İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran Annanı məscidə aparır, Ərdoğan isə...” - Kin zəhəri qusan ölkəyə ŞİLLƏ kimi cavablar

2841 15.06.2023 19:10 Siyasət A A

“Əvvəl qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, indi isə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri yanımızda olan strateji tərəfdaşlarımızı aydın surətdə ortaya qoyur. Bu səfərləri həmrəylik səfərləri də adlandırmaq olar”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

qabil.jpg (172 KB)

Politoloq bildirib ki, bu səfərlər dünyaya, yaxın qonşulara mesaj xarakteri daşıyır, Azərbaycanın tək olmadığını, onun yanında bir nüvə dövləti, regionun ən qüdrətli dövlətlərindən birinin olduğunu bəzi ölkələrə, onların başçılarına əyani surətdə çatdırır:

“Yəni “hər hansı bir sınaq məqamında xoşagəlməz niyyətdə olsanız, bizi Azərbaycanın yanında görəcəksiniz” mesajı verilir. Bu səfərlər simvolik xarakter daşıyır. Bir neçə ildir ki, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı haqda fərəhlə danışırıq və praktikada bunun təcəssümünü görürük”.

Politoloq hesab edir ki, digər müsəlman ölkələri də Azərbaycan ətrafında formalaşan bu həmrəylikdən nümunə götürməyi bacarmalıdır:

“Məsələn, İran Azərbaycan müstəqillik qazanandan bu günə qədər bizə qarşı müxtəlif fitnə-fəsadlar törədib, xaçpərəstlərə gah əlaltından, gah açıq formada dəstək verib. Azərbaycan İkinci Qarabağ müharibəsində böyük zəfər qazanandan sonra İranın maskası yırtıldı. Bu ölkə Azərbaycana qarşı nə qədər nifrət bəslədiyini və ermənilərə nə qədər dəstək verdiyini açıb ortaya qoydu. Bilirik ki, Türkiyədə və Pakistanda İslam dininin sünni məzhəbi üstünlük təşkil edir. İranda isə şiə məzhəbi üstünlük təşkil edir. Azərbaycan əhalisinin də 80 faizindən çoxu şiədir. Özünü şiə dünyasının lideri adlandıran İran Azərbaycana qarşı həmişə kin zəhəri qusdu, min oyundan çıxdı, erməniləri öz süfrəsinin başında əyləşdirdi, hətta Paşinyanın xanımı Annanı Qum şəhərindəki məscidə, Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarətə aparmaqla İslamın müqəddəs prinsiplərini pozmaqdan belə çəkinmədi.

anna.jpg (47 KB)

Vitrinin bir hissəsində iki qardaş ölkə, digər hissəsində isə hərəkətləri başdan-ayağa şərlə, fitnələrlə, müxtəlif təxribatlarla yoğrulmuş İran dayanır. İstənilən halda qüvvələr nisbəti Azərbaycanın xeyrinədir. Azərbaycanın daha qüdrətli müttəfiqləri var”.

Qabil Hüseynli vurğulayıb ki, İran təklənmiş və küncə qoyulmuş bir ölkədir:

“Başının üzərindən İslam dünyasının müəyyən ölkələrinin, xristian dünyasının əksər ölkələrinin təhdidləri yağır. Sanksiyalar, müxtəlif qadağalar və digər təhdidlər. Çünki bu ölkə müasir sivilizasiyaya uyğunlaşa bilmir, müasir dünyanın qayda-qanunları ilə yaşamaq istəmir. İran sivilizasiyadan tamamilə uzaq, dünya düzəninin qayda və qanunlarına zidd hərəkət edən şər ölkəsidir. Ona görə də dünya tərəfindən küncə sıxılır. İran bundan ibrət dərsi götürmək əvəzinə, hər gün bir az da həyasızlaşır, hərəkətlərinə yeni mənfur davranışlar əlavə edir və beləliklə, dünyanın şər üçbucaqlarından birinə çevrilir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR