İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana sanksiya əvəzinə sığal - Qərbin daha bir “ikili standartı”

911 05.12.2023 11:53 Siyasət A A

Ermənistandan Rusiyaya sanksiyalı malların daşınmasında İran əsas rol oynayır; ABŞ və Avropa rəsmi İrəvanın RF ilə şübhəli ixrac əməliyyatlarına göz yumur - faktlar

“Ermənistan Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) sanksiyalarından yan keçməyə kömək edir. Bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Aİ ölkələrindən Ermənistana məhsul ixracının kəskin artması sübut edir”.

Bu sözləri Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, “Goldman Sachs”ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks “X” sosial şəbəkəsində yazıb: “Siz Avropa Birliyində nə baş verdiyini düşünməlisiniz. Putinin Ukraynaya müdaxiləsi Avropa İttifaqının müdafiə etdiyi hər şey üçün böyük təhlükədir. Amma buna bənzər çoxlu misallar var: işğaldan sonra Aİ-nin Ermənistana ixracı 200 faiz artıb. Bu mallar Rusiyaya gedib və Putinə kömək edir. Brüssel nə edir?”

R.Bruks yazdıqlarına Rusiyanın Ukraynaya hücumundan sonra Aİ-dən Ermənistana ixracın 4-5 dəfə artdığını göstərən qrafik də əlavə edib...

Qeyd edək ki, Bruksun yazdığı tam reallıqdır: 2022-ci ilin oktyabrından bu ilin avqustuna qədər Qərb mətbuatında vicdanı olan onlarla müəllif Ermənistanın Rusiyaya sanksiyalı malların çatdırılmasında əsas həlqələrdən biri olduğuna dair materiallar hazırlayıb. Bu materialların əksəriyyətində məhz Qərb ölkələrinin statistika orqanlarının rəsmi məlumatlarına istinadən Ermənistanın ABŞ başda olmaqla, sanksiya tətbiq edən dövlətlərdən yüz milyonlarla dollarlıq sanksiyalı malları alaraq Rusiyaya satdığına dair faktlar yer alıb. Lakin indiyədək 2-3 Ermənistanda qeydiyyatdan keçən, lakin Rusiya vətəndaşlarına məxsus olan şirkət sanksiyaya məruz qoyulub. 

Ermənistanın Rusiyadan alıb sonra ixrac etdiyi brilyantların, digər qiymətli daşların dünya bazarına çıxarılmasında Birləşmiş Ərəb Əmirlikləri mühüm rol oynayır. ABŞ BƏƏ mənşəli çoxsaylı şirkətləri sanksiya siyahısına daxil edib. ABŞ Maliyyə Nazirliyi noyabrda BƏƏ-də qeydiyyatdan keçmiş 365 Days Freight Services FZCO, Alcotech International Trading, Alfa Logistics FZCO, ARX Financial Engineering Limited, Bliksem Computers and Requisites Trading Company MMC, Dream Lite Trading MMC, Dubai Sea Breeze, Flavic FZE, Globe Trekkers MMC, Hyperel FZCO, Kobolt Trading FZ LLC, Mobitronix MMC, SM Distribution Inc FZCO, Solinvest LTD (Əbu-Dabi), TCH Consultancy şirkətlərini qara siyahıya salıb. Onların əksəriyyəti Dubayda, ikisi - Solinvest LTD və TCH Consultancy Əbu-Dabidə, daha ikisi - Flavic FZE və Kobolt Trading FZ LLC müvafiq olaraq Şarja və Ras Əl-Xaymədə qeydiyyatdan keçib.

Rusiya brilyantlarının idxalını, ticarətini qadağan edən ABŞ bu məhsulların kütləvi reixracına görə Ermənistana hələ də ciddi bir təpki göstərməyib. 

Bundan əlavə, noyabr ayında ABŞ Türkiyə mənşəli 4 şirkəti, 2 fiziki şəxsi qara siyahıya salıb. Eyni zamanda Qazaxıstana təzyiqlər artırılır ki, sanksiyalı malların öz ərazisindən Rusiyaya reixracının qarşısını alsın. Noyabrın son günlərində Avropa İttifaqının sanksiyalar üzrə məsul şəxsi David O’Sallivan Mərkəzi Asiya ölkələrində olaraq, sanksiyalı malların Rusiyaya çatdırılması məsələsini müzakirə edib. Daha sonra onun Gürcüstan və Ermənistana getməsi nəzərdə tutulurdu.  Hələlik Aİ müfəttişinin İrəvana çatıb-çatmadığı məlum deyil. Amma səfər baş tutarsa, bu, O’Sallivanın cari il ərzində Ermənistana 3-cü səfəri olacaq. Maraqlıdır ki, Gürcüstan mətbuatında Aİ rəsmisinin Tiflisə səfəri barədə maraqlı versiya irəli sürülür. Gürcü ekspertlər bildirirlər ki, İrəvana təzyiq göstərmək istəməyən Qərb dövlətləri Gürcüstanı sıxırlar ki, ermənilərin Rusiyaya sanksiyalı malların öz ərazisi ilə daşınmasının qarşısını alsın. Halbuki Ermənistandan Rusiyaya sanksiyalı malların daşınmasında İran əsas rol oynayır: avqust ayında müstəqil mətbuata danışan erməni tacirlər qadağan olunmuş böyük malları Rusiyaya məhz İran üzərindən çatdırdıqlarını demişdilər. Gürcüstanın Rusiya ilə əsas sərhəd-keçid məntəqəsi olan Yuxarı Larsın ötürücülük gücü Ermənistandan daşımaları vaxtında reallaşdırmaq üçün yetərli deyil.

Aİ rəsmisi ABŞ və Böyük Britaniyadan olan məmurlarla birlikdə Mərkəzi Asiya və Cənubi Qafqaza gedərkən ABŞ maliyyə nazirinin müavini Brayan Nelson Ankaraya yollanıb. Məqsəd eynidir: Rusiyanın hərb sənayesində istifadə edə biləcəyi Qərb məhsullarının bu ölkəyə çatdırılmasının qarşısını almaq. Bu halda məntiqli bir sual yaranır: sənayesi tənəzzüldə olan bir ölkəyə yüz milyonlarla dollarlıq mikroçipləri, elektron avadanlıqları, nəqliyyat vasitələri və onlar üçün detalları satarkən onların hara gedəcəyini bilmək çoxmu çətindir?

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 28 % azalıb

Avropa və ABŞ müfəttişlərinin diqqətinə Ermənistanın 9 aylıq xarici ticarət statistikasını çatdırmağa ehtiyac var. 

Axı İrəvan rəsmiləri Rusiyaya reixracdakı artımı özləri öz dilləri ilə deyirlər?! Ermənistanın maliyyə nazirinin müavini Vaan Sirunyan noyabrda parlamentdəki müzakirələr zamanı bildirib ki, bu ilin yanvar-sentyabrında Ermənistandan Rusiyaya ixrac illik ifadədə 80,6 faiz artıb və bu artımın 85 faizi məhz reixracın hesabına əldə olunub. Ermənistanın özündə istehsal olunan məhsulların ixrac artımında payı cəmi 4.4 faiz təşkil edib.

Rəqəmlərə nəzər yetirsək, görərik ki, 9 ayda Ermənistanın Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsi 4,8 milyard dollar təşkil edib. Bu, illik ifadədə 47,7 faiz artım deməkdir. Ermənistan-Rusiya ticarətində bu ilin iyunundan bəri İrəvanın xeyrinə müsbət saldo yaranır və yanvar-sentyabrda bu göstərici 509,2 milyon dollara çatıb. 

Ümumilikdə 9 ayda Ermənistan ABŞ (2 dəfə), BƏƏ (2,3 dəfə) və bir çox Aİ ölkələri ilə (2-2,2 dəfə) xarici ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırıb. BƏƏ və ABŞ Ermənistanla xarici ticarətin həcminə görə TOP-5-də yer alıblar. Statistik məlumatlara görə, Ermənistanla xarici ticarət dövriyyəsinə görə TOP-5-də Rusiya liderlik edir, Çin ikinci, BƏƏ üçüncü, ABŞ dördüncü, İran beşinci yerə yüksəlib. 6-cı və 7-ci mövqelərdə Almaniya və İtaliyadır.

BƏƏ Ermənistanla xarici ticarət dövriyyəsinə görə 3-cü mövqeyə yüksəlib -  qarşılıqlı ticarət dövriyyəsinin həcmi illik 2,3 dəfə artmaqla 726,3 milyon dollar təşkil edib. Bu zaman Ermənistandan BƏƏ-yə ixracın həcmi illik müqayisədə 2,4 dəfə artaraq 665,5 milyon dollara (2-ci yer), idxalın həcmi isə 56,6 faiz artaraq 60,8 milyon dollara çatıb. 

Ermənistanın xarici ticarət dövriyyəsində aparıcı tərəfdaşı Rusiyadır

ABŞ Ermənistanla xarici ticarət dövriyyəsinə görə 4-cü yerdə, idxalın həcminə görə 3-cü yerdədir. Yanvar-sentyabrda qarşılıqlı ticarət dövriyyəsinin həcmi ixrac dinamikasının pisləşməsi, idxalınsa davamlı artımı hesabına illik 2 dəfə artımla 548,4 milyon dollara çatıb. Bu zaman İrəvanın ABŞ-a ixracı 40 faizədək azalmaqla 35,3 milyon dollar olub, ABŞ-dan idxal isə 2,3 dəfə artaraq 513,1 milyon dolları ötüb. 

Doqquz ayda Ermənistanın ABŞ, İran, Almaniya, Niderland və digər ölkələrə ixracında kəskin azalma diqqəti cəlb edir. Bu, təbii bir proses olmaqla, ölkə iqtisadiyyatının əsas sektorlarında, xüsusilə sənaye istehsalındakı geriləmə ilə bağlıdır. İxrac yalnız o ölkələr üzrə artıb ki, Rusiyadan reixrac var. Belə ölkələrdən biri BƏƏ-dir. 

Ermənistanla xarici ticarətdə ilk beş lider arasında üç ölkə mənfi saldoya, Rusiya və BƏƏ isə kimi müsbət saldoya malikdir. Belə ki, Ermənistanla Çin arasında xarici ticarətin mənfi saldosu 37,7 faiz artaraq 921,9 milyon dollara, ABŞ-la 3 dəfə artaraq 477,8 milyon dollara, İranla 9 faiz artaraq 356,3 milyon dollara çatıb. 

Ümumilikdə, 2023-cü ilin yanvar-sentyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ixrac 45,8 faiz artaraq 13,6 milyard dollar təşkil edib. O cümlədən idxal 46,4 faiz artmaqla 8,5 milyard dollar, ixrac isə 44,8 faiz artmaqla 5,1 milyard dollar təşkil edib.

Xarici ticarət dövriyyəsinin saldosu 34% azalıb

Avropa İttifaqına gəlincə, Ermənistanın birlik ölkələri ilə xarici ticarət dövriyyəsi artmaqda davam edir. Aİ ölkələrindən Almaniya, Avstriya, Danimarka, Polşa, Fransa, İtaliya və Kiprdən idxal ixracdan daha çox artıb. Qalan ölkələrlə həm ixracda, həm idxalda artım qeydə alınıb. 

İrəvanın açıqladığı rəsmi statistikadan o da aydın olur ki, Ermənistanın idxal-ixracında üstünlük eyni mal qruplarındadır: “maşın və mexanizmlər, avadanlıqlar” , “yerüstü, hava və su nəqliyyatı vasitələri”, “qiymətli və yarımqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatlar”. Hansı ki, bunların heç birinin Ermənistanda istehsalı inkişaf etməyib, Rusiyanın Ukraynaya hücumundan əvvəl belə məhsulların İrəvanın ixracında payı çox cüzi olub. 

Onu da bildirək ki, son 2 ayda Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsini bəzi ekspertlər diqqətin sanksiyalı malların reixracından yayındırılması üçün qurulan oyun kimi dəyərləndirirlər. Lakin iqtisadi göstəricilər, real mənzərə bu ehtimalın reallıq payının çox cüzi olduğunu göstərir. Rusiya İrəvanın özünə qarşı demarşlarına iqtisadi rıçaqlarla cavab verməyə başlayıb: ilk olaraq Ermənistan konyak məhsullarının Rusiyaya ixracı kəskin şəkildə məhdudlaşdırılıb. Noyabrın üçüncü ongünlüyündən isə Ermənistandan kənd təsərrüfatı məhsullarının da idxalına qeyri-rəsmi qadağa tətbiq olunur. Yuxarı Lars keçid məntəqəsindən yalnız Rusiyaya lazım olan mallar buraxılır, kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınları isə fitosanitar təhlükə aşkarlanması bəhanəsi ilə geri qaytarılır. Ermənistan buna cavab olaraq sanksiyalı malların Rusiyaya reixracını dayandıra bilərmi? Bu, kifayət qədər riskli addım olar: bu ilin 9 ayındakı 9,2 faizlik iqtisadi artımın 80 faizdən çoxu ticarət və xidmət sektorunun hesabına əldə olunub. Rusiyaya reixracın dayandırılması Ermənistan iqtisadiyyatında kollaps yarada bilər. Buna görə də İrəvanın Qərbdən ciddi maliyyə dəstəyi təminatı almadan buna gedəcəyi real görünmür...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR