İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtidar namizədini açıqladı, müxalifətdən REAKSİYALAR

2759 12.12.2023 14:07 Siyasət A A

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib. T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası keçiriləcək.

Onun sözlərinə görə, iclasda prezidentliyə namizəd irəli sürüləcək: "2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib".

"Uzun illərdir hər kəs deyirdi ki, Qarabağı kim azad etsə, o, bizim əbədi prezidentimiz olacaq. İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, titulu daşımağı qazanıb. Düşünürəm ki, hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın bu barədə fikri qətidir", - T.Budaqov qeyd edib.

ARZUXAN.jpg (195 KB)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Musavat.com-a açıqlamasında bildirib ki, bu həftənin cümə günü partiyanın Siyasi Şurasının iclası çağırılıb:

"Bu iclasda partiyanın seçkilərdə hansı formada iştirakı ilə bağlı məsələ müzakirə olunacaq. Eyni zamanda öz namizədimizin olub-olmayacağı müəyyənləşdiriləcək. Vaxt azdır. Bundan öncəki seçkilər də növbədənkənar keçirilmişdi. Bunu nəzərə alaraq hesab edirəm ki, seçkilərə hər zaman hazır olmaq lazımdır. Təbliğat-təşfiqat kampaniyası zamanı müəyyən çətinliklərin olması istisna deyil. İştirakla bağlı qərar verildikdə bütün məqamlar nəzərə alınacaq".

ELSAD MUSAYEV.jpeg (249 KB)

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə növbədənkənar prezident seçkisində iştirak edib-etməməklə bağlı hələ qərar verilmədiyini deyib.

Partiya sədri yekun qərarın həftənin sonuna planlaşdırılan Siyasi Şuranın iclasından sonra veriləcəyini bildirib:

"Siyasi Şuranın bir neçə üzvü Bakıda olmadığı üçün iclas bu həftəyə təyin olunub. Növbədənkənar prezident seçkisi elan olunduğu gündən məsləhətləşmələr aparılıb. Yekun qərar qəbul ediləndə açıqlama verəcəyik".

TURAL SON.jpg (251 KB)

Ağ Partiya başqanı Tural Abbaslı Musavat.com-a açıqlamasında qeyd edib ki, bu gün rayon təşkilatları sədrlərinin iştirakı ilə toplantı keçiriləcək.

Partiya sədri bildirib ki, İdarə Heyətinin ilkin toplantısında fikir ayrılıqları olmuşdu:

"Güman edirəm ki, son qərarı bu həftə ərzində verəcəyik. Nəzərə almaq lazımdır ki, seçkidə iştirak edəcəyiksə, artıq qərar verilməlidir, çünki zamanın az olması ilə bağlı çətinliklər var. Müxalifət partiyası olaraq resurslarımız və imkanlarımız Yeni Azərbaycan Partiyasında olduğu kimi deyil, məhduddur. Eyni zamanda gələn il referendumu da nəzərə alsaq, 3 seçkinin keçirilməsi gözlənilir. Buna görə də resurslarımızı, gücümüzü, mümkün maliyyə hesablarımızı elə hesablamağa çalışırıq ki, siyasi imkanlarımızı itirməyək. Proses öz-özlüyündə ağırdır. 40 min imzanın toplanması üçün zaman və resurs lazımdır. Qış aylarında imza toplamaq çətin olacaq. Partiyalar öz resursları - üzvlük haqları, ianələr hesabına namizəd irəli sürsələr belə, qeydiyyata alınıb-alınmamaq sual altındadır. 3 aydan sonra parlament seçkisi keçiriləndə yenidən üzvlərə müraciət edib imza toplamaq, namizəd irəli sürmək lazım olacaq. Yəni ümumilikdə çox çətin prosesdir".

Tural Abbaslı hesab edir ki, prezident seçkisində iştirak etmək kifayət qədər imkan qazandırır:

"İstənilən seçki partiyanın təbliği, proqramın, ideyalarının cəmiyyətə çatdırılması, partiya liderinin tanınması üçün önəmli prosesdir. Partiya daxilində fəallıq yaranacaq. Bunlar müsbət tərəflərdir".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR