İnsanlara hürriyət, millətlərə istiqlal!

İran bayraqları ABŞ-də dalğalanacaq - DÇ-2026-nın siyasi hekayəsi başlayır...

1636 18.05.2026 15:31 İdman A A

Futbol üzrə Dünya Çempionatı-2026-nın başlamasına 23 gün qalır. İyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək mötəbər turnir bu dəfə daha çox siyasi çalarlarla yadda qalmaqdadır. Səbəb də İran və ABŞ arasında yaşanan gərginlikdir.

Bəllidir ki, İran millisi də finallara vəsiqə qazanıb və G qrupunda Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşacaq. Maraqlıdır ki, FİFA cənub qonşumuzun bütün qrup matçlarının ABŞ-da keçiriləcəyini çoxdan təsdiqləyib. İyunun 11-ə qədər hər an savaş təhlükəsinin yenidən baş qaldıra biləcəyini nəzərə alsaq, İran millisinin ABŞ-a gedib-getməyəcəyi sual altındadır.

Son olaraq, bu istiqamətdə ciddi irəliləyiş yaşanıb və futbol dünyasına diqqətçəkən mesaj verilib. Belə ki, Türkiyədə İran nümayəndələri ilə FİFA-nın yüksək səviyyəli rəsmiləri arasında görüş keçirilib və tərəflər arasında müəyyən anlaşmanın və qarşılıqlı təminatların əldə olunduğu bildirilib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin açıqlamasına görə, ev sahibi ölkə tərəfindən bütün FİFA qaydalarına əməl olunacağı barədə Tehrana rəsmi zəmanət təqdim edib. Bu isə son günlər ABŞ-ın İran millisinin bəzi futbolçularına viza verməyəcəyi ilə bağlı yayılan iddiaların üstündən xətt çəkib.

Bu açıqlamalar idmanla siyasətin yenidən eyni nöqtədə toqquşduğunu göstərir. İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatına qədər ABŞ-İran arasında mövcud gərginlik azala bilərmi? Əgər çempionatın keçirildiyi günlərdə regionda hərbi qarşıdurma və ya savaş davam edərsə, bu İran millisinin çıxışına necə təsir göstərəcək? Tarix göstərir ki, müharibə şəraitində olan ölkələrin milli komandaları bəzən meydanda böyük ruh nümayiş etdirir, bəzən isə siyasi və emosional gərginliyin ağırlığını daşımaqda çətinlik çəkirlər.

Digər mühüm məqam isə ABŞ tərəfindən verilən zəmanətin arxasında hansı siyasi mesajın dayanmasıdır.

Vaşinqtonun FİFA vasitəsilə “bütün qaydalar yerinə yetiriləcək” mesajı verməsi yalnız idman diplomatiyasıdır, yoxsa bu, iyunun 11-nə qədər münasibətlərin müəyyən qədər yumşalacağına işarə hesab oluna bilər?

natiq-1.jpg (22 KB)

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-a dedi ki, siyasətçilərin idmanı öz maraqları naminə monopoliyaya alması bu günün məsələsi deyil:

“Uzun illərdir ki, siyasət-siyasətçilər idmana nəzarət edir, ondan öz maraqları naminə yararlanırlar. Yəni “idmanda siyasətə yer yoxdur” anlayışı elə deyildiyi gündən əhəmiyyətini itirib. Soyuq müharibə dövründə əvvəlcə Moskva Olimpiadası Qərb tərəfindən boykot edildi, 4 il sonra isə ABŞ-da keçirilən Olimpiada SSRİ-nin nəzarəti altında olan sosialist ölkələri tərəfindən boykot edildi.

Yəni, siyasət həmişə idmanda olub, ona müdaxilə edib və onu idarə edib. Bu gün də heç nə dəyişməyib. Yaxın Şərqdə baş verən hadisələr, demək olar ki, Dünya Çempionatına marağı azaldıb. Hər kəs bu DÇ-nin sırf siyasi məqsədlər üzərində keçirildiyini görür. Hətta ev sahibliyinin ABŞ-a verilməsi də siyasi qərar olub. 2018 və 2022-ci illərdə keçirilən DÇ-lərə ev sahibliyinin Rusiya və Qətərə verilməsi Qərbi qəzəbləndirmişdi. Bu qəzəb FİFA-da korrupsiya əməliyyatı ilə nəticələndi. Kadrlar dəyişdi və növbəti DÇ-yə ev sahibliyi ABŞ və qonşularına verildi.

Blatterin FİFA-dan uzaqlaşdırılmasından sonra qurumda korrupsiyanın kökü kəsildi? Təbii ki, yox. İndi İnfantino da eyni iş görür, amma bu dəfə ABŞ-ın himayəsi altında. FİFA, demək olar ki, Trampın oyuncaq qurumudur. Hətta iş o yerə çatır ki, İnfantino FİFA-ya aidiyyəti olmayan ideyalar da düşünür. Məsələn, qondarma bir “FİFA Sülh Mükafatı” təyin edir və onu Trampa verir. DÇ-də iştirak etmək İran yığmasının haqqıdır. Bu haqq meydanda qazanılıb. Amma ABŞ-da başqa cür düşünürlər, onlar idman prinsiplərinə tüpürmək belə istəmirlər. Hər vəchlə çalışırlar ki, İran yarışa buraxılmasın. İnfantino İranın bu yarışma buraxılmamasının FİFA-nı tamamilə ayaq altına atacağının fərqindədir. Ona görə də az qala Trampa yalvarır. Sözün düzü, ABŞ-ın çempionat bitənə qədər İrana hücum edəcəyini düşünmürəm. Yəqin ki, ay yarım ərzində “söz müharibəsi” aparılacaq”.

d3279c43-8584-3a8e-839d-9b8a4816bca2_1200.jpg (209 KB)

N.Muxtarlı İranın DÇ-də iştirakının ABŞ rəsmilərinə sərf etmədiyini də diqqətə çatdırdı:

“ABŞ stadionlarında İranın himninin çalınmasının, bayraqlarının dalğalanmasının və kadrların bütün dünyaya yayılmasının Tramp və komandası üçün xoş olmayacağı aydındır. Üstəlik, İran yığmasının meydana xüsusi bir motivasiya ilə çıxacağı da bəllidir. ABŞ-nin təzyiqlərinin futbolçulara psixoloji cəhətdən təsir edəcəyini düşünmürəm, əksinə, bu, onları daha da motivasiyalı edəcək və böyük ehtimalla dünyada milyonlarla azarkeşin diqqəti məhz İran yığmasının futbolçularına yönələcək. Belə bir ssenari Ağ Evə lazımdır? Məncə, yox.

Ona görə də hər cür təzyiqlərə əl atırlar, o cümlədən futbolçulara viza vermirlər. Amma buna haqları yoxdur, DÇ-yə ev sahibliyini qəbul edəndə ABŞ bütün iştirakçılar üçün eyni şəraitin yaradılacağı, onların təhlükəsizliyinin təmin olunacağı öhdəliyini götürüb. Ancaq indi bu öhdəliklər yada düşmür. FİFA rəhbərliyi də bu öhdəlikləri onlara xatırlatmağa cəsarət etmirlər. Ona görə də İnfantino ABŞ rəsmilərinə yalvarır. Və bütün baş verənlər aşkar hiss olunur. Bunun fonunda isə DÇ-yə maraq itir. Siyasi şarlatanlıq olan yerdə idman prinsiplərinə yer qalmır”.

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR