İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfirindən Bakıya hədə - “Zəngəzur müharibəsi” başlasa...  

3956 30.08.2023 14:46 Siyasət A A

Tehranın İrəvandakı yeni elçisi “ermənidən betər ermənilik etməyə” hazır olduğunu bəyan edib və ölkəsinin Ermənistanın ərazi bütövlüyünü hər məsələdə dəstəklədiyini açıqlayıb; hərbi ekspert: “İranın özünə dəstək verən lazımdır...”

İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani erməni mətbuatına açıqlamasında növbəti dəfə ölkəsinin “ermənidən betər ermənilik etməyə” hazır olduğunu bəyan edib. “Yeni Müsavat”ın Armenpress.am-a istinadən yaydığı məlumata görə, İrəvanda keçirilən iqtisadi sərgi zamanı İranın Ermənistandakı səfiri bəyan edib ki, ölkəsi Ermənistanın ərazi bütövlüyünü və suverenliyini qoruyur.

“Bizim əsas siyasətimiz Ermənistan Respublikası ilə əlaqələrin inkişafıdır. Biz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edirik”, - səfir bildirib. Sübhani əlavə edib ki, İran və Ermənistanın, xüsusən də Ermənistan müstəqillik əldə etdikdən sonra heç bir səviyyədə və heç bir sahədə problemi olmayıb. Təki olmasın, qardaşlığınız davam etsin!

Erməni jurnalistləri isə səfirdən “Azərbaycanın güc yolu ilə Zəngəzur dəhlizini açmağa cəhd edəcəyi təqdirdə” İranın nə edəcəyini, Ermənistana necə yardım göstərəcəyini soruşub. O da cavabında bildirib ki, İran Ermənistanın sərhədlərinin dəyişdirilməsinin qəti əleyhinədir, onun ərazi bütövlüyünü dəstəkləyir və “bunun təmin olunması üçün addımlar atır”. “İran bu halda hansı konkret addımlar atacaq” sualına isə Sübhani özündənrazı şəkildə belə deyib: “Güc yolu ilə heç nə dəyişməyəcək. Mən deyəndə ki, İran Ermənistanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyəcək, hər şey aydın olur”.

İran səfiri bununla da həddini aşaraq onun təmsil etdiyi dövlətin Ermənistan tərəfdən Azərbaycana qarşı müharibəyə qoşulmağa hazır olduğuna işarə vurub. Səfirinin bu açıqlaması növbəti dəfə Azərbaycanda dini məzhəbçiliyin, narkomaniyanın yayılmasından tutmuş açıq terrora qədər hər cür çirkin əməllərə əl atan fars rejiminin müsəlman məscidlərini təhqir edən, on minlərlə müsəlmanı qətl edən Ermənistanla birgə Azərbaycana qarşı döyüşəcək qədər rəzil mahiyyətə malik olduğunu təsdiqləyib. İran əslində Ermənistanı bu sayaq müdafiə etməklə həm də Cənubi Qafqazda nüfuzunu artırmağa çalışır, özünü “sərhədlərin pozulmasına qarşı mübarizə aparan dövlət kimi” göstərməyə cəhd edir. İran bu yolla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına problem yaratmağa cəhd göstərir. Fransa, Rusiya, daha başqa ermənisevər, Ermənistanı dəstəkləyən qüvvələrin tərəfindən çıxış etməyə çalışır və özünü onlara yaxın göstərmək istəyir.

Yada salaq ki, bu ilin yanvarında Azərbaycanın İrandakı səfirliyində terror aktı törədilib, bundan sonra ölkəmiz diplomatik korpusu bağlayıb. İran isə son həftələr az qala israr edir ki, səfirlik fəaliyyətini bərpa etsin. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb. İran səfiri Ermənistanın ərazi bütövlüyünü və suverenliyini kimdən qoruyur? Ermənistanın ərazi bütövlüyü deyəndə nəyi nəzərdə tutur? Axı Azərbaycanın Zəngəzura hərbi müdaxilə niyyəti yoxdur. Sadəcə, əldə edilmiş üçtərəfli razılaşmaya əsasən Zəngəzur koridoru açılmalı, yüklərin Naxçıvana maneəsiz keçidi təmin edilməli, dəhlizdə təhlükəsizliyi də Rusiya Federal Təhlükəsizlik Xidməti kontrol etməlidir. Ermənistan isə üç ildir ki, bu məsələni yubadır, qərb rayonlarımızdan Ermənistandan keçməklə Naxçıvana quru yolumuz açılmaq bilmir. Yəni burada Azərbaycanın Zəngəzura hücum planı yoxdur. Baxmayaraq ki, tarixi torpaqlarımızdır, lakin beynəlxalq hüquqla Ermənistanın suveren ərazisi kimi qəbul etmişik. Sadəcə, qərbi azərbaycanlıların qayıdış planı var. Amma Tehran açıq şəkildə Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ona görə “Cənubi Qafqazın sərhədləri dəyişə bilməz”, “Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik” kimi bəyanatlar səsləndirirlər. İran iddia edir ki, koridor açılsa, strateji və iqtisadi cəhətdən kənarda qalacaqlar. Tehranın İrəvandakı səfiri isə son günlər ölkəsinin Bakıya münasibətdə tutduğu siyasi kursdan qırağa çıxmağa çalışıb.

Ekspert: Füzulinin azad olunması ilə düşmən mənəvi-psixoloji sarsıntı içinə  düşdü - 17.10.2022, Sputnik Azərbaycan

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyevin “Yeni Müsavat”a dediyinə görə, İranın indiyə qədər demədiyi söz qalmayıb. “Amma sözdən əmələ keçmirlər. İranın Ermənistana verdiyi dəstəyi çox görmüşük. Onlar əsasən Qarabağdakı separatçıları daha çox dəstəkləyiblər, nəinki Ermənistanı. Amma bu necə nəticələnib, ona baxmaq lazımdır. Hər halda, Tehran siyasi dəstək ifadə edə bilər, amma İran Türkiyə və Pakistan reallıqlarını nəzərə almalıdır”, - deyə Ə.Verdiyev vurğuladı. Onun fikrincə, İranın özünə dəstək verən lazımdır: “Onun Suriyadakı qüvvələri hər həftə zərbələrə məruz qalır. İran heç özünə dəstək verə bilmir, o ki qaldı Ermənistana kömək etsin. Sadəcə, bu açıqlamalarla Ermənistanı öz orbitində saxlamağa çalışır. Digər tərəfdən, məqsəd Ermənistan üzərindən Gürcüstana keçid və Avropaya gedən yolu saxlaya bilməkdir. Ermənilər yaxşı bilirlər ki, Zəngəzur qədim Azərbaycan torpaqlarıdır. Onlarda qorxu var ki, Azərbaycan bu ərazilərinə də sahiblənə bilər. Ona görə erməni jurnalistlər səfirə belə suallar verirlər. Ümumiyyətlə, Ermənistan yaxşı anlayır ki, Qarabağdakı müharibə cinayətlərinə görə gec-tez cavab verəcək, kompensasiya ödəyəcək. Amma təzminatı ödəməyə maddi imkanları yoxdur, ona görə Zəngəzurun Azərbaycana qismən qaytarılması müzakirə mövzusuna çevriləcək. Ona görə Ermənistan bu mövzuda onları dəstəkləyə qüvvələr axtarışındadır. Hələlik İran və Fransa İrəvanı bu məsələdə dəstəkləyir, başqa qüvvə yoxdur”.

Fuad Əliyev - VHP

Fuad Əliyev

Siyasi icmalçı Fuad Əliyev İranın Ermənistanda olan əvvəlki səfirinin də eyni açıqlamalar verdiyini xatırlatdı. İrəvana gedən iranlı səfirlərin özlərini Ermənistanın Xarici İşlər Nazirliyinin işçisi kimi apardığını söyləyən ekspertin sözlərinə görə, Sübhani rəsmi Tehranın mövqeyini ifadə edib: “Xarici işlər naziri Abdullahian da eyni ritorika ilə danışır. Burada təəccüblü heç nə yoxdur. İran rejimi ermənipərəst olduğunu çoxdan sübut edib. Açığı, onlardan fərqli gözləntimiz qalmayıb. Bundan sonra soyuq qonşuluq münasibətləri mümkün ola bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, cənub qonşunun bu addımları bir oyundur. Söhbət Zəngəzur dəhlizindən gedir. Onlar Ermənistana görə deyil, koridorun açılmaması üçün bizə qarşıdırlar. Tehran hesab edir ki, dəhliz işə düşəndə onlar bir qəpik də qazanmayacaq, strateji əhəmiyyətlərini itirəcəklər, Orta Asiya və Çindən daşınan yüklər səbəbindən İranın bir rolu qalmayacaq”.

Təhlilçi postmüharibə dövründə Ermənistanın iki mərkəzdən əsas güc aldığını düşünür: “Fransa və İran. Köhnə müttəfiqlər bir aradadır. Avropa Birliyinin müşahidə missiyası da elə fransızların göstərişi ilə regiona yerləşiblər. Bu iki güc müharibədə kapitulyasiya etmiş Ermənistanı dirçəltmək üçün kömək edir. Hindistandan gələn silahlar İran vasitəsilə Zəngəzura çatdırılır. Habelə, İrana bağlı silahlı "Həşdi Şabi" qruplaşmasının və PKK qüvvələrindən ibarət 1500 nəfərin Ağdərə istiqamətində yuva saldığı xəbərləri yayılır, Fransa da hərbi-siyasi, eləcə də diplomatik dəstəyini əsirgəmir. Hətta ən böyük səfirliyi İraqdan sonra Ermənistanda olan Birləşmiş Ştatlar da o dərəcədə İrəvana hamilik etmir. Yəni biz kimlərlə üz-üzə qaldığımızı, dostumuzu və düşmənimizi yaxşı tanıyırıq, keçmişdən dərslər çıxarmışıq, o baxımdan bu gün İrana da, digərlərinə də münasibətdə hansı siyasət yürütmək lazım olduğunu gözəl bilirik. Prezidentin xarici siyasəti və son addımlarımız da bunu təsdiqləyir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR