İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın gələcəyi və o gələcəkdə Cənubi Azərbaycan Cümhuriyyətinin yeri - Məşhur güneylilərin açıqlaması

1639 23.11.2022 19:25 Gündəm A A

İranda baş verən ayaqlanmaların, daxili ziddiyyətlərin fonunda teokratik Tehran rejimi Azərbaycan dövlətinə hücuma keçdi. Ölkəmizə qarşı aqressiv, təhqiramiz və düşməncə ritorika Tehran rejiminin hazırkı sifətidir. Məsələnin maraqlı tərəflərindən biri də budur ki, İran mətbuatında Azərbaycana, dövlət rəhbərlərimizə qarşı həyata keçirilən təhqir-söyüş kampaniyası heç Ermənistan mediasında yoxdur. Yəni düşmən Ermənistan mediası Azərbaycana münasibətdə daha ölçülü, daha üsulludur, nəinki özünə müsəlman və bizlərə də qardaş deyən İran mediası...

Üstəlik İranın hərbi elitası da, Azərbaycanla təhdid dilində danışır. Bütün bunlar İran-Azərbaycan münasibətlərini son 30 ildə ən gərgin duruma gətirib və iki qonşu dövlət arasında birmənalı olaraq deyə bilərik ki, əsl ‘’soyuq müharibə’’ gedir. Belə bir vəziyyət Azərbaycan dövlətini də adekvat addımlar atmağa vadar etdi. Rəsmi Bakı münasibətlər dövründə ilk dəfə olaraq, İrana qarşı açıq və sərt üslubda açıqlamalar verdi, Azərbaycanın rəsmi televiziyaları, digər xəbər orqanları İranın siyasətini, ölkəmizə düşməncə yanaşmasını kəskin tənqid etdi. Bu məsələlərin paralelində, Azərbaycanın rəsmi yayın orqanları tarixində ilk dəfə olaraq Güney Azərbaycandan olan hərəkat fəallarına, dünyanın müxtəlf ölkələrinə səpələnmiş ziyalılara, milli fəallara tribuna verdi. Eyni zamanda, Azərbaycan xüsusi xidmət orqanları bir-birinin ardınca İranın ölkəmizdəki casus şəbəkəsini ifşa etməyə başladı. Nəticədə, İranın son 30 ildə qurduğu təbliğat sistemi ciddi zədə aldı, cəsus şəbəkəsi hədəfə götürüldü, teokratik rejim ictimaiyyətin gözündə düşmən obrazına düşdü. İranın maskası cırıldı və gerçək sifəti ortaya çıxdı.

Belə bir vəziyyətdə İranın teokratik rejiminə qarşı bu ölkənin daxilindəki bütün xalqlar etiraza qalxıblar. Onların içərisində Güney Azərbaycan türkləri xüsusi fərqlənir. İranın sayca ən böyük etnosu olan Azərbaycan türkləri özlərinə Güney Azərbaycan Cümhuriyyəti qurmaq fikirlərini də ortaya atırlar. GAC iddiası getdikcə vüsət alır və artıq Şimali Azərbaycanın rəsmi tv-lərinə də bu barədə materiallar yer almaqdadır.

İranın gələcəyi və bu gələcəkdə Azərbaycan türklərinin yeri necə görünür? Güney Azərbaycan Cümhuriyyəti yaratmaq, daha sonrakı zamanlarda isə iki Azərbaycanı birləşdirmək ideyası mümkün ola bilərmi? İrandakı molla rejimi çöksə, İranı və Bütöv Azərbaycan ideyasını nələr gözləyir?

Bütün bunları İranı və oradakı prosesləri yaxından bilən tanınmış fikir adamlarından soruşduq.

Türkiyədə yaşayan güney azərbaycanlı siyasi şərhçi Məhəmməd Rəhmanifar “İranın gələcəyini nələr gözləyir?” sualına bu cür cavab verdi:

“Bu, bir tərəfdən İranda yaşayan xalqlardan, digər tərəfdən bölgə və dünya ölkələrindən də asılıdır. Yəni biz deyə bilmərik ki, onların  hadisələrdə heç bir təsiri yoxdur və yaxud olmamalıdır. Təbii ki, dünya ölkələri hər yerdə  öz məqsəd və maraqlarının arxasındadır.

r'hmanifar.jpg (56 KB)

O ki qaldı İranda uzun müddətdir ki, davam edən etirazlara, əksəriyyətin artıq inqilab adlandırdığı bu etirazların üç əsas özəlliyi var. Hansı ki, İran ölkəsi belə etirazlarla çox da qərib deyil, çünki bildiyimiz kimi son 20-30 ildə zaman-zaman geniş şəkildə kütləvi  etirazlar olub. Lakin bu etirazların bundan əvvəlki etirazlardan fərqləndirən əsas 3 amil var:

Birincisi, etirazların coğrafi baxımından geniş olmasıdır. Yəni daha öncəki etirazların coğrafiyasında baxdıqda bu qədər geniş, ölkəni başdan-başa öz cənginə alan etirazların olmadığını görərik. Məsələn, 2006-cı ilin may ayında  Güney Azərbaycan türkləri ayağa qalxmışdı və təxminən bütün  Azərbaycan şəhərlərində bir həftə boyu etirazlar keçirildi. Lakin ölkənin başqa bölgələri bu etirazlara susaraq, tamaşaçı mövqeyində qalmışdı. 3 il sonra, yəni 2009-cu ildə İranda “Yaşıl hərəkat” deyilən etirazlar başladı. Orada da gördük ki, etirazlar əsasən fars bölgələrində baş verdi və bu dəfə də Azərbaycan türkləri olanlara seyrçi qaldı. Və hətta Güney Azərbaycan türkləri deyil, kürdlər və ərəblər də bu etirazlara bir o qədər dəstək vermədilər. Bütün bunları müqayisə edəndə, deyə bilərik ki, indiki etirazlar bütün ölkəni öz cənginə alan ilk etirazlardır.

İkincisi, bu etirazların davamlı olmasıdır. Bundan əvvəl olan etirazlar bir həftə davam edirdi və hakimiyyət həmin etirazları bir həftə ərzində yığışdıra bilirdi. Lakin indi 3 aya yaxındır ki,  etirazlar durmadan davam edir.

Üçüncü özəllik isə ondan ibarətdir ki, bu etirazlarda aparıcı güc qadınlar və gənclərdir. Bu gün bu məsələ İran rejimini çox sarsıdır. Qeyd edim ki, İranda gənclər və qadınlar İranda daha çox əzilən və ayaqlanan kəsim sayılır. Doğrudur, İranda bütün xalqlar əzilməkdədir, lakin daha çox qadınlar və gənclər bu rejimdən əziyyət çəkir.

Bu gün dünya internet, texnologiya dünyasıdır, gənclərimizin dünyagörüşü artıb, onlar dünyada baş verən prosesləri yaxından izləyə bilirlər.  Anlayırlar ki, “itirməyə daha heç nələri yoxdur”, buna görə də artıq ölümdən də qorxmurlar. Baxılar ki, meydanlarda, küçələrdə dostları, yaxınları güllələnir, həbs olunur, onlar da qoşulurlar.

Artıq İranda bir sıra iş yerlərinin də tətil etməsinin şahidi oluruq. Bir neçə gün öncə Güney Azərbaycan şəhərlərində, özəlliklə də Təbrizdə bazar tətilə çıxdı. Əgər bu tətillər davam edərsə və daha strateji iş yerlərinin, o cümlədən neft sahəsində çalışan müəssisələrin tətil etməsinə şahidlik etsək, bu rejim daha da çökəcək, öz ağır günlərini yaşayacaq.

Beləliklə, hesab edirəm ki, bu etirazlar bir inqilabın ayaq səsidir, və davam edəcək.

O ki qaldı Güney Azərbaycan Cümhuriyyətinin yaranması ideyasına, deyə bilmərəm ki, oradakı bütün güneylilər bunu istəyir. Məlum məsələdir ki, insanların beyninə illərlə fars rejimi ideologiyası yeridilib, onun təbliğatı aparılıb, ona görə də bəziləri farsçılığa, bəziləri isə şiəçiliyə bağlanıblar. Bununla belə böyük əksəriyyət bu ideyanın yaranmasını arzulayır.  Hesab edirəm ki, Quzey Azərbaycan daha da öz mənəvi dəstəyini göstərsə, daha ciddi yardımlar nümayiş etdirsə, bu ideyanı reallaşdırmaq mümkündür”.

Məhəmməd Rəhmanifar qeyd etdi ki, İranda molla rejimi çöksə belə, orada ölkədə demokratik bir ölkənin yaranması ehtimalı demək olar ki, yoxdur:

“Çünki İranda dərin bir farsçılıq var və irançılıq var və bəzən bunların ikisi üst üstə düşür. Farsçılıq türk və ərəb düşmənçiliyi üzərində qurulub və ona görə də İranda molla rejimi çöksə belə, orada demokratik bir düşüncə yarana bilməyəcək. Hətta bəzi dünyaca məşhur, nüfuzlu telekanallar, o cümlədən BBC Farsa və digərləri insanları inandırmağa çalışır ki, əgər molla rejimi bitərsə, ölkədə demokratiya yaranacaq və bununla da insanların beynindən Güney Azərbaycan düşüncəsini silmək peşindədirlər. Gecə-gündüz həmin televiziyalar bu məqsəd uğrunda çalışır. Buna görə də hesab edirəm ki, Azərbaycan mediası bu məsələdə daha çox dəstək verməlidir”.

Əslən Azərbaycandan olan, hazırda Finlandiyada yaşayan siyasi şərhçi Çingiz Göytürk isə qeyd etdi ki, Güney Azərbaycanın İranın gələcəyindəki yerinin nədən ibarət olduğunu müəyyənləşdirmək görmək hazırda İranda baş verən prosesləri izləmək kifayətdir:

“Dəfələrlə İranda müəyyən etirazlar olub ki, Azərbaycan türkləri  bu proseslərə  qoşulmayıb.  Məsələn, “Yaşıl hərəkatı”, həmin vaxt güneyli milli fəallarımızın bu hərəkata qoşulmamasının əsas arqumenti ondan ibarət idi ki, İranda hər hansı bir rejim və yaxud hakimiyyət dəyişikliyi Güney Azərbaycanda cərəyan edən milli hərəkata heç nə verə bilməz. “Azərbaycan  Milli Hərəkatının tələbləri, istəyi, hədəfi sadəcə İran adlanan dövlətdə bir rejim dəyişikliyi və ya hakimiyyətdəki qüvvələrin yerdəyişməsindən ibarət deyil, bizim öz hədəfimiz və prinsiplərimiz var və bunun çərçivəsində öz mübarizəmizi gerçəkləşdirə bilərik” deyə bəyanatlar verirdilər. Həmin vaxt fars və digər qaynaqlar  hətta təhqir iddia etdilər ki, Azərbaycan milli hərəkatı, azərbaycanlılar passividir və sairə. Bununla da istəyirdilər ki, azərbaycanlıları öz tərəflərinə çəksinlər, lakin buna müvəffəq ola bilmədilər.

Məlum olduğu kimi İranda indi baş verən etirazlar ilk vaxtlarda sosial tələblərlə başladı və bura qadın hüquq və azadlıqları da daxil idi. Ona görə də Azərbaycan milli hərəkatı bu etirazlara biganə qala bilməzdi. Artıq hadisələr sürətlə siyasiləşməyə başlayanda Azərbaycan milli hərəkatı özünün yolunu, siyasətini çox konkret və açıq şəkildə ifadə etməyə, öz şüarlarını səsləndirməyə, öz istəklərini ortaya qoymağa başladı.”

2022-09-26_172746.jpg (87 KB)

Çingiz Göytürk Quzey Azərbaycanın mətbuatının, mediasının hər zaman Güney Azərbaycanın yanında olduğunu bildirdi:

“Quzey Azərbaycan mediası, mətbuatı, ümumilikdə cəmiyyəti Güney Azərbaycanda baş verən proseslərə heç bir zaman biganə olmayıq və hər fürsətdə, hər məqamda güneyli soydaşlarının yanında olduğunu və oradakı proseslərə dəstək verdiyini açıq şəkildə edib, xüsusən də yazılı mətbuat. Buna görə bütün Azərbaycan mediasına xüsusi təşəkkürümü bildirirəm”.

Çingiz Göytürk qeyd etdi ki, artıq İranda mola rejiminin dəyişməsi labüddür,  şərtdir və zəruridir:

“Çünki hazırda İran rejimi ən kiçik belə problemini həll etməkdə acizdir. Bu rejim artıq getmək məcburiyyətindədir və bunun vaxtıdır. İran rejimi buna qədər yalnız qorxu maşını ilə çalışıb, bununla insanları qorxudub. İndi isə artıq bunu edə bilmir, insanlar artıq ölümdən qorxmur, yəni ölüm maşını da işləmir. Əgər meydanlarda insanların üzərinə birbaşa atəş açıb, qətlə yetirirlərsə də, insanlar səhəri gün yenə həmin meydana çıxırlar.  Yəni, artıq molla rejiminin sonudur və güman edirəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR