İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan indi də üçtərəfli sənədin 9-cu bəndinə qarşı

2366 23.06.2023 13:30 Siyasət A A

Ermənistan Zəngəzur dəhlizində Rusiya FTX-nin yola nəzarətini “monitorinq” sözü ilə əvəzləyib, razılaşmanı təhrif etməyə çalışır

Rusiya və Ermənistan arasında gərginlik səngimir. Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən belədir. İndi isə vəziyyət hətta o həddə çatıb ki, İrəvan Moskvanın Qafan şəhərində konsulluq açmaq niyyətinə də qarşıdır. Rusiya məsələni sürətləndirmək istəsə də, Ermənistan əngəlləyir.

Bu mövzuda Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Maksim Seleznyov deyib ki, Qafanda konsulluğun açılışı üçün hələ dəqiq tarix yoxdur, lakin Rusiya prosesi sürətləndirməyə çalışır: “Biz konsulluğu tez bir zamanda açmağa çalışırıq. Bugünlərdə Moskvadan olan həmkarlarımızla, Qafan meriyası ilə birlikdə bizə uyğun gələn bir neçə obyektə baxış keçirdik. Və demək istəyirəm, müəyyən həll yolları var ki, biz onlarla işləməyə davam edəcəyik”.

Müşavir deyib ki, baş konsulluğun açılması ilə Rusiya bölgədə mövqelərini möhkəmlətməyi hədəfləyir. Amma Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan tamam fərqli mövqe sərgiləyir: “Bəli, Rusiya Ermənistanın Zəngəzur vilayətinin Qafan şəhərində konsulluq açmaq istəyir. Amma bu məsələ müzakirə olunur və Rusiyanın İrəvandakı səfirliyi Qafanda konsulluq açmaq zərurətini izah etməlidir”.

“Bakı-Xəbər” isə yazır ki, ötən ilin oktyabrında Qafanda İranın konsulluğu açılıb, amma İrəvan o zaman nədənsə İrandan heç bir izahat tələb etməyib. Amma Rusiyadan istəyir. Ekspertlərə görə, İrandan sonra Rusiyanın bu bölgədə konsulluq açması geosiyasi mübarizənin indi Zəngəzura keçdiyini göstərir. Konsulluq məsələsi prosesin hələlik diplomatik müstəvidə getdiyini göstərir. Belə görünür ki, bu dəfə Ermənistan Rusiyanın tələblərini geri çevirməyi düşünür. İrəvanla Moskva arasında ziddiyyət təkcə bununla məhdudlaşmır: Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın onu da bildirib ki, Azərbaycan və Naxçıvan arasındakı nəqliyyat kommunikasiyasına Rusiya sərhədçiləri yox, Ermənistan sərhədçiləri nəzarət etməlidir: “10 noyabr bəyanatında və Rusiya prezidentinin imzaladığı sonrakı fərmanda Rusiya FTX-nin nəzarət yox, monitorinq funksiyasından daha çox söhbət gedir”.

Söhbət məlum sənədin 9-cu bəndindən gedir. 9-cu bənddə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Göründüyü kimi, Ermənistan nəzarət sözünü monitorinq kimi izah etməkdə maraqlıdır. Rusiya baş nazirinin müavini Aleksey Overçuk da etiraf edir ki, kommunikasiyaların açılmasında hələ də həll olunmamış məsələ var, bu, Zəngəzurdan keçən yollarda insanların təhlükəsizliyini kimin təmin edəcəyidir. Yada salaq ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirləri müavinlərinin üçtərəfli işçi qrupu formatında keçirilən görüşün yekunu olaraq, regionda nəqliyyat əlaqələrinin bloklanmasının bərpası ilə başlayacağını bəyan edən hərtərəfli sənəd formalaşdırılıb. Üçtərəfli görüşdən sonra da rəsmi İrəvan bəyan edib ki, blokada aradan qaldırılacağı təqdirdə ərazisində sərhəd xidməti Ermənistan tərəfindən həyata keçirilməlidir. Moskva və Bakı Rusiya sərhədçilərinin Ermənistanda yola nəzarət etməsində təkid edir. İrəvan isə 10 noyabr razılaşmasının 9-cu bəndini təhrif edərək “monitorinq” ifadəsini leksikona gətirməyə can atır. Səbəb nədir? Niyə Rusiya FTX-nin yola kontrol etməsini istəmirlər? Burada ABŞ və ya İranın da təsiri ola bilərmi?

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanın 9-cu bəndlə bağlı bu mövqeyi Qərbin sifarişini yerinə yetirməkdir. Partiya liderinin fikrincə, məqsəd Rusiyanı regiondan çıxarmağa hesablanıb: “Ermənistan qorxa-qorxa bunu icra etmək istəyir, amma çox çətindir. Rusiyanın hərbi kontingenti bu ölkədədir, iqtisadi təsirləri var, sərhədləri rus hərbçiləri qoruyur, dəmiryol xətləri də Moskvanın mülkiyyətindədir, o baxımdan dirəniş göstərmək çox ağırdır. Ona görə Ermənistandan Rusiya əleyhinə zaman-zaman fikirlər səslənir, Rusiyanı narazı salmağa çalışırlar”.

A.Nağı bugünlərdə İşçi Qrupun toplaşdığını xatırlatdı: “Overçuk məlumat verdi ki, Arazdəyən-Culfa-Mehri-Horadiz dəmiryol xətti bərpa ediləcək. Əslində mahiyyətcə Zəngəzur koridoru deməkdir, amma İrəvanı incitməmək üçün yolu belə adlandırırlar. Hər halda, Azərbaycan-Ermənistan normallaşma prosesi bu yoldan başlanacaq. Amma Rusiya nəzarət edəcək, ya yox, bəlli deyil. Sadəcə, Overçuk dedi ki, Azərbaycan tərəfdən bizim qanunlar, Ermənistandan onlara aid qanunlar işləyəcək. Ermənilərin nəzarət-keçid məntəqəsinə də ruslar kontrol etməliydi, İrəvan bundan da qaçır. Amma bizə sərf edir, Rusiya ilə Ermənistan nə qədər bir-biri ilə qarşıdurmada olsalar yaxşıdır”.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəylinin sözlərinə görə, yol məsələsi artıq ümumi problemə çevrilib. Ekspert nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı kontrolun kimdə olması uğrunda rəqabət getdiyini düşünür: “Əvvəlcə istənilirdi ki, Azərbaycanla Ermənistanın birgə nəzarəti təşkil olunsun. Amma idarəetmə rejimi Ermənistana aid olmalıdır. Ümumi gedişat isə göstərir ki, Rusiya kontrol etməlidir. İrəvan indi bu ideyaya qarşı çıxır. Lakin Ərdoğanın Bakı səfərindən sonra onlara da məlum oldu ki, Azərbaycan və Türkiyə dəhlizi açmaqda qətiyyətlidir. Ona görə proses özünü çox gözlətmədi və Arazdəyəndə dərhal Amerika layihəsi ortaya çıxdı, Hindistan belə prosesə cəlb edildi. Məqsəd Rusiyanın nəzarəti olmasın, olsa belə minimum olsun. Azərbaycan burada hər hansı qəbahət görmür və məsələyə Rusiya-Türkiyə razılaşmasının bir hissəsi kimi də baxmaq olar”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR