2026-cı ilin yanvar-may aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı qeydə alınmayıb. Musavat.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə əsasən, hesabat dövründə ölkədə ÜDM-in həcmi 51 milyard 783,8 milyon manat təşkil edib və 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə dəyişməyib.
Beş ayda neft-qaz sektorunda 16 milyard 125,4 milyon manatqlıq məhsul istehsal olunub ki, bu da illik ifadədə 1 faiz azdır.
35 milyard 658,4 milyon manatlıq məhsul istehsalı qeydə alınan qeyri-neft-qaz sektorunda isə 0,4 faizlik artım var.
Hesabat dövründə qeyri-neft-qaz sənayesində 5,8 faiz, kənd təsərrüfatında 2,3 faiz, informasiya və rabitə xidmətlərində 10,1 faiz, nəqliyyat və anbar təsərrüfatı xidmətlərində 6,8 faiz artım qeydə alınıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan iqtisadiyyatında ilin ilk dörd ayında artım templərinin gözləntilərdən nisbətən aşağı olması əsasən dövlət tərəfindən həyata keçirilən bir sıra layihələrin vaxtının dəyişdirilməsi ilə bağlıdır.
Nazirin sözlərinə görə, icra olunmalı olan bir sıra dövlət investisiyaları ilə bağlı fəaliyyət, o cümlədən tikinti işləri növbəti mərhələdə həyata keçiriləcək: “İlin dörd ayında gördüyümüz dinamika ondan ibarətdir ki, bir sektorda kəskin azalma müşahidə edirik. Bu da tikinti sektorudur. Vurğulamaq istəyirəm ki, bu, daha çox özəl tikintinin azalması ilə deyil, dövlət tərəfindən həyata keçirilən investisiya layihələrinin vaxtının dəyişdirilməsi ilə bağlıdır”.

Nazir bildirib ki, hökumət bu prosesin səbəblərini anlayır və onun aradan qaldırılması üçün hansı tədbirlərin görülməli olduğunu müəyyən edib. Onun sözlərinə görə, bu istiqamətdə aidiyyəti qurumlarla, xüsusilə maliyyə-iqtisadi blokda fəaliyyət göstərən qurumlarla birgə iş aparılır.
Mikayıl Cabbarov qeyd edib ki, tikinti sektorunda azalma müşahidə olunsa da, qeyri-neft-qaz sektorunun digər sahələrində artım qeydə alınır. Neft-qaz sektorunda isə ilin ilk dörd ayında azalma baş verib: “Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib. Bunu 2025-ci ildə də gördük. Daha uzun dövrü götürsək, 2021-2025-ci illərdə bu sektorda orta illik artım 6 faiz, 2022-2025-ci illərdə isə 5,7 faiz təşkil edib”.
Onun sözlərinə görə, bu göstəricilər dünya iqtisadiyyatı, inkişaf etməkdə olan ölkələr və yuxarı orta gəlirli ölkələrlə müqayisədə qənaətbəxşdir. Nazir qeyd edib ki, müvafiq dövrdə dünyada iqtisadi artım 3 faiz, inkişaf etməkdə olan ölkələrdə 3,8 faiz, yuxarı orta gəlirli ölkələrdə isə 3,9 faiz təşkil edib.
Nazirin sözlərinə görə, ilin sonuna qədər əsas diqqət məlum səbəblərin aradan qaldırılmasına, xüsusilə tikinti sektorunda fəaliyyətin canlandırılmasına yönəldiləcək. Bu istiqamətdə həm dövlət, həm də özəl sektor üzrə tədbirlər hədəflənir.
Mikayıl Cabbarov turizm sektorunda artım templərinin yavaşladığını da qeyd edib. O bildirib ki, Yaxşın Şərqdə münaqişələrin nəticələri turizm sektorundan da təsirsiz ötüşmür və bu sahədəki vəziyyət daha çox regionda baş verən proseslərdən asılı olacaq.
Nazir əlavə edib ki, digər sahələrdə artım templərinin sürətləndirilməsi üçün ciddi maneə görünmür: “Qeyri-neft-qaz ixracının sürətlə artırılması davam edir. İlin dörd ayında bu istiqamətdə 17 faizdən yuxarı artım tempi görürük və bunu müsbət hal kimi qiymətləndiririk”.
Mikayıl Cabbarov qeyd edib ki, son aylarda neft-qaz qiymətlərinin yüksək olması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Bununla belə, nazir gəlirlərlə iqtisadi artım tempinin tam eyniləşdirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, bu göstəricilər arasında müəyyən əlaqə olsa da, hər zaman birbaşa bağlılıq mövcud deyil.
Qeyd edək ki, rəsmi statistikaya əsasən bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz azalmaqla 6 milyard 650,1 milyon manat təşkil edib. Bu məbləğin 4 milyard 98,2 milyon manatı qeyri-neft sektoruna yatırımlardır ki, bu göstəricidə 14,7 faiz azalma var. Ötən ilin 5 ayında neft-qaz sektoruna 1 milyard 958,8 milyon manat, bu ilin eyni dövründə isə 2 milyard 551,9 milyon manat, yaxud 30,2 faiz çox investisiya yatırılıb.
Bu azalma iqtisadiyyat nazirinin dediyindən də aydın olduğu kimi, büdcədən nəzərdə tutulan investisiyaların hələ həyata keçirilməməsi ilə bağlıdır. Büdcədən tikintiyə yönəlik əsaslı vəsait qoyuluşu xərclərinin maliyyələşməsi hələ başlamayıb.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatındakı artım imkanlarını Dünya Bankı ekspertləri də nəzərə alırlar. Qurum 2026 və 2027-ci illər üçün Azərbaycan üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb. Bankın qlobal iqtisadiyyatla bağlı hesabatına əsasən Azərbaycanın real ÜDM-i 2026-cı ildə 2 faiz, 2027 və 2028-ci illərdə isə 1,8 faiz artacaq. Beləliklə, Bank yanvar proqnozu ilə müqayisədə 2026-cı il üçün proqnozunu 0,2 faiz bəndi, 2027-ci il üçün isə 0,1 faiz bəndi artırıb.
Bankın analitikləri qeyd edirlər ki, yüksək enerji qiymətlərinin Azərbaycan da daxil olmaqla enerji ixracatçısı olan ölkələrin ixrac gəlirlərinə müsbət təsir göstərəcək. Qeyd edilib ki, yüksək əmtəə qiymətlərinin Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi enerji ixracatçılarının ixrac gəlirlərini dəstəkləyəcəyi gözlənilir. Bununla belə, Dünya Bankı əmtəə ixracatçısı ölkələrdə iqtisadi artım tempinin orta müddətli dövrdə məhdud qalacağını proqnozlaşdırır.
Hesabatda qeyd edilir ki, enerji ixracatçıları daha yüksək neft-qaz gəlirləri hesabına fiskal konsolidasiya imkanlarını gücləndirəcək və cari əməliyyatlar balansında daha yaxşı göstəricilər nümayiş etdirəcəklər.
İqtisadçı-ekspert Rəşad Həsənovun Musavat.com-a dediyinə görə, beş ayda iqtisadiyyatın artmamasının iki mühüm səbəbi var:

“Birincisi, neft sektorunun kiçilməsi. Bu, əvvəlcədən proqnozlaşdırılan idi. İkinci səbəb qeyri-neft sektorunun ümumi iqtisadiyyata lazımi qədər töhfə verə bilməməsidir. Burada da əsas amil tikinti sektorunun geriləməsidir. Nəticədə Azərbaycan iqtisadiyyatı ardıcıl staqnasiya riskləri ilə müşayiət olunan bir dövrə daxil olub. Əslində tikinti sektorundakı geriləmə də bilavasitə dövlət investisiyalarının kəskin azalması ilə bağlıdır. Bu sahəyə dövlət investisiyaları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 650 milyon manat -25 faiz azalıb. Bunun nəticəsində tikinti sektoru iqtisadiyyata əvvəlki qədər töhfə verə bilmir. Digər sektorların bəzilərində müxtəlif diapazonda artımlar qeydə alınsa da, xidmət sektorunun iqtisadi artıma töhfəsi məhduddur”.
Ekspertə görə, hazırda əsas məsələ iqtisadiyyatdakı durğunluğun davamlılığıdır: “Ortamüddətli dövrdə əgər hökumət fiskal konsolidasiya siyasətini davam etdirib, ortamüddətli xərclər çərçivəsi sənədində nəzərdə tutulan büdcə limitlərini gözləmək prinsipini qoruyacaqsa, bu, artıq iqtisadi durğunluğun azalmaya keçməsi ilə nəticələnəcək. Çünki indiyədək Azərbaycan iqtisadiyyatı dövlət xərcləmələri hesabına böyüyüb. Mövcud model artıq öz resusrlarını tükədib və bu siyasətin davam etdirilməsi ciddi risklər yaradır. Lakin son vaxtlar bəzi müsbət əlamətlər görünməkdədir. Hiss olunur ki, hökumət də reallığı, riskləri düzgün qiymətləndirib, aidiyyəti qurumlarda narahatlıq yaranıb. Bu mənada, əgər indiyədək yürüdülən konservativ iqtisadi siyasət yenilənəcəksə, yeni və daha liberal model qurulacaqsa, müsbət dəyişikliklər hiss olunmağa başlayacaq. Çıxışlardan görünür ki, beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsi də gündəmdədir. Yəni açıq demək lazımdır ki, Azərbaycan iqtisadiyyatı sürətli liberallaşmaya keçməsə, iqtisadi azadlıqlara yol açılmasa, dövlətin maliyyə imkanlarının məhdudlaşdığı dövrdə iqtisadiyyatı böyümə yoluna qaytarmaq mümkün olmayacaq”.
Dünya SAKİT,
Musavat.com






