İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar və zoralama xəbərləri bu insanları təşviq edir: Sosioloqdan HƏYƏCAN SİQNALI

643 20.04.2022 18:05 Sosial A A

“İnsanın aldığı informasiya onun davranışına ciddi təsir göstərir”.

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu SİTAT.İNFO-ya açıqlamasında bildirib. Əhməd Qəşəmoğlunun fikrincə, intihar və zorakılıq haqqında məlumatlar hazırda olduğu kimi verilməməlidir:

“Bunun çox təhlükəli olması sadəcə mənim fikrim deyil. Arxasında ciddi sosial-psixologiya və davranış haqqında bir çox elmlərin konkret tövsiyyələri vardır. İnsanların 85%-dən çoxu həmişə  mahiyyəti etibarilə yamsılamağı, kimisə təkrar etməyi  xoşlayırlar. Yalnız 15-20% insanda analitik düşünmə, qərar qəbuletmə tələbatı olur, buna uyğun qabiliyyət inkişaf edir. Ona görə də cəmiyyətə bu cür məlumatları ötürərkən bəzi nüanslara xüsusi diqqət etmək lazımdır. Bu məlumatlar bir çox insanın şüuraltına təsir göstərir”.

Əhməd Qəşəmoğlunun sözlərinə görə, cəmiyyətdə davranışın formalaşmasına təsir göstərən əsas dörd amil var: " Birinci insanın öz fərdi psixoloji xüsusiyyətləri, ikinci mühit, üçüncü aldığı informasiya, dördüncü isə üstünlük verdiyi dəyərlər. Elə insanlar var ki, anadan olandan onlarda intihara, zorakılığa meyillilik olur. Buda insanın nəslindən, genindən, ana bətnində olduğu dövrdə ananın keçirtdiyi həyat şəraitindən asılı olur. Elə ola bilər ki, mühit intihara, zorakılığa meyilliliyin qarşısını alsın. Əksinə elə də ola bilər ki, mühit bunları inkişaf etdirsin.  Alınan informasiyalar da bu istiqamətdə müsbət və yaxud mənfi təsir göstərə bilər. Üstünlük verdiyi dəyərlərə gəldikdə isə mənəvi dəyərlərə üstünlük verən insan tənzimlənir, özünü belə neqativ hallardan qoruyur. Amma elə insanlar da var ki, mənəvi dəyərlər arxa plana keçir, burada müdafiə sistemi zəifləyir".

Ə.Qəşəmoğlu vurğuladı ki, hazırda bizim mühitdə bu müdafiə sistemi yoxdur, dəyərlər sistemi də arzuolunan səviyyədə deyil. Və alınan informasiya da qıcıqlandırırsa, həmin insanlardakı o xüsusiyyətləri oyadırsa, artıq insanda intihar və zorakılıq xüsusiyyətləri inkişaf etmiş olur. Belə insanlar cəmiyyətdə öz yerini tapmayanda, yəni bir işlə məşğul olmayanda, özünü təsdiq edə bilməyəndə, gələcəyə dair ümidsiz olduqda onlarda intihar, zorakılıq xüsusiyyətləri birdən sürətlə inkişaf edir. Və nəticədə böhranlı vəziyyət yaranır, bir çox hallarda da bu vəziyyətdən çıxmaq qeyri-mümkün olur”.

Sonda sosioloq qeyd etdi ki, intihar və zorakılıq xəbərlərinin verilməsi xüsusi diqqət və qabiliyyət tələb edir : “Hazırda bizim mürəkkəbləşmiş, həssaslaşmış cəmiyyətdə informasiyaların bu şəkildə verilməsi məsləhət deyil. Amma bunlar tamamilə susmaq, bu informasiyaları qadağan etmək mənasına da gəlmir. Bu kimi məlumatları cəmiyyətə elə tərzdə hazırlayıb vermək lazımdır ki, qeyd etdiyimiz neqativ xüsusiyyətləri insanlarda inkişaf etdirə bilməsin.”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR