İnsanlara hürriyət, millətlərə istiqlal!

İnvestisiya fəaliyyətini tənzimləyəcək qanun qüvvəyə mindi: Nə dəyişəcək?

2621 29.07.2022 08:20 İqtisadiyyat A A

İyulun 27-də dövlət başçısı “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Qeyd edək ki,  yeni qanun Prezident İlham Əliyevin “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamında “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin yaradılması barədə göstərişinə uyğun hazırlanıb.

Qanuna əsasən, investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi mülkiyyətin toxunulmazlığı; qanunçuluq; insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi; konfidensial məlumatların qorunması kimi prinsiplər əsasında həyata keçiriləcək. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir. İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri isə  əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi; investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması; investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması; investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi; dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması; iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi; investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsindən ibarət olacaq.

Qanunla dövlət investisiya fəaliyyətinin təşviqi məqsədilə aşağıdakı tədbirləri həyata keçirməyi öz üzərinə götürür. Bura vergi və digər dövlət ödənişləri üzrə güzəştlərin müəyyən edilməsi; güzəştli şərtlərlə kreditlərin verilməsi; xüsusi iqtisadi zonaların, sənaye parklarının və digər rejimli zonaların yaradılması; dövlət-özəl tərəfdaşlığı mexanizminin genişləndirilməsi; yerli və xarici investorlara Azərbaycan Respublikasının investisiya potensialı, habelə investisiya fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları, investisiya layihələri və potensial tərəfdaşlar barədə onlayn platformalar vasitəsilə məsləhət və məlumatların verilməsi, bu sahədə müvafiq tədbirlərin təşkili və investisiya fəaliyyətinin təşviqi məqsədini daşıyan digər tədbirlər aiddir.

Yeni qanun Azərbaycanda investisiya fəaliyyəti sahəsində prioritet hesab olunan investisiya layihələrini də müəyyən edir. Belə prioritetlər sırasına iqtisadiyyatın texnoloji tutumunu artıran, innovasiyaların tətbiqinə və inkişafına; ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli istifadəni nəzərdə tutan; əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən; sosial infrastrukturun və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn; müasir tələblərə uyğun bilik və bacarıqların formalaşmasını şərtləndirən və regionların inkişafını dəstəkləyən investisiya layihələri var.

Sənədə görə, dövlət tərəfindən investorların qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir. Eyni zamanda qanunun 9-cu maddəsi nəzərə alınmaqla, oxşar vəziyyətlərdə xarici investorlara və onların investisiyalarına yerli investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (milli rejim) tətbiq edilir. Həmçinin oxşar vəziyyətlərdə bir xarici investora və onun investisiyasına digər xarici investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (ən əlverişli rejim) tətbiq edilir.

Qanun həmçinin milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydasını da müəyyənləşdirir. Qanuna əsasən, investisiyanın dövlət ehtiyacları üçün alınması, habelə Mülki Məcəllə ilə nəzərdə tutulan rekvizisiya istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində investisiyanın və investisiya qoyuluşunun investorun razılığı olmadan alınmasına və milliləşdirilməsinə yol verilməyəcək. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilməyəcək. Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq kompensasiya ödəniləcək. Ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) sonra bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun müəyyən olunur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödəniləcək.

Ləğv edilən “Xarici investisiyanın qorunması haqqında” və “İnvestisiya fəaliyyəti haqqında” qanunların qüvvədə olduğu zaman investorlara münasibətdə həmin qanunlar əsasında təmin edilən daha əlverişli şərtlər 10 (on) il müddətinə qüvvəsini saxlayacaq.

Fərmanla Nazirlər Kabinetinə “İnvestisiya fəaliyyəti haqqında” qanunun nəzərdə tutulan dövlət qurumları tərəfindən investisiya fəaliyyətinin həyata keçirilməsi qaydasının layihəsini beş ay müddətində, investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və “bir pəncərə” prinsipi əsasında göstərilməsi ilə bağlı təkliflərini üç ay müddətində, investisiya fəaliyyətinin təşviqi ilə bağlı təkliflərini beş ay müddətində hazırlayaraq rezidentinə təqdim etmək tapşırılır.

Vüqar Bayramov: “Azərbaycan və Aİ arasında əməkdaşlıq strateji xarakter  daşıyır”

Vüqar Bayramov: “Mövcud çağırışlar kontekstindən xarici investisiyaların Azərbaycana cəlbi xüsusilə böyük əhəmiyyət kəsb edir”

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, “İnvestisiya fəaliyyəti haqqında” qanunun Azərbaycanda xarici və daxili investisiyalarla bağlı qanunvericiliyin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır: “Qanun xarici investisiyaların cəlb edilməsi, ümumilikdə investisiya üçün əlverişli mühitin formalaşdırılmasına dəstək xarakteri daşıyır. Mövcud çağırışlar kontekstindən xarici investisiyaların Azərbaycana cəlbi xüsusilə böyük əhəmiyyət kəsb edir. Qanun da bu baxımdan, xarici investisiyaların birbaşa təşviqini nəzərdə tutur. Əvvəlki qanunvericiliklə əsas fərqi ondan ibarətdir ki, yeni qanun birmənalı şəkildə yerli və xarici investorların hüquqlarının sistemli və aydın formada qorunmasını ehtiva edir. Sənəddə investorların mülkiyyət hüquqlarının qorunması xüsusi bənd olaraq əksini tapıb ki, bu da diqqəti cəlb edir”.

Millət vəkili hesab edir ki, ölkədə investorların hüquqlarının tam qorunması üçün hüquqi bazanın formalaşdırılması son dərəcə vacibdir: “Bu, investisiyaların cəlbi üçün qaçılmaz şərtdir. Bizim hazırda bölgələrdə investisiya ehtiyaclarımız daha kəskindir. Bu baxımdan, yeni qanunun kəskin ehtiyac duyulan regionlara, iqtisadiyyat sahələrinə sərmayənin cəlbini təşviq edəcək”.

Aydın məsələdir ki, Azərbaycanda investisiya mühitinin cəlbedici hala gətirilməsi üçün atılan hər bir addım təqdirəlayiqdir. Xüsusilə nəzərə alsaq ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra başlanan bərpa prosesi böyük investisiyalar, sərmayə qoyuluşları tələb edir və bu proses hələlik bilavasitə dövlətin üzərindədir, onda yerli özəl sektordan, həmçinin xarici mənbələrdən investisiyaların axınını təmin etməyin yaxın və ortamüddətli dövrdə ölkə üçün nə qədər strateji əhəmiyyətə malik olduğunu aydın görmək mümkündür. O da məlumdur ki, Azərbaycanda ən yaxşı qanunun belə praktikada bərbad tətbiq olunduğu, real müsbət dəyişikliyə gətirmədiyinə dair təcrübələr də kifayət qədərdir. Bu baxımdan, yeni qəbul edilən “İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqini yalnız onun real nəticəsi əsasında qiymətləndirmək mümkün olacaq.

Qeyd edək ki, son 6 ildə Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşları davamlı azalma nümayiş etdirməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə iqtisadiyyata investisiyalar daha 8,2 faiz azalmaqla 16 milyard 127 milyon manat təşkil edib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil edib.

2022-ci ilin yanvar-may aylarında isə əsas kapitala 4 milyard 915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz az vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3 milyard 657,3 milyon manatını və ya 74,4 faizini daxili vəsaitlər təşkil edib.

Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə  sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4 milyard 795,271 milyon dollar təşkil edib. 2020-ci ildə bu göstəricinin 4 milyard 527,706 milyon dollar olduğunu nəzərə alsaq, ötən il birbaşa xarici investisiyaların həcminin 5,9 faiz artdığını söyləyə bilərik. 2021-ci il üzrə tədiyə balansına əsasən, birbaşa xarici investisiyaların 83,5 faizi (2020-ci ildə 86,6 faizi) neft-qaz sektorunun payına düşüb. Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi 790,3 milyon dollar (artım 30,5 faiz), xüsusi çəkisi 16,5 faiz təşkil edib.

Rəsmi statistikadan da aydın olur ki, ölkəyə xarici investisiyalar əsasən neft-qaz sektoruna yönəlir. Bu vəziyyətin dəyişməsi, iqtisadiyyatın neft-qazdan kənar sahələrinin də xarici investorlar üçün cəlbedici olması üçün çox işlər görülməlidir. “İnvestisiyalar haqqında” qanunun qəbulu bu sırada bəlkə də ilk addım hesab oluna bilər. Növbəti addım onun icrası, ölkədə sağlam rəqabət mühitini formalaşdıracaq Rəqabət Məcəlləsinin qəbulu, azad məhkəmə sisteminin yaradılmasıdır...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR