İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana bağlı “yuvalar”da ölkəboyu yeni həbslər - niyə bu şəbəkə tam çökmür?

1117 28.02.2024 12:22 Gündəm A A

Molla rejiminə xidmət edənlərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir

İran xüsusi xidmət orqanlarına casusluq edən şəbəkənin ifşası və saxlanması prosesi davam edir. Azərbaycanda İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində əməliyyat tədbirləri yenə gündəmdədir. “Yeni Müsavat” MOİZƏ saytına istinadla xəbər verir ki, bu əməliyyatlar zamanı xeyli sayda “İran aşiqi” saxlanılıb. Onlar - Bakı şəhər sakinləri Ceyhun Hacıyev, Cavanşir Cəfərli, Lənkəran şəhər sakini Hacı Sakit Məmmədov, Gəncə şəhər sakini Ceyhun Sayadov, Göyçay şəhər sakini Nəsrəddin Nəsirov, Biləsuvar sakini Rahil Ağayev, Astara sakini Bəxtiyar Məmmədov, MBH üzvü Amil Bilalov, Astara sakini Eyvaz Baxşıyev, Neftçala sakini Ramin Babayev, Göyçay sakini Ramiz Hüseynov və Hacı Elxan Zeynalovdur. Onlar İrana casusluqda şübhəli bilinirlər. 

Mediada yayılan xəbərlərə görə, İranın Azərbaycandakı casus şəbəkəsinin ifşası ilə bağlı intensiv əməliyyat tədbirləri həyata keçirilib. Hazırda eyni ittihamla həbs edilən Azərbaycan vətəndaşlarının sayı onlarladır. Son həbslər İranla Azərbaycan arasında münasibətlərin normallaşması fonunda baş verir. Ehtimallara görə, həbslər hələ də İranın dini mərkəzlərinin təsiri altında olan dindarlara qarşı həyata keçirilir. Daha doğrusu, hakimiyyət mümkün risk qruplarını sıradan çıxarmağa çalışır.

Azərbaycan hüquq-mühafizə orqanları xarici ölkələrin dini təsiri və bu təsirin yaradacağı riskləri neytrallaşdırmaq üçün zaman-zaman bu cür “profilaktik” tədbirlər həyata keçirir. O da bildirilir ki, dindarların bəlli dini mərkəzlərlə dini-mənəvi bağları var və onları hansısa inzibati vasitələrlə qoparmaq mümkün deyil. İranla bağlı məsələdə bu özünü daha problematik göstərir. Çünki İran rəsmi olaraq İslam dövlətidir və dini təbliğatı dövlət siyasətinin tərkib hissəsi olaraq aparır. O zaman yeni həbslərin İranla münasibətə hansısa təsirlərinin olacağı istisna edilmir. Maraqlıdır, bəs İrana bağlı “yuvaları” niyə tam çökdürmək olmur? Bir müddət əvvəl də İrana bağlı qrupların ifşası həyata keçirilmişdi, lakin görünür ki, həbslər total şəkildə aparılsa belə yenə də Tehran rejiminə uzantılar var...

Millət vəkili Fərəc Quliyev 60 illik yubileyini keçirib - Fotolar

Fərəc Quliyev: “İranın heç zaman bu siyasəti dayanmayacaq, o bizə dost ölkə deyil”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, İranın Azərbaycana qarşı fəaliyyəti davam etdiyi üçün bu cür tədbirlər görülür. Partiya sədrinin fikrincə, İranın heç zaman bu siyasəti dayanmayacaq: “Onların prinsipi odur ki, Azərbaycanı zəiflətsinlər. Hətta dövlət kimi tanımaq istəmirlər. Bizi bəzi hallarda "Bakı respublikası" adlandırırlar. Ona görə İranın bizə münasibəti dəyişmir. Biz hər dəfə normal qonşuluq əlaqələri naminə yumşaq jest edəndə, guya onlar da adekvatdırlar deyə davranırlar, amma altdan iş görürlər. Ona görə də mən təklif edərdim ki, İranla münasibətlərdə ayrıca bir sistem qurmalıyıq". 

F.Quliyevin fikrincə, biz bilməliyik ki, İran heç zaman dost kimi davranmayacaq: “Yəni hesab edirəm ki, bu nə sonuncu hadisədir, nə də İran casus şəbəkəsinin fəaliyyətinə son verəcək. Siz görürsünüz ki, hər dəfə bir fikir səsləndirirlər, Azərbaycana düşmən olanlarla dostluq edirlər. Biz İranı özümüzə dost olmayan dövlət kimi qəbul etməli və buna uyğun siyasət aparmalıyıq. Həmçinin dini maarifləndirmə işləri həyata keçirilməlidir. Təbii ki, kəşfiyyat və əks-kəşfiyyat orqanlarımız da mübarizəni davam etdirməlidir. Çünki İran öz mövqeyindən heç vaxt əl çəkməyəcək”. 

Fuad Əliyev: Bu savaşdan hamı yorulub

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyev hesab edir ki, İran Azərbaycanda şiə adı ilə ideoloji iş aparır və zaman-zaman təsir altına düşənlər olur: “Təəssüflər olsun ki, bir çoxları ya şirniklənib pul qarşılığında, bəziləri heç bilmədən agenturanın əsirinə çevrilir. İran Azərbaycana münasibətdə heç zaman səmimi olmayıb. Bunun nəticəsidir ki, hüquq-mühafizə orqanları şübhəli bilinən şəxsləri saxlayırlar. Yəni bu şəbəkənin tam çöküşü üçün həmin ideoloji təbliğatın təsirinə gərək düşməsinlər. Həmin casus şəbəkəsinin üzvləri bəzi hallarda aldadılırlar. Onlar bunu inancla qarışdırırlar”. F.Əliyevə görə, İran Zəngəzur dəhlizi məsələsindən tutmuş digər sahələrə qədər heç birində Azərbaycanla dostluq etmək istəmir: “Bizim səfirliyə terror edilmiş ölkədən nə gözləmək olar ki - casus şəbəkəsi, narkotik...”

Ekspertin fikrincə, dövlət casus şəbəkəsinin çökdürülməsi istiqamətində vacib addımlar atır: “Amma həbslərlə yanaşı ideoloji iş aparılmalıdır. Çünki İrandan hər zaman təhlükə görməkdəyik. Sual olunur ki, bir dövlət öz qonşusunun ərazisində agentura şəbəkəsi saxlamaqla hansı informasiyalara sahib olmaq istəyir? Molla rejimi bizim ölkəmizdə nəyi bilmək istəyir ki, bu adamları yetişdirir?! Deməli, bizə dost deyil. Qonşu ölkədə casus şəbəkəsi saxlayırsansa, səninlə tərəfdaşlıq, normal qonşuluq əlaqələri səmimi şəkildə qurula bilməz. Odur ki, bu məsələlərdə diqqətli olmalı, kompleks iş aparmalıyıq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR