İnsanlara hürriyət, millətlərə istiqlal!

İntiharların qorxudan statistikası

1154 24.05.2022 20:16 Gündəm A A

 

“İntihar hadisələri ilə bağlı psixoloji analiz aparılarsa, məlum olacaq ki, intihar yox, cinayətdir...”-Psixoterapevt 

Son günlər Bakıda və digər bölgələrdə 9 intihar hadisəsi qeydə alınıb. Məlumata görə, Quba rayon sakini 73 yaşlı Əlifəddin Eldarov, Abşeron sakini 28 yaşlı Leyla Abbasova, Gəncə sakini 58 yaşlı Eldar Tağıyev, Salyan sakini 28 yaşlı Vasif Abışov yaşadıqları evdə, Gədəbəy sakini 54 yaşlı Nizami Hüseynov, İkinci Qarabağ müharibəsi qazisi 27 yaşlı Əlisahib Malik oğlu Məmmədov, Salyan rayon sakini 70 yaşlı Mirsalahov Seyidramazan Mircavad oğlu yaşadıqları evin həyətində özlərini asaraq həyatlarına son qoyublar. Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yaşayan AMEA-nın alimi 41 yaşlı E.İ evdə müxtəlif dərman preparatları qəbul edərək özünü öldürüb.  

Qəribədir ki, iki həftə öncə də azyaşlılar və yeniyetmələr arasında intiharlar çoxluq təşkil edirdi. Bəs görəsən, intiharların artmasına səbəb nədir? Silsilə özünəqəsd hadisələrinin qarşısı necə alınmalı? 

3a710b62-5f15-4703-9667-7b8b3162.jpg (23 KB)

Sosioloq Tərlan Tağıyevanın Musavat.com-a mövzu ilə bağlı fikirləri diqqət çəkib: “İntihar çox həssas mövzudur. Bunu müzakirə etdiyimiz, yaxud bu haqda mülahizələr irəli sürdüyümüz zaman çox diqqətli olmalıyıq. Çox da gündəmə gətirmək düzgün deyil. Çünki insanlar bunun adi hal olduğunu zənn edir, o hərəkəti təkrar edirlər. İntihar hallarının səbəbləri var ki, bunu da əsasən, həssas qrupdan olan insanlar törədir. Hansı ki, onların öhdəsindən gələ bilmədiyi problemləri var. Yaxud da problemin öhdəsindən gələ bilməyəcəklərini hesab edirlər. Çünki bunu özləri üçün aşa bilmədikləri çətinlik kimi görürlər. Özünə qəsd edənləri bir neçə qrupa bölmək olar. Bir yeniyetməlik yaşında olanlar- şəxsiyyətlərinin tam formalaşmaması və həyatı dərindən dərk edə bilməmələri səbəbindən bunu edirlər. Qarşılarındakı maneələri aşınmaz hesab edirlər. Bu zaman ən asan yolu-intiharı seçirlər”.

Sosioloq indiki dövrdə daha da diqqətli olmağı tövsiyə edir: “Son günlər abituriyentlərin intihar etməsi hallarına da rast gəlirik. Bunun qarşısını almaq üçün valideynlər övladlarına qarşı anlayışlı olmalıdırlar, hətta danışdıqları hər kəlməyə, cümləyə fikir verməlidirlər ki, övladlarını incitməsinlər. Onlar “həyat buraya qədərdir” deyə, düşünməsinlər. Uğursuzluq da ola bilər. Buna görə öz övladlarının yanında olmalarını diqqətə çatdırmalıdırlar. “İmtahandan keçməsən, evə gəlmə” yaxud, “bundan sonra qayğını çəkməyəcəm” kimi ifadələr uşaqlara özlərini yalnız hiss etməsinə gətirib çıxarır. Başqa səbəb isə insanların özlərini olduğu kimi göstərməməsi ilə bağlıdır. Hadisələr o qədər tez bir zamanda inkişaf edir ki, müasir dövrdə  insanlar yaşadıqlarının yalnız müsbət tərəfini göstərirlər. Başqaları da  düşünür ki, həyat bundan ibarətdir, yaxşı geyinmək, yaxşı restoranlarda, məkanlarda istirahət etməkdir və bu şəxslərin heç bir problemi yoxdur. Onlar da öz problemlərinin öhdəsindən gələ bilmədiyi üçün hesab edirlər ki, artıq zəifdirlər, bacarmayacaqlar. Lakin bu belə deyil. Cəmiyyət olaraq insanlara dəstək olmaq lazımdır. Zəif xarakterli insanları işlədikləri kollektivdə, təhsil aldıqları məkanlarda, ailədə həssas qrupa aid olduğunu aşkarlamalı, dəstək olmalıdırlar. Bu şəxsləri ayrıca reabilitasiyadan keçirmək lazımdır”.

Oxu.az - Elmir Əkbər Mədəniyyət TV-də veriliş aparmağa başladı - VİDEO

Tanınmış psixoterapevt Elmir Əkbər də Musavat.com-a mövzu ilə bağlı fikirlərini açıqlayıb: “İntiharlar artır, özü də həndəsi silsilə ilə... Yeniyetmələr, hətta yaşı az olan uşaqlar arasında bu artmağa başlayıb. Absurd səslənir, o yaşda hansı problemi ola bilər ki, özünə qəsd etsin. Bu sahədə olan mütəxəssislər, beynəlxalq təşkilatlar həyəcan təbili çalırdılar ki, pandemiyanın fəsadları bir yana, onun yaratdığı dərin psixoloji mühit və insanların psixologiyasına vurduğu zərbə daha ağır olacaq. İnsanlarda təşviş, ağırlaşmış depressiya, intiharlara meylin artdığını görürük. Bu bir səbəbdir. Dərin fəlsəfi düşüncənin fəsadları da var. İnsan depressiyaya bənzər dərin bir quyuya düşə bilər və fikirləşir ki, həyatın mənası nədir, “mən niyə yaşayıram ki?” İndiki valideynlərin də heç də hamısı əvvəlki valideynlərin davranış modelini davam etdirmirlər. Burada biganəlik, laqeydlik var. Valideynlər öz övladlarına qarşı eqoist mövqedə durub. Dünyaya uşaq gətirən bəzi valideynlər  övladlarını pulla satır, uşağın vasitəsilə nə isə əldə etməyə çalışır. Uşaq sanki bir alətdir. Bunun sayı o qədər artıb ki... Bəzən “övladım üçün çox şey edim” deyib, onları bədbəxt edirlər. Bu gün informasiyanın çoxluğu da bizim ruhumuz üçün böyük ağırlıqdır, yükdür. Amma uşaqlarla bağlı intihar hadisələrində valideynlərin “əməyi” var. Məsuliyyətsizlik, səhlənkarlıq formasında, ya da həddən artıq təpki göstərək bunu edirlər. Çox vaxt öz problemlərini uşaqlarının üzərində həll etməyə çalışırlar. Şüuraltı olaraq özləri də bunu dərk etmirlər. Fikrimcə, intihar hadisələri ilə bağlı çox dərindən psixoloji analiz aparılarsa, məlum olacaq ki, bunların əksəriyyəti intihar deyil, cinayətdir, qətldir. Belə hadisələrdə valideynlər məsuliyyətə cəlb olunmalıdır. Biz hüquqi dünyada yaşayırıqsa, hətta cani hamilə olsa belə, məsuliyyətini daşımalıdır”. 

Afaq MİRAYİQ,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR