İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan qaynayır: Paşinyan gedir, general Karapetyan gəlir...

3545 15.05.2024 11:40 Siyasət A A

Ermənistandakı “kilsə inqilabı” nə ilə nəticələnəcək?; revanşçı qüvvələrin hərəkətə keçməsi bu ölkənin varlığını sual altına qoyacaq təhlükəli sonluqla bitə bilər; ekspertlərdən ilginc təhlillər və proqnozlar

Erməni mediası Paşinyanın istefa verəcəyi halda Ermənistanın baş naziri postuna mümkün namizədlərin siyahısını təqdim edib. Təəccüblüsü budur ki, baş nazir postuna keşiş Baqrat Qalstanyan favorit namizədlərdən sayılır.

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etirazçılar bir neçə günlük 160 kilometrlik yürüşdən sonra, mayın 9-da paytaxt İrəvana daxil olub və etiraz aksiyaları keçirirlər. Qalstanyanın böyük ictimai dəstəyi və qeyd-şərtsiz səlahiyyətinin olması, heç bir siyasi partiyanı təmsil etməməsi üstünlüklərdən biri kimi dəyərləndirilir. Lakin keşişin ikili vətəndaşlığı onun iddia etdiyi vəzifədə təmsil olunmasını əngəlləyə bilər. Digər namizəd isə Ermənistan Silahlı Qüvvələrinin 3-cü korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovdur.

Bu arada, Ermənistanda kilsə ilə Paşinyan hökuməti arasında gərginlik getdikcə artmaqdadır. Keşiş Baqrat Paşinyan da daxil, onun hökumətinin istefasını istəyir. Hələ bir müddət əvvəl Ermənistan mediası hakim partiyada Paşinyanın mümkün varisləri sırasında xarici işlər naziri Ararat Mirzoyananın adını çəkirdi. Bildirilirdi ki, Ararat Mirzoyan bütün addımlarını Paşinyanla razılaşdırır, hətta dar dairədə fikir ayrılığını gizlətmir və bir çox mübahisəli məsələlərdə ona müqavimət göstərməyə belə cəhd etmir. Mənbələr bildiriblər ki, Mirzoyan konstitusiyanın dəyişdirilməsinə, Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasına qarşı olsa da, öz etirazını dilə gətirmir. Qəzet qeyd edir ki, bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında Ararat Mirzoyan konstitusiyanın sülh prosesinin dayanmasına səbəb olub-olmaması ilə bağlı suala cavab verərkən konstitusiyanın Azərbaycanın tələbi ilə dəyişdirildiyini rədd edib. Lakin daxili müzakirələrdə “lider”in əleyhinə danışmaqdan qorxur.

Maraqlıdır ki, Rusiyaya bağlılığı şübhə doğurmayan general-mayor Arşak Karapetyanın baş nazirliyə namizədliyi haqda danışılmağa başlanıb. Ermənistanda keçmiş müdafiə naziri Arşak Karapetyan ötən ay yeni partiya yaradıb. Sabiq nazirin partiyası Ümumerməni Cəbhəsi Partiyası adlanır. Karapetyan 2016-cı ilin aprel döyüşlərində yol verdiyi nöqsanlara görə, ovaxtkı prezident Serj Sərkisyanın əmri ilə silahlı qüvvələrin kəşfiyyat rəisi vəzifəsindən azad edilib. 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra o, 3 il baş nazir Paşinyanın müşaviri işləyib. 2021-ci ildə müdafiə naziri vəzifəsinə təyin edilib. 2022-ci ildə isə nazir vəzifəsindən azad olunub. Ekspertlərimiz prosesləri necə təhlil edir? Ermənistandakı “kilsə inqilabı” nə ilə nəticələnəcək? Karapetyanın Paşinyanı əvəz edəcəyini güman edirlərmi? Yoxsa Nikol hələ uzun müddət müqavimət göstərəcək?

Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir  mərhələnin başlanğıcıdır - AZƏRTAC

Elçin Mirzəbəyli 

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, keşiş Baqrat Nikol Paşinyanın, ola bilsin fərqli qütb tərəfindən meydana atılmış, amma bənzər siyasi texnologiyaya uyğun seçilmiş prototipidir: “Bu qəbildən olan obrazlardan tarixin bütün dövrlərində istifadə olunub və bundan sonra da olunacaq. Baqrat da Nikol kimi "xalqın arasından seçilib". O da kütlə ilə birlikdə yürüşə çıxır, insanlara sadə nitqlə, onların narazı olduğu məsələlər üzərindən, bəzən isə ritorik suallarla, yaxud şüarlarla müraciət edir. Tipik “kütlə qəhrəmanı”dır. Qərb resurslarının “keşiş Baqrat hərəkatı”na dəstək verməməsi, Köçəryan, Sərkisyan və digər müharibə canilərinin, eləcə də Marqarita Simonyanın idarəçiliyində olan media resurslarının prosesə açıq-aşkar dəstək verməsi kilsənin iştirakı ilə səhnələşdirilən bu ssenarinin harada yazıldığını müəyyənləşdirməyə müəyyən əsaslar verir". 

E.Mirzəbəyli hesab edir ki, Ermənistanda növbəti “rəngli inqilab” imitasiyası gerçəkləşdi: “Keşiş Baqrat ağ köynəkdə görüntülənsə də, "inqilab"ın rəngi, Erməni Qriqoryan kilsəsinin rənginə uyğun olaraq qaradır. Belə anlaşılır ki, Qaregin erməniləri indikindən daha qara günə çıxaracaq. Hazırda Nikol Paşinyanın hakimiyyətdən yola salınması üçün legitim mexanizmlər yoxdur. İdarə olunan revanşizm tərəfdarlarının parlamentdə impiçment prosesini başa çatdırmaq üçün yetərli səsi yoxdur. Proses iflasa uğrayacağı təqdirdə, növbəti impiçment prosedurunu həyata keçirmək üçün ilin sonunadək gözləməli olacaqlar. O zamana kimi isə çox şey dəyişə bilər. Hazırda Paşinyanın istefasına nail olmağın yeganə yolu onu buna məcbur etməkdir. Amma nəzərə alsaq ki, Nikol Paşinyan indikindən daha kritik məqamlarda istefa verməyib, o zaman baş nazirin öz xoşu ilə hakimiyyətdən gedəcəyi az inandırıcı görünür. Prinsip etibarilə Nikol Paşinyanın hakimiyyətdə qalıb-qalmaması bizim üçün fundamental əhəmiyyət kəsb etmir. Ermənistanın mərkəzi hakimiyyətinin mümkün qədər zəifləməsi, ictimai rəyin qütbləşməsi, antoqonist baxış bucaqlarının qarşı-qarşıya gəlməsi, zənnimcə, maraqlarımıza daha çox uyğundur. Ermənistanda “keşiş Baqrat” marionet tamaşasının oyuncaqlarının ipinin kimin əlində olduğunu anlayanların sayı az deyil. Lakin onların meydanlara atılmaq istəyi hələlik nəzərə çarpmır. Paşinyanı hakimiyyətə gətirənlər isə onu istefa verməyə qoymayacaqlar və deməli, proses davam edəcək. Ən önəmli məqamlardan biri də ondan ibarətdir ki, Ermənistanda hazırda bütün cəmiyyəti bir araya gətirə biləcək, barışdırıcı mövqeyi önə çıxaracaq lider və qüvvə yoxdur. Əvvəllər bu missiyanı kilsə və diaspor yerinə yetirirdi. Hazırda kilsə tərəfə çevrilib, diaspor isə qütblər arasında parçalanıb".

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov əvvəlcə qeyd etdi ki, Nikol Paşinyan hakimiyyətə etiraz dalğasında gəlib: “O, kütləvi etirazların kritik həddə nə vaxt çatdığını yaxşı bilir. Kənardan görünən odur ki, hələ etirazlar kritik həddə çatmayıb, yəni mövcud hakimiyyəti qeyri-zorakı yolla devirmək gücündə deyil. Biz etirazların xarici qüvvələr tərəfindən idarə olunduğunu bilirik, amma məhz hansı xarici qüvvələrdir, bununla bağlı aydın məlumatlar yoxdur. Bu dəfə revanşçı və irticaçı qüvvələr kilsəni qabağa verib. Erməni kilsəsi təəssüf ki, həmişə xarici qüvvələrin əlində alət olub və indi də alət olaraq qalıb. Bununla belə, kilsə hələlik proseslərə yalnız keşiş səviyyəsində qoşulub. Keşişi isə kim idarə edir, tam bilinmir”. S.Məmmədov əminliklə bildirdi ki, daxildə keçmiş prezident Köçəryan proseslərə aktiv dəstək verir, amma onun resursları və nüfuzu o qədər də yüksək deyil: “Paşinyan isə xalq arasında müəyyən qədər nüfuz sahibi olaraq qalmaqdadır. Onun bəzi islahatları əhalinin güzəranının yaxşılaşmasına gətirib. Digər tərəfdən, Paşinyan hökuməti Rusiyaya tətbiq olunan sanksiyalardan maksimum bəhrələnir. Sahibkarlar gömrüksüz ticarətdən yaxşı bəhrələnirlər, o cümlədən kiçik sahibkarlar. Həm də əhali müharibədən çəkinir. İstənilən hakimiyyət dəyişikliyi isə yenidən Ermənistanın silahlı provokasiyaya gedəcəyi ehtimalını artırır. Əhali isə daha övladlarının mənasız və məğlubiyyətin əvvəlcədən məlum olduğu müharibədə iştirakını istəmir”. Ekspertin sözlərinə görə, bununla belə, təzyiqlərin artacağı və etirazların dönməz xarater alacağı təqdirdə, Paşinyan hakimiyyətin dəyişməsinə yox, özünün istefasına və yerinə öz komandasından kiminsə gətirilməsinə səy göstərə bilər: “Bu halda o, sonrakı təqiblərdən özünü sığortalaya bilər. Ən azı bir müddət. Amma etirazlar böyüyəcəyi və inqilabi fazaya keçəcəyi təqdirdə revanşistlərdən kimsə hakimiyyətə gətirilə bilər. Hələlik etiraz dalğası artan templə davam edir. Bu o deməkdir ki, etirazlar spontan deyil, təşkilatlanmış şəkildə baş verir və idarə olunur. İdarə edən isə kilsə və ya onun timsalında keşiş deyil, daha ciddi qüvvələrdir. Kilsə sadəcə şirma rolunu oynayır. İstənilən halda proseslərin gedişinin bir neçə mümkün variantlarından biri baş verə bilər. Variantlardan biri bu ola bilər ki, Paşinyan növbəti dəfə etirazlar dalğasını yatırır və hakimiyyətini davam etdirir. Eyni zamanda sülh danışıqları prosesi müsbət istiqamətdə davam edir. Digər variant Paşinyan istefa versə də hakimiyyət dəyişmir, amma komandadan daha radikal biri baş nazir olur və bu zaman sülh prosesləri səngiyir və ola bilsin bir müddət də dayanır. Nəhayət, inqilab baş verir və revanşıstlər hakimiyyətə gəlir. Onların gəlişi sülh proseslərinin uzun müddətdə dayanmasına gətirə bilər və Azərbaycanla münasibətlərin daha da gərginləşməsi baş verər. Sonuncu variant arzuolunmazdır. Xüsusən də Ermənistan üçün. Bu halda Ermənistanda həm iqtisadi, həm siyasi böhran dərinləşəcək, revanş ritorikası isə artacaq”.

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR