyatı Rusiyaya qarşı sanksiyalar fonunda, bundan yayınaraq dirçəlib. Rusiya bunu İrəvana qadağan edə, həmçinin qazın qiymətlərini bahalaşdıra, Ermənistan məhsullarına qadağalar tətbiq edə bilər”.

M.Əsədullazadə qeyd etdi ki, Roma Əsasnaməsinin təsdiq edilməsi heç də Azərbaycana qarşı cinayətin açılması ilə nəticələnə bilməz: “Ümumiyyətlə, Azərbaycan Ermənistanı cəzalandıra bilər. Çünki 30 il vandalizm, etnik təmizləmə və işğal siyasəti aparıb. Ona görə də bu, yalnız Rusiyaya aiddir. Fikir versək, Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verdikdən sonra Ermənistan da Roma hüququnu təsdiq edəcəyini elan etdi. Əgər Ermənistan belə bir hüququ təsdiq edərsə, Putin nümayişkaranə şəkildə İrəvana gəlib, məhz Ermənistanı pat vəziyyətində qoy bilər. Çünki Ermənistan Rusiya prezidentini həbs etmək gücündə deyil. Bununla da Ermənistanın necə bir forpost olduğunu BCM görə bilər”. Politoloq hesab edir ki, Ermənistanın belə bir qanunu təsdiq etməyə həvəslənməsi bu ölkədə guya “demokratik” sistemin mövcudluğunun nümayişidir: "Halbuki Paşinyan hökuməti bununla özünü gülünc vəziyyətə qoyur. Ermənistan beynəlxalq birlikdə müstəqil olmayan, kriminal və işğalçı, Rusiyanın forpostu kimi tanınır. Nikol Paşinyanın demokratik oyunları simvolik məna daşıyır. Cənubi Qafqaz regionunda, xüsusilə Gürcüstanın timsalında belə bir demokratik oyunların şahidi olduq. Ermənistan kiçik və Sorosun adamı orada müvəqqəti hakimiyyətdədir. Bu ölkədə beynəlxalq demokratik ənənəni tətbiq etmək mümkün də deyil".

Azərbaycanda dünya səviyyəli tədbirlərin keçirilməsi bir ənənə halını alıb- Tural  İsmayılov - "İki sahil"

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov əminliklə bildirdi ki, Ermənistanın Putini həbs etmək iradəsi əsla mövcud ola bilməz: “Bu ölkə Rusiyanın vassalıdır. Sorosçuların hakimiyyəti dövründə belə, Ermənistanın Rusiyadan qurtulmaq şansı yoxdur. Paşinyan hakimiyyəti istənilən bir bəhanə ilə BCM məsələsini dəyişik şərh edə bilər. O baxımdan nəzərə almalıyıq ki, Putinin Ermənistana müstəqil bir dövlət kimi, ümumiyyətlə, hörməti mövcud deyil. Biz bilirik ki, beynəlxalq hüquq, ümumiyyətlə, oyuncağa çevrilib. Hər kəs ondan öz məqsədləri naminə istədiyi kimi istifadə edir. Ermənistanın BCM qarşısında hansısa öhdəlikləri olsa da, siyasi hakimiyyət bunu istədiyi kimi manipulyasiya edə bilər. Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarını ratifikasiya etməsi, təbii ki, bu qərara uyğun olaraq hüquqi tərəf kimi görünür. Amma bu gün Ermənistanın elə bir siyasi gücü, yükü və müstəqilliyi yoxdur ki, o, Rusiya prezidentinin Ermənistana səfəri zamanı onu həbs edib, hansısa tribunallara versin”. T.İsmayilov hesab edir ki, Haaqa Tribunalında Putin haqqında çıxarılan qərar bütövlükdə Rusiya-Ukrayna müharibəsinin taleyi, həmçinin Rusiyanın Ukraynada törətdiyi fəlakətlər və tələfatlar fonunda çox vacibdir: “Amma eyni zamanda çıxarılan bu qərarın böyük mənada dəyişikliklərə səbəb olacağını düşünmürəm. Həm də Rusiya rəhbəri hansı ölkələrdə həbs təhlükəsi olduğunu yaxşı başa düşür. Ancaq istənilən halda, Ermənistanın bu addımı Rusiyaya qarşı növbəti zərbə hesab edilə bilər və düşünürəm ki, son dövrlər davam edən bu şıltaqlıqlarına görə Rusiya Ermənistana daha kəskin, daha sərt reaksiya verməyi bacarmalıdır”.

Rəsmi Moskvanın Ermənistanın özünü “küçə uşağı” kimi aparmasına necə reaksiya verəcəyi maraqlıdır. Hər halda, Rusiyanın məsələyə sıradan bir hadisə kimi yanaşıb, üstündən keçəcəyini zənn etmək olmaz. Gözləyək...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR