İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar “Molotov kokteyli” mərhələsini keçir - əhali ölkədən qaçır

1202 24.02.2023 11:01 Siyasət A A

Görünən budur ki, İran əhalisinin molla rejiminə qarşı nifrəti özünün kulminasiya nöqtəsinə çatıb

“İrandakı etiraz aksiyalarının yeni mərhələsi başlayıb və etirazçıların fəallığı son günlərdə əhəmiyyətli dərəcədə artıb”. Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, fevralın 16-da 15, fevralın 19-da 12, fevralın 20-də 14 və fevralın 21-də isə 7 etiraz aksiyası həyata keçirilib. Qeyd olunub ki, bu, cari ildə ən yüksək göstəricidir: “Bu fəallığın nə qədər davam edəcəyi məlum deyil.  "Vaşinqton Post" qəzetinin yazdığına görə, Məhsa Əmininin doğulduğu Kürdüstan əyalətində etirazçılar növbəti aksiyaya hazırlaşırlar. Etirazçılar təhlükəsizlik qüvvələri ilə mübarizə aparmaq üçün bir sıra vasitələr, o cümlədən “Molotov” kokteyli tədarük etməyə başlayıblar".

Qərb analitiklərinin fikrincə isə İran ciddi iqtisadi problemlərlə üzləşməkdə davam edir. Qeyd olunub ki, bu, Prezident İbrahim Rəisi və onun komandasına qarşı artan siyasi hücumları gücləndirə bilər: “Rejimin bir neçə rəsmisi iqtisadi vəziyyətlə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər. Etiraz iştirakçıları mövcud rejimə qarşı təzyiqləri artırmaq məqsədilə iqtisadi böhran amilindən istifadə edə bilər”. Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.

“Vəziyyət o qədər pisdir ki, insanlar ölkədən qaçırlar!” Bu sözləri Tehran Universitetinin Hüquq fakültəsinin professoru Məhəmməd Əli Əyazi “rouydad24.ir” saytına müsahibəsində deyib. O, ölkənin iqtisadi vəziyyətinin  ağır olduğunu vurğulayıb. “Vəziyyət o qədər acınacaqlıdır ki, insanlar sakit həyat üçün ölkədən qaçırlar”, - deyə o fikrini yekunlaşdırıb. 

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

 Fikrət Yusifov 

Sabiq maliyyə naziri Fikrət Yusifov hər keçən gün İran təhlükəsinin böyüməsindən narahatdır. O hesab edir ki, hazırda İranda mövcud olan inqilabi durum illərdir ki, yetişməkdə idi: “Bu gün vəziyyət elə bir həddə gəlib çatıb ki, İran vətəndaşının artıq geriyə yolu yoxdur. Yəni bundan sonra ya İranda yaşayan insanlar öz azadlıqlarına qovuşacaqlar, ya da ölkədə indiyə qədər misli görünməmiş bir kütləvi repressiyalarla üz-üzə qalacaqlar.  Görünən budur ki, İran əhalisinin molla rejiminə qarşı nifrəti özünün kulminasiya nöqtəsinə çatıb və bu nifrətin rejimi məhv edəcəyinə şübhə qalmayıb. Əhali amansız, qəddar molla diktaturasından canını qurtarmaq naminə hətta şah rejiminin yenidən hakimiyyətə qayıtmasını belə dəstəkləyir. Əslində xalq ölkədə sivil, demokratik dəyərlərə söykənən bir hakimiyyətin yaradılmasını arzulamalı idi. Lakin insanlar kütbaş, qəddar, ölkəni səfalətə gətirib çıxarmış molla rejimindən o qədər beziblər ki, onu şah monarxiyası ilə də əvəzləməyə hazırdılar.

Bu arada İran molla rejiminin Rusiyanın dəstəyi ilə artıq nüvə silahına yiyələndiyi xəbərləri yayılır. Yeri gəlmişkən, biz son vaxtlarda mətbuat səhifələrində dəfələrlə İran molla rejiminin nüvə silahına sahib olmasına çox az vaxt qaldığına dair fikirlər səsləndirmişdik. Bu gün artıq bunun gerçəyə çevrildiyini deməyə əsasımız var. Çünki dünya birliyinin bütün təhdidlərinə baxmayaraq, İran molla rejimi özünü çox arxayın aparır və hətta Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəyə əsaslı yardım edir. Bu səbəbdən, Qərb regionda qəddar bir rejimin nüvə silahına sahib olmasını istəmirsə, hərəkətə keçməlidir. Molla rejiminə İran əhalisinin nifrəti nə qədər böyük olsa da unudulmamalıdır ki, öz hakimiyyətini qorumaq üçün bu rejim özünün xüsusi başkəsənlər ordusunu yaradıb. Xüsusi qəddarlığı ilə fərqlənən bu ordu lazım gəldiyi məqamlarda ortaya atılır və misli görünməmiş qəddarlıq nümayiş etdirir.

Yaranmış vəziyyətdən yararlanıb molla rejimindən qurtulmaq üçün ABŞ başda olmaqla, Qərbin İsraillə birlikdə hərəkətə keçməsi olduqca vacibdir. Bu yerdə İsrailin baş naziri, təcrübəli siyasətçi Benyamin Netanyahunun səsləndirdiyi fikirlər olduqca önəmlidir. O, çox haqlı olaraq İran molla rejiminin yalnız iqtisadi sanksiyalarla çökdürülməsinin mümkünsüzlüyünü vurğulayıb və sanksiyalarla yanaşı, İrana qarşı hərbi müdaxilənin zəruri olduğunu əsaslandırıb. O, çox doğru buyurur ki, gecikən hər gün İranın nüvə silahına sahiblənməsini yaxınlaşdırır, gecikən hər gün bəşəriyyət üçün İran təhlükəsini daha da artırır".

Paşinyan Rusiyadan xilas olmaq istəyir” » "Dünya" informasiya agentliyi

Azər Hüseynov 

AĞ Partiya başqanının dini-ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov isə mövcud durumun heç də xoşagələn olmadığını düşünür. O, bir sıra suallar da ünvanladı: “İranda proseslər ancaq daxili amillərlə inkişaf etmir. Burada xarici amil də rol oynayır. Türkiyədəki zəlzələ geosiyasi fonu da dəyişə bilər. Ümumiyyətlə, dijital əsrdəyik. Proseslərin intensivlik dərəcəsi çox sürətlidir. Ona görə də hansısa bir güc bir anda qabağa da gedə bilər, iflas da edə bilər. Elə götürək Ukraynanı. Orada hələ kimin qalib, kimin məğlub olduğu bilinmir. İndi İrandan danışaq. Baxın, bizim orada səfirliyimizə basqın oldu. Terror edildik. Otuz milyon soydaşımızın hansı gur səsi eşidildi ki? Niyə? Çünki Qərbə lazım deyildi. Amma hicab əleyhinə aksiya, Əmini məsələsində dərhal ortalıq qarışır. Hətta İran hakimiyyətinin siyasətinə etirazdan kontekst dəyişib, islamofob hal alır. İranda durumun dəyişməsi zamanı oradakı xaosu kim idarə edə biləcəksə, o da udacaq. Baxaq Suriyaya. Xaosu sonda kim idarə etdi, iki üç gün? Rusiya, Amerika və İran. Türkiyə şimaldan girməsəydi, Suriyada türkmənlər yox ediləcəkdi. Baxın İraqdakı türkmənlərin durumuna. Acınacaqlıdır. Ona görə biz məsələni belə qoymalıyıq ki, ehtimal edilən xaosa hazırıqmı? İran iflas edərsə, qaçqın axınına, kriminal durumun yaxud epidemioloji situasiyanın dəyişməsinə, yeni assimetrik təhdidlərə hazırıqmı? Mən hərdən siyasi təhlillərə baxıram, emosiya və trend görürəm. Siyasi təhlil ölkənin milli təhlükəsizliyinə müsbət qatqıda bulunmaqdır. İran xarici siyasətində bizə qarşı çox səhvlər etdi, Ermənistana dəstəyi, Paşinyanın ora səfərləri, arvadının məscidlərə getməsi falan... Bunlar İranın bəyan etdiyi ideyalara daban-dabana ziddir. Bu bir daha onu göstərir ki, İran islami meyarlardan deyil, ulusal meyarlardan çıxış edir. Bizə də minnət edir ki, biz hansı üçüncü qüvvə ilə yaxınıq. Bunlar bilinən məsələdir. Amma İran kimi böyük coğrafiyanın ikinci Suriya olması bizə sərf edirmi? Biz onun nəticələrinə hazırıqmı? Zənn edirəm ki, İranda nə zamansa konstruktiv düşüncə əmələ gələr və anlayar ki, Azərbaycanla, Türkiyə ilə düzgün münasibət onun varlığına lazımdır. Regionda konstruktiv format olmalıdır. Onu da ancaq region dövlətləri qura bilər”.

Alternativ düşüncəyə sahib liderlərlə fikir mübadiləsi aparılması siyasi  çoxfikirliliyin inkişafını təşviq edir"-İlyas Hüseynov

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov  bildirdi ki, İrandakı bu etiraz aksiyaları şah rejimi devriləndən və mollalar hakimiyyətə gələndən sonra ən uzunmüddətli nümayişlərdir: “Əvvəlcə sosial narazılıq səbəbindən baş qaldıran piketlər daha sonra siyasiləşdi, hazırda isə daha kəskin mərhələyə qədəm qoyur. İranın ciddi iqtisadi problemlərlə üz-üzə olması və iqtisadi sanksiyalar siyasi iqtidarı da yerindən tərpədə bilər. Rejimin həyata keçirdiyi repressiv siyasət uzun müddətdir ki, liberal və müstəqil düşüncəli şəxsləri ölkədən qaçmağa məcbur edir. Bununla yanaşı, İranın nüvə tədqiqatlarını davam etdirməsi və Rusiyaya pilotsuz uçuş aparatlarını təqdim etməsi geosiyasi çətinlikləri daha da artırıb. Qeyd etmək istəyirəm ki, nüvə silahı haqqında danışan və onu əldə etməyə çalışan bütün rejimlərin sonu yaxşı bitməyib. Təkcə Suriya, İraq və Liviya nümunəsinə baxsaq kifayət edir. İranda hökm sürən həm daxili gərginlik, həm də xaricdən hərbi müdaxilələr və təzyiqlər nəticədə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Bir sözlə, bu ölkə ətrafında vəziyyət çox gərgindir və güclü müxalif lider təşəbbüsü ələ alaraq son nöqtəni qoya bilər”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR