İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və iranlılar nə vaxt azad olacaq?..

850 13.12.2022 10:23 Yazarlar A A

Bir an belə rahat-farağat durmurlar. Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən sonra, necə deyərlər, sanki bunların başına daş düşdü, bütün mahiyyətləri faş oldu.

Bəli, gah Ermənistanda konsulluq açırlar, gah Ermənistana yüzlərlə yaxın mənzilli raket verirlər, gah bizim sərhədə yaxın ərazilərdə təlim keçirlər. Bir sözlə, qocalar demişkən, elə bil yumurtaları tərs gəlib...

Amma ölkədə başlayan və üç aydır davam edən etirazlar bunlar üçün əməlli-başlı əngəl oldu. Demirik ki, bu, mollakratiya üçün bir növ sürpriz oldu, yox, son illərdə İranda etirazlar daim olub. Bir neçə il bundan əvvəl, elə dekabr ayında insanlar “Bizi Fələstinin problemləri deyil, öz problemlərimiz maraqlandırır” şüarları ilə küçələrə çıxmışdılar.

Qeyd edək ki, o vaxt siyasi etirazlar davamlı olmadı. İndisə onlar üç aydır ki, davam edir. Bəs bu dəfə nə olacaqdır? İnsanlar öz istəklərinə çatacaqlarmı?

Doğrusu, çətin sualdır. Etirazçılar böyük əzmkarlıq göstərir, yüzlərlə insan həlak olub, onların arasında uşaqlar və yeniyetmələr də var. Amma proseslər hələ davam edir və bütün dünya bu etirazları “azadlıq uğrunda savaş” adlandırsalar da, yerli təhlilçilər və siyasi müşahidəçilər “İran daha əvvəlki kimi olmayacaqdır” desələr də biz hakimiyyət tərəfindən hələki bir güzəşt, hansısa bir ciddi siyasi islahat görmürük.

Düşünmək olardı ki, onlar əxlaq polisini ləğv edəcəklər və dünyəvi dövlətçiliyə doğru addım atacaqlar. Di gəl, bu olmadı və ola da bilməzdi, çünki dünyəvi dövlət istiqamətində addım atılacağı təqdirdə siyasətçi mollalara daha ehtiyac qalmaz. Odur ki, proses davam edir və etirazçılar ciddi siyasi addımlar atılana qədər öz səylərini davam etdirmək əzmindədirlər. Düzdür, etirazlar xaotikliyi ilə seçilir və biz hələ hansısa lider və ya siyasi təşkilat görmürük bu proseslərin arxasında.

Bir tərəfən sosial şəbəkələr əsrində bu, yeni inqilabların xüsusiyyətidir, digər ölkələrdəki etirazlar zamanı, xüsusən də “ərəb bahar”ları dövründə də belə olmuşdu,- etirazları demək olar ki, sosial şəbəkə fəalları təşkil etmişdilər. Doğrusu, İranda internetin səviyyəsi bizə məlum deyil və səhv etmiriksə, bu ölkədə internətə müəyyən məhdudiyyətlər qoyulub, özü də çoxdan. Ona görə də bir az əvvəl söylədiyimiz fikir sadəcə, bir fərziyyə xarakteri daşıyır.

İkincisi, deyirlər ki, əgər etirazların arxasında dayanan siyasi təşkilatlar, onların liderləri bəlli olsa, Tehran rejimi dərhal repressiyalara başlayar. Nə demək olar, bu da düzdür. Amma Tehranın repressiya maşını heç də hüdudsuz deyil. Düzdür, onlar repressiyaları davam etdirir, insanları edam edirlər, amma bunları qorxa-qorxa edirlər, çünki xalqın qəzəbindən qorxurlar.

Xalqın qəzəbinə gəldikdə isə, etirazların bu qədər uzanması kənar müşahidəçiləri bir növ narahat edir, çünki belə təsəvvür yaranır ki, onlar bütün etiraz potensillarını ortaya qoymurlar. Bizi xüsusən də cənublu qardaşlarımızın etirazlarının səviyyəsi narahat edir - bizə elə gəlir ki, onlar yetərincə fəal deyillər. Bu isə prosesləri tormozlayır, ona görə ki, İranda daim deyiblər ki, Təbriz qalxmayınca heç nə mümkün deyil. Bəs Təbriz nə vaxt tamam qalxacaq?

Tehran rejimi cənublu soydaşlarımızın heysiyyətinə daha nə qədər toxunmalıdırlar ki, onlar tamam ayağa qalxsın? Belə deyilir ki, cənublu soydaşlarımız İranı öz dövlətləri bilir, ona görə də etirazlarda xüsusi fəallıq göstərmirlər. Bəli, İranı “öz dövlətləri” bilmək üçün onların müəyyən əsasları var. Amma bunlar bir görüntüdür. Bəli, İranın lideri azərbaycanlıdır, bu ölkənin siyasi, hərbi, hətta iqtisadi elitası əsasən azərbaycanlılardan təşkil olunub. Fəqət, bir daha deyirik ki, bu, sadəcə, görüntüdür. Əks təqdirdə, İran liderinin yaxınları və qohumları belə onu etirazçıların tələblərini qəbul etməyə səsləməzdilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR