İnsanlara hürriyət, millətlərə istiqlal!

İntim zəmində ekstremal olaylar

3177 21.06.2024 10:30 Yazarlar A A

Dünən mediada iki elə xəbər vardı ki, adam bilmir, necə şərh eləsin, qızıl ortanı necə tapsın, kimə haqq qazandırsın, kimi qınasın.

Xəbərlərdən biri beləydi ki, bir gənc qız ona əxlaqsız təklif edən yaşlı kişini mobil telefonu ilə qeydə alaraq ifşa edib. Heç demə, kişi intim görüş üçün ona 300 manat təklif edib, qız da çox pis reaksiya verib. Kişi məcbur olaraq, qazyerişi üsulu ilə onun yanından uzaqlaşıb. Qızın çəkib yaydığı videogörüntülərdə açıqca görünürdü ki, ağ şalvarlı, ağ köynəkli, yaşı 45+ və ya 50- aralığında olan adam aradan çıxmağa çalışır, qız da onu təqib edir, ünvanına “duud-duud”la boğulan tərbiyəli sözlər işlətdikdən sonra arxadan adamı hədələyir: “Bütün səhifələrdə görərsən özüvü”.

Xəbərin ilk cümləsi beləydi: “Sosial şəbəkələrdə yayılan görüntülər insanları hiddətləndirib”. Əslində burada hiddət doğuracaq iki pis hərəkət var. O futbolda olur ha, hücumçu qapıya gözəl bir zərbə vurur, qapıçı da gözəl tullanışla zərbəni dəf edir və şərhçi deyir: “İki gözəl hərəkət izlədik”. Burada isə iki pis hərəkət izləyirik.

Biri odur ki, kişi küçədə tanımadığı gənc qıza eşqual (bu, yeni termindir) əlaqə təklif edib. Belə çıxır ki, adam səhv salıb, həmin qız “o deyən qızlardan deyil”miş. Bu yaşa çatıb, amma hələ də “ev qızı” ilə “çöl qızı”nı bir-birindən ayıra bilmirsə, ta adama nə deyəsən? Eləsi elə özünü bütün səhifələrdə görsə, yəni biabır olsa, yaxşıdır.

Amma videoçəkən qızın geyiminin və makiyajının təhər-tövrü görünmədiyi üçün qəti qərar vermək olmur ki, təcrübəli bazkişi (bu da yeni termindir, “kişibaz”ın antonimidir) bu qədər yanılmaya hansı səbəbdən yol verib. Ola bilər ki, qızın görünüşü elə olub ki, istənilən adam yanılarmış. O cür olubsa, bu da pis hərəkətdir.

Bax, sonra böyüklər küçəyə açıq-saçıq libasda çıxanlara tövsiyə edəndə ki, geyiminizə fikir verin, yoxsa küçədə haqqınızda pis düşünərlər, bəzilər sözə qulaq asmır. Asmayanda da belə olur.

Bu xüsusda bir incə detal da var: 300 manat məsələsi... Müvafiq xidmətin istehlakçılarının fikrincə, burada şişirtmə var, məhrəm görüşün qiyməti 300 manat deyil, 50-100 arasındadır. Ya qaçıb aradan çıxan kişi çox səxavətli olub, ya da videoçəkən qız gözəllər gözəli imiş.

Bəs bu video çəkilməsə necə olardı? Çəkilməsinin bir xeyri odur ki, bu, bazkişilərə dərsdir. Onlar indən belə biabır olmaqdan qorxaraq küçələrdə gənc qızlara girişməzlər. Amma bu, qızlara saf niyyətlə yanaşan gənclər üçün də təhlükəlidir. Yazıqlar sosial şəbəkədə mesaj yazırlar, qızlar skrinşot edib yayır, ictimai yerdə tanış olmaq istəyirlər, videoları çəkilir. Lifdə-zadda söz desələr, lap qorxuludur, seksual təcavüz maddəsi ilə içəri gedəcəklər. Bəs bu bəədbəxt uşağı neynəsin, necə eləsin?

İkinci xəbər isə Şüvəlan qəsəbəsində dəniz kənarında baş verən ağır cinayətin təfərrüatına dairdir. Çimərlikdən 100 metr kənarda dənizə gətirdikləri qadınlarla dalaşan kişilərin badına Rusiyadan qonaq gəlmiş bir harayçı gedib.

Dəniz qırağına yeyib-içməyə gətirilən qadınların peşəsini qırağa qoyaraq, onlarla dava edən kişilərdən bəhs edək. Heç farağat adam olmayıblar. Zalım uşağı, o boyda yolu basa-basa dənizə qadın gətirmisiz, ta niyə savaşırsınız, zərif məxluqları niyə döyürsünüz ki, ürəyi belə şeyləri götürməyən qürbətçi həmvətənimiz qovğaya müdaxilə etməli olur.

Daha pisi isə o olub ki, adam qadınları döyənləri sakitləşdirib, necə deyərlər, onları xətaya düşməkdən qurtarıb, amma canilər qadınları yola salandan sonra qayıdıb adamın özünü bıçaqlayıblar, özü də 10-15 adam üstünə tökülüşməklə.

İndi işə baxın, Rusiya kimi kriminal ölkədən başını salamat qurtarıb gəlmiş adam öz doğma şəhərində dəniz qırağına aparılmış iki qadının və onları ora gətirənlərin güdazına gedib.

Belə vəziyyətdə adətən cinayəti törədənlərdən çox, harayçılıq edən və özü zərər çəkən adam qınanılır. Çox adam deyir, nəyinə lazım idi o pozğunları ayırmaq, qoyardın bir-birini qırardılar, indi yaxşı oldumu, cavan canın getdi.

Görünür, Şüvəlan davasıının zərərçəkəni də döyülən qadınları səhv salıb, onları “ev qızı” zənn edib, ona görə müdafiələrinə qalxıb.

Demək, insan sərrafı olmaq lazımdır, “ev qızları”nı “çöl qızları” ilə heç vəchlə səhv salmaq olmaz. Hər ikisi xətalı işdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR