İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda həbs olunan Fərid Səfərli ilə bağlı gizlinlər açıldı - Son məhkəmə prosesi...

3087 25.06.2023 14:33 Son xəbər A A

 

“Fəridlə ikinci dəfə danışdıq. Həm də bu dəfə daha çox söhbətləşə bildik. Hal-əhval tutduqdan sonra birdən soruşdum: o qız sənin əleyhinə ifadə veribmi? “Nə qız” - dedi. Söylədim ki, Fərid,  İrana niyə getdiyini bilirəm”.

Musavat.com xəbər verir ki, bunları İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.

O, oğlu ilə danışığından bəhs edərək bunları əlavə edib:

“Fərid bir az duruxdu və dedi: “Ana, o mənim əleyhimə dünya dağılsa da, ifadə verməz. Bu günə qədər mənim əleyhimə nə ifadə verən var, nə də ortada sübut. Sadəcə, hər dəfə istintaqda sual belə olur: bir neçə dil bilən, Avropada təhsil alan adam vəziyyətin pis vaxtında niyə İrana gəlib, nə səbəbə? Həm də ana, o qızı da mənimlə bərabər tutdular”.

Qaynana damarım tutdu, dedim ki, sən onun dərdini çəkmə, onu buraxıblar, ata-anasının yanındadır, olan bizə oldu, özünü düşün. Bu sözümü eşidəndə Fəridin səsindən necə sevindiyini hiss etməmək mümkün deyildi.

“Ana, nə yaxşı ki, onu azad ediblər”, - deyən oğlumun sevincdən parlayan gözəl gözlərini xəyal etdim və kövrəldim”.

Dilarə Əsgərova əlavə edib ki, oğlundan iranlı sevgilisinin onun həmin ölkəyə gedişini niyə əngəlləmədiyini soruşub: "Axı, o qız İrandakı vəziyyəti bilirdi. Fərid dedi ki, “ana qərarı özüm vermişəm. Qız mənə demişdi İrana gəlmə”…. Çox kövrəldim, ondakı bu saf sevgiyə heyran oldum.

Mövzunu dəyişməyə çalışdım. Dedim ki, Fərid, məsələ ictimailəşib, hamı sənin İrana niyə gəldiyini bilir…Yəqin ki, Azərbaycana qayıdanda səni qınayacaqlar…

Bir qədər susdu və soruşdu: - Ana, səncə, buradan çıxa biləcəm?

Qəfil verilən bu sual dünyanı başıma uçurdu. Bu, artıq ilk danışığımızda mənə “möhkəm ol!” deyən yetkin Fərid deyildi. Uşaq vaxtı özündən böyüklərin haqsızlığına məruz qalanda yanıma qaçıb kömək istəyən balaca Fəridim idi. Yenə “böyüklərin" haqsızlığına məruz qalıb”.

D.Əsgərova deyib ki, oğlunu sakitləşdirmək üçün dövlət rəsmilərinin onun işi ilə məşğul olduğunu söyləyib.

İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə ona tərcüməçi verilməyib.

Dilarə Əsgərovanın sözlərinə görə, oğluna yaxın günlərdə hökm oxunacaq: “Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir  fakt belə  ortaya qoya bilməyiblər. Fərid də dedi ki, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyiblər. Lakin Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə ondan şübhələnirlər. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar.

Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR