İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda yeni siyasi dönəm - Pezeşkiandan gözləntilər

1052 09.07.2024 10:26 Siyasət A A

Yeni prezidentə həm qonşuların, həm də İran ictimaiyyətinin böyük ümidləri var

İranda prezident seçkisinin ikinci turu başa çatdı və Məsud Pezeşkian yeni prezident oldu. Bir çox təhlilçilər bunu gözlənilməz hesab edir, eyni zamanda İranda yeni siyasi dönəmin başlaya biləcəyinə ümid edirlər. 

İrandakı seçkilərin ilkin nəticələri açıqlanan kimi ABŞ mövqeyini ortaya qoyub.

Dövlət Departamenti “TASS”ın sorğusuna cavab olaraq bildirib ki, İranda baş tutan prezident seçkisinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir göstərməyəcək.

 “Seçkinin İrana yanaşmamıza ciddi təsiri olmayacaq. Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməz olaraq qalır”, - Dövlət Departamentinin nümayəndəsi agentliyə bildirib.

Qeyd edək ki, cənub qonşumuzdakı bu seçkidən dərhal sonra Azərbaycan Prezidenti yeni seçilmiş ölkə başçısına təbrik məktubu ünvanlayaraq, onu Azərbaycana dəvət edib. 

Pezeşkian İranın xarici və daxili siyasətində nələrisə dəyişə biləcəkmi? Onun bu imkanları və təfəkkürü müşahidə olunurmu?

Azər Badamov: "Seçkidə ermənilərin Paşinyanı dəstəkləməsi ona verilən yeni  bir şansdır"

Azər Badamov

Deputat Azər Badamov yeni prezidentin xarici siyasətdə nələrisə dəyişməyə cəhd edə biləcəyini vurğuladı: “İranda dövlət siyasəti Ali dini rəhbər tərəfindən müəyyənləşdirilir. Məsud Pezeşkianın da müəyyənləşmiş siyasi kursu davam etdirəcəyi gözləniləndir. Bununla yanaşı, Pezeşkian mühafizəkar olduğundan müəyyən islahatlara da başlaya bilər. Dövlət Departamenti İranda baş tutan seçkinin nəticələrinin ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir göstərməyəcəyini bildirdi. Amma bu il ABŞ-da da seçkilər olacağını nəzərə alsaq, iki ölkə arasında münasibətlərin gələcək inkişafının hansı istiqamətə yönələcəyi haqqında fikir demək çətindir. Məsud Pezeşkian ola bilsin ki, İran dövlətinin siyasi kursunda dəyişikliklər etməyə çalışsın. Əgər dəyişikliklərə nail olunarsa, ABŞ-ın İrana olan münasibəti dəyişə bilər”.

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva İranın siyasətinin dəyişməyəcəyi qənaətindədir: “İranda ali rəhbər İslam İnqilabının başçısı Seyid Əli Xameneyidir. Tehranda bütün taleyüklü qərarların altında onun imzası var. Bu baxımdan, düşünürəm ki, Azərbaycan kökənli Məsud Pezeşkianın yeni prezident seçilməsi heç nəyi dəyişməyəcək. Elə Qərbdə də bu fikirdədirlər. İranın bundan öncəki hakimiyyəti Türk dünyası ölkələri ilə münasibətləri tamamilə korlamışdı. Kifayət qədər radikal siyasət yürüdülürdü. Eləcə də qonşularla münasibətlər çox pis durumdadır. Pakistan və Əfqanıstanla qarşıdurma, Türkiyə və Azərbaycanla təhdid dili, İraqla "soyuq savaş", Kəngər körfəzində gərginlik İranın xarici siyasətində böyük problemlərin olduğunu ortaya qoyur. İndi korlanan münasibətləri düzəltmək lazımdır. Buna görə də İranın dərin dövlət qanadı islahatçı deputatı hakimiyyətə gətirməklə “time-out” götürmək niyyətindədir. Bundan başqa, Tehran nüvə enerjisi ilə bağlı fəaliyyətinə də davam edəcək. İran nüvə silahına sahib çıxmaq üçün əlindən gələni ortaya qoyacaq. Eyni zamanda İranın daxilindəki sosial-iqtisadi durum da acınacaqlıdır. Yeni islahatçı prezident məhz bu işlərlə məşğul olacaq. Yəni problemi həll etmək ona tapşırılacaq, altından qalxa bilməsə, əsas məsuliyyət sahibi kimi göstəriləcək. Digər tərəfdən, ali dini lider olan Xameneyi köhnə məsələləri öz bildiyi kimi həll etməyə çalışacaq. Bir sözlə, İranın daxili siyasətindən fərqli olaraq, xarici siyasətində heç nə dəyişməyəcək. İran və Rusiya ilə strateji iqtisadi əlaqələrin daha da yaxşılaşdırılması məhz yeni prezidentə tapşırılacaq. Bu baxımdan Azərbaycan kökənli prezidentin əsas işi dövlətin sosial-iqtisadi immunitetini gücləndirməkdir, vəssalam".

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov İranda müəyyən dəyişikliklərin olacağına inanır: “Bir sıra təhlilçilərin İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiandan çox böyük gözləntiləri var. Onlar hesab edirlər ki, Pezeşkian İran siyasətini kökündən dəyişə və əsaslı islahatlar həyata keçirə bilər. Seçkilərin təbliğat mərhələsində və digər prezidentliyə namizəd Səid Cəlili ilə aparılan debatlarda da iddialı islahat anonslarını səsləndirsə də, bunun reallaşacağı bir qədər real görünmür. Əvvəla, ona görə ki, İran mühafizəkar ölkədir, dini ideologiya doğmlaşıb. Cəmiyyətin birdən-birə köklü islahatlara yönləndirilməsi ciddi kataklizmlərə yol aça bilər. Digər tərəfdən, İran konstitusiyasına görə İslam Respublikasının dövlət başçısı Ali dini rəhbərdir və dövlətin xarici və daxili siyasətini də rəhbər müəyyənləşdirir. Ali dini rəhbərin çox geniş səlahiyyətləri olduğundan idarəetmə də daxil, bütün sahələrə dolayısı ilə də olsa təsir etmə imkanları var. Hətta xalq tərəfindən seçilmiş prezidenti öz vəzifəsindən uzaqlaşdıra bilər. Ona görə də Pezeşkian istəsə belə İranda dərin reformalara gedə bilməz və xarici siyasətində də İranın maraqlarını müdafiə edəcək. ABŞ-ın mövqeyi dərhal açıqlandı, dəyişiklik olmayacaq və sanksiyalar qalacaq. Aİ Birləşmiş Ştatlardan fərqli olaraq yeni prezidentlə işləmək istədiyini bəyan etdi. Yeni prezidentə həm qonşuları, həm də İran ictimaiyyətinin çox böyük ümidləri var. İllərlə mövcud olan problemlərin həll edilməsi yükünu çəkmək heç də asan deyil. İran kimi mühafizəkar və qapalı rejimlərdə dərin reformalara getmək İranı silkələyər. 80-ci illərin sonlarına yaxın Qorbaçov SSRİ-ni islahatlarla xilas etməyə çalışdı, amma bu proses nəzarətdən çıxaraq imperiyanın süqutu ilə nəticələndi. İrana da kənar müdaxilələrin geniş olacağı məlumdur. Odur ki, mən fundamental reformalara deyil, yumşalmalara gediləcəyini düşünürəm. Bu isə yaxın müddət üçün effekt versə də, İranı ciddi problemlərdən xilas etməyəcək”.

Sosial şəbəkələrdə də İrandakı seçki barədə bir-birindən maraqlı statuslara rast gəlinir. Onlardan bəzilərini təqdim edirik. 

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bunları yazıb: “İranda türk olduğunu gizlətməyib, əksinə, təbliğatını bunun üstündə quran namizədin qalib gəlməsi istənilən halda yaxşı təəssüratdır. İran-Azərbaycan-Türkiyə münasibətlərinin regionda yeni konfiqurasiyasını qura bilər.

Prezident Ali dini rəhbər kimi birinci vəzifə olmasa da, ikinci şəxs olaraq çox önəmli və həlledici postdur. Fikrimcə, türkçülük təbliğatı Ali dini rəhbərin razılığı ilə qurulub. Bu da İranın daxili və xarici siyasətində türk amilinin artacağının göstəricisi ola bilər".

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu paylaşdığı statusda İlham Əliyevin dəvətinə xüsusi yer ayırıb: “İranda seçkinin nəticəsi bəlli olduqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi. Azərbaycanlının İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər. Eyni millətin rəhbərləri yaxın olmağa çalışmalıdırlar. Bu fürsətdən yararlanmaq Pezeşkianın əlindədir. Əlbəttə, Ali dini lider və onun ətrafı, o cümlədən SEPAH yeni prezidentin daxili və xarici siyasətdəki təşəbbüslərinin qarşısını almağa çalışacaq. Əngəllərə baxmayaraq, Pezeşkianın birinci xarici səfərini Azərbaycana və ya Türkiyəyə etməsi bölgədə canlanma yaradacaq. Bu, İran üçün də faydalıdır. Məzhəbçilik üzərindən başqa dövlətlərin daxili işlərinə qarışmaq, maraq qrupları formalaşdırmaq, onları maliyyələşdirmək və silahlandırmaq İranın gələcəyinə və qonşuları ilə münasibətlərinə yaxşı heç nə vəd etmir”.

Elxan Şükürlü: Prezident İlham Əliyev növbəti mühüm gedişini etdi

 Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü öz facebook profilində bunları qeyd edib: “Gözləntilərimizin, proqnozlarımızın əksinə olaraq, Məsud Pezeşkian İranın yeni prezidenti seçildi. Bu, o deməkdir ki, İran çox ciddi dəyişikliklər astanasındadır: sərt dini rejim həm daxili, həm də xarici siyasətində geniş açılıma getməyi nəzərdə tutur. İranın dini rəhbəri Seyid Əli Xameneyi çıxışlarında tez-tez cəmiyyətin istək və tələblərinin mütləq nəzərə alınmalı olduğunu vurğulayırdı. Çox böyük gənc əhali potensialına, resursuna sahib İran cəmiyyəti isə nə istədiyini, nə arzuladığını Səid Cəlilinin yox, Məsud Pezeşkianın çağırışlarına dəstəkdə ifadə etdi. İndi görək, İran bu dəyişiklik dönəmini ağrısız, təlatümsüz keçirməyi bacaracaqmı? Ən önəmlisi, Qərblə başlanacaq dialoq İranın hərbi nüvə doktrinasının dayandırılmasına və sanksiyaların götürülməsinə gətirib çıxaracaqmı?

İran kimi çoxmillətli dövlətdə etnik amilə istinad edərək, prezident seçilmək möcüzə sayılmaqla yanaşı, azərbaycanlılar və kürdlərlə bağlı siyasətdə əhəmiyyətli dəyişikliklərin həyata keçiriləcəyinin müjdəçisidir. Seçimləri qonşu, dost və qardaş İran xalqına xeyirli, düşərli olsun".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR