Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın regiondakı hərbi-iqtisadi rıçaqları barədə xəbərdarlıqlarından sonra, bölgədə reallaşdırılması nəzərdə tutulan və "Tramp marşrutu" (TRIPP layihəsi) adlandırılan strateji nəqliyyat dəhlizi ilə bağlı rəsmi Moskvaya yönəlmiş yumşaq tonda diplomatik bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan jurnalistlərin suallarını cavablandırarkən rəsmi İrəvanın həm Qərbin bu nəhəng nəqliyyat layihəsində iştirak etmək, həm də Avrasiya İqtisadi İttifaqı (AVROASİYA) qarşısındakı öhdəliklərini qorumaq strategiyasından danışıb. Nazir müavini layihənin icrası zamanı Rusiya ilə hər hansı bir böhranın yaşanmadığını iddia edərək vurğulayıb: "Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü fonunda "Tramp marşrutu"nun necə reallaşdırılacağı məsələsinə gəldikdə, hazırkı mərhələdə bu istiqamətdə Rusiya Federasiyası ilə birgə işimizdə heç bir problem və ya anlaşılmazlıq mövcud deyil".
Erməni diplomat layihə çərçivəsində ölkə ərazisindən keçəcək yüklərin və tranzitin yoxlanılması mexanizminə də toxunaraq, suveren hüquqların qorunacağına işarə edib: "Avrasiya İqtisadi İttifaqının qaydalarına uyğun olaraq həyata keçiriləcək bütün gömrük prosedurları birbaşa Ermənistanın öz gömrük orqanları tərəfindən icra ediləcək. Biz bu məsələdə hər hansı bir qaranlıq məqam, problem və ya sual görmürük".
Musavat.com






