İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Rusiya dünya enerji bazarına tam hakim olmaq istəyir

887 27.07.2022 13:15 İqtisadiyyat A A

Xəbər verdiyimiz kimi, İran və Rusiya dolları ölkələr arasında ticarətdən çıxarıb.

Musavat.com-un məlumatına görə, bunu İranın maliyyə və iqtisadiyyat naziri Ehsan Xanduzi paytaxt Tehranda keçirilən mətbuat konfransında açıqlayıb.

E.Xanduzi mehriban qonşuluq siyasətinin İranın xarici siyasətinin prioriteti olduğunu qeyd edərək, bu qərarın iki ölkə rəhbərinin qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmaların nəticəsində verildiyini bildirib.

İran rəsmisi bu məqsədlə ilk addım atıldığını - İran və Rusiya arasında ticarət əməliyyatlarında milli valyutaların əsas götürüləcəyini vurğulayıb.

Ehsan Xanduzi mətbuat konfransında ölkəsinin neft və təbii qaz kondensatı ixracından əldə etdiyi gəlirin son 4 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 580 faiz artdığını iddia edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son İran səfəri zamanı Ankara ilə Tehran arasında 25 illik təbii qaz tədarükü haqqında müqavilə daxil olmaqla 8 mühüm iqtisadi razılaşmanın imzalandığını qeyd edən Xanduzi ölkələr arasında ikitərəfli ticarət həcminin 30 milyard dolları keçdiyinə diqqət çəkib.

Qeyd edək ki, İran Milli Neft Şirkəti (NIOC) və Rusiya Dövlət Neft Şirkəti “Qazprom” arasında da bir çox digər layihələr, xüsusilə İran körfəzindəki Kiş adasında neft obyektlərinin inkişafı üçün 40 milyard dollarlıq əməkdaşlıq müqaviləsi imzalanıb.

NIOC-un icraçı direktoru Möhsün Xocastemehr Rusiyanın “Qazprom” şirkətinin Şimal Pars qaz yataqlarına 10 milyard dollar sərmayə qoyacağını bildirib.

Razılaşmadan asılı olaraq rusların İran körfəzindəki Kiş adasındakı yataqlarını işlədəcəklərini deyən Xocastemehr Şimali Pars qaz yatağında hasilat həcmini 100 milyon kubmetr artırmağı hədəflədiklərini qeyd edib.

NIOC-un icraçı direktoru Rusiya ilə əməkdaşlığın onlar üçün əhəmiyyətini vurğulayaraq “İran və Rusiyanın dünya qaz ehtiyatlarının 30 faizini təşkil edən ümumilikdə 70 trilyon kubmetr təbii qaz ehtiyatı var. Ona görə də bu iki ölkə dünyanın enerji davamlılığının təmin edilməsində çox mühüm rol oynayır” cümlələrini işlədib.

Xatırladaq ki, bundan öncə İran Mərkəzi Bankının (MBİ) sədri Əli Salehabadi Moskvada Rusiya baş nazirinin müavini Aleksandr Novak və iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşündə İran və Rusiya arasında iqtisadi mübadilələrdə milli valyutaların istifadəsi ilə bağlı razılığın əldə olunduğunu açıqlamışdı. İran və Rusiya rəsmiləri Moskvada Rusiyanın mart ayında tərk etdiyi SWIFT sisteminin yerli maliyyə mesajlaşma sistemləri ilə əvəzlənməsi ilə bağlı da danışıqlar aparıblar.

Ə.Salehabadinin fikrincə, İranın valyuta bazarında yerli valyutalarla ticarətə başlaması onun Rusiya ilə iqtisadi əlaqələrini daha da gücləndirəcək və dollar, avro kimi digər xarici valyutaların İran bazarındakı rolunu azaldacaq.

“Biz ümid edirik ki, dollar və avro kimi valyutaların həcmini və təsirini azaldaraq, müxtəlif valyuta portfelinə malik olacağıq”, – deyə Mərkəzi Bankın sədri bildirib.

İran lideri Ayətullah Əli Xamenei də Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə qlobal ticarətdə dollardan imtina edilməli olduğunu bəyan edərək “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır” cümləsini işlətmişdi.

Vladimir Putin isə ABŞ-ın dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək İran və Rusiyanın ticarət əlaqələrində milli valyutalardan istifadənin lübüdlüyünü ifadə etmişdi.

Hər bir halda İranla Rusiyanın belə bir cəsarətli addımlarının arxasında iki ölkənin də sahib olduğu böyük enerji qaynaqlarının durduğu şübhəsizdir. Buna rəğmən, iki dövlətin 10 milyardlıq layihələri həyata keçirmək üçün yüksək texnologiyalara ehtiyac duyacağı qaçılmaz görünür. Bu isə həm Rusiyanın, həm də İranın qurtulmaq istədikləri “dollar” buxovundan azad olmaq arzusunu puça endirə bilər.

Texnologiyalar məsələsində Çinin belə bir boşluğu doldurub-doldurmayacağı qeyri-müəyyən görünür. Yüksək iqtisadi inkişafa rəğmən, 2 trilyon dollardan çox xarici borca malik rəsmi Pekin (Çinin ümumi borcunun 60 trilyon dollar həcmində olduğu bildirilir) bu məsələdə özünü olduqca ehtiyatlı aparır.

Türkiyəyə gəlincə, bu məsələdə ən uduşlu tərəflərdən biri kimi çıxacaq ölkə qismində görünür. NATO üzvü və Avropa Birliyi üzvlüyünə namizəd bir ölkənin dollar və ya avrodan imtinası mümkün görünmür. Lakin Türkiyə İran və Rusiya ilə imzalanan 10 milyardlıq sazişlər sayəsində nəinki qlobal enerji nəqlinin, həmçinin valyuta əməliyyatlarının da mühüm qovşağına çevrilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR