İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...

1659 04.05.2024 13:39 Yaxın tarix A A

 

1938-ci ilin noyabrın 17-də, gecədən xeyli keçmiş Stalinə bir neçə cümlədən ibarət yazılı məlumat təqdim edilib. Məlumatda bildirilib ki, Ukrayna Xalq Daxili İşlər komissarı (NKVD) Aleksandr Uspenski intihar edib. Məsələyə aydınlıq gətirmək üçün həmin dövrdə “NKVD”-nin birinci müavini olan Lavrenti Beriya Stalinin kabinetinə çağırılıb.  Beriya məruzəsində aşağıdakıları bildirib:

“Aleksandr Uspenski noyabrın 14-də gecə saat 4-5 radələrində iş kabinetindən çıxıb və sonrakı günlərdə onu görən olmayıb. Hadisəni eşidən kimi mən Xruşşovla (Ukraynanın birinci katibi) dərhal əlaqə yaratdım. O, mənə bildirdi ki, Uspenskinin kabinetində yazılı bir qeyd tapılıb: “Lazım olsa, meyitimi Dnepr çayının dibində axtararsınız...” Üç gündür axtarışlar aparılır. Uspenskinin üst geyimi Dnepr sahilində tapılsa da, onun meyitini tapmaq mümkün olmayıb. Axtarışlar davam edir...”

233755_600 (1).jpg (103 KB)

Uspenskinin intiharı, yaxud da yoxa çıxması Stalinin çox kəskin qəzəbinə səbəb olub. Qeyd edək ki, Uspenski 1938-ci ilin yanvar ayından Ukrayna “NKVD”-sinə rəhbərlik edib. Xruşşov Ukraynaya birinci katib göndəriləndə Uspenski məhz onun təşəbbüsü ilə bu vəzifəyə təyin edilib. Bu təyinatda Nikolay Yejovun da böyük rolu olub. Belə ki, Yejovla Uspenski arasında sıx dostluq münasibətləri hökm sürüb.

Ukraynadakı 11 aylıq fəaliyyəti dövründə Uspenski elə ilk günlərdən özünü tanıtmağı bacarıb. Məhz bu dövrdə on minlərlə ukraynalı repressiya qurbanları olublar. Səhər saat 5-6-ya qədər kabinetdə oturan Uspenski həbs olunanları şəxsən özü “qəbul” edib və bu kabinetdən atəş səsləri də az eşidilməyib.

37 yaşlı Uspenski gələcəyinə böyük ümidlərlə baxıb. Xruşovla yaxın münasibətləri, Yejovla dostluq əlaqələri onun vəzifə karyerasına yaşıl işıqlar yandırıb. Amma hər şey heç də onun istədiyi kimi alınmayıb.

1938-ci ilin payızında Nikolay Yejovun “istismar müddətinin” sona çatdığı ərəfələrdə Uspenski Moskvadan xoşagəlməz xəbərlər alıb. Gizli əldə olunan məlumatlar onun üçün ürəkaçan olmayıb. Uspenski anlayıb ki, Yejov üzərinə düşən missiyanı yerinə yetirib, Stalin ondan yetərincə istifadə edib və Stalinin göstərişi ilə milyonları məhv edən bir şəxsin şahid kimi sağ qalması mümkünsüzdür. Uspenski onu da anlayıb ki, Yejovun aradan götürülməsi ilə onun komandası da sıradan çıxarılacaq. Kreml isə Yejovdan əvvəl onun ətrafını, komandasını zərərsizləşdirməyi planlaşdırıb.

Uspenski bunları düşünərkən ağlına gətirməyib ki, onun həbsi ilə bağlı artıq Moskvada planlar cızılır. Yejovun dar məqamda ona zəng etməsi də bunu bir daha sübut edib. Belə ki, Yejov Uspenskiyə zəng vuraraq onu xəbərdar edib:

-Mükafatlandırılmaq üçün Moskvaya dəvət olunursunuz. Amma gəlməyə də bilərsiniz.

Bu zəngdən sonra Uspenski öz qərarını verib. O, əvvəlcədən başqa adla özünə düzəltdiyi şəxsiyyəti təsdiq edən sənədi götürərək aradan çıxıb. Getməzdən əvvəl kabinetindəki iş masasının üstünə intihar etməsi ilə bağlı qeydlərini qoyub.

delo_uspenskogo_001.jpg (63 KB)

Həmin gün səhərə yaxın saat 6-da kabinetdən çıxanda Uspenski sürücüsünü buraxıb, evə piyada gedəcəyini söyləyib. Adətən, evə getdikdən 3-4 saat sonra yenidən işə qayıdan Uspenski gün ərzində yerində tapılmayıb. Müavinləri onu axtaranda məlum olub ki, o, evdə də deyil. Daha bir sutka keçdikdən sonra məlum olub ki, Uspenski yoxa çıxıb. Dneprdəki axtarışlar isə nəticəsiz qalıb.

Artıq hamıya məlum olub ki, Uspenski intihar adı ilə aradan çıxıb. Onun axtarışlarını Stalin Beriyaya həvalə edib və şəxsən öz nəzarətində saxlayıb. Stalin Xruşşova da öz sözünün deyib:

-Onu Moskvadan Kiyevə sən aparmışdın, indi isə geri, Moskvaya qaytar. Əgər onun səsi hansısa bir xarici ölkədən gəlsə, sovet hökumətinin əleyhinə bir cümlə də olsun fikir səsləndirsə, buna görə başınla cavabdeh olacaqsan.

Uspenski əvvəlcə xaricə getməyi planlaşdırıb. Amma sərhəddə yarana biləcək təhlükəni nəzərə alaraq planını müvəqqəti olaraq təxirə salıb. O, əvvəlcə saxta sənədi ilə qatarla Voronejə yollanıb. Bir neçə gün Voronojdə qaldıqdan sonra yerini dəyişib. Onun qaçış xəritəsi günü-gündən böyüyüb, Arxangelsk, Kuybışev, Sverdlovsk, kiçik qəsəbələr, böyük kəndlər və s. Nəhayət o, Kaluqada məskunlaşıb. Şəhər yaxınlığındakı kəndlərin birində kirayə ev tutub, gözətçi kimi işə düzəlib. Bir aydan sonra sahə müvəkkili ev sahibəsindən kirayəşinin kim olduğu ilə maraqlananda Uspenski Kaluqanı tərk edib. Saxta pasportuna arxayın olan Uspenski bir müddət Moskvada da məskunlaşıb. Moskvada olarkən o, xəbər tutub ki, həyat yoldaşı Annanı həbs ediblər. Bu xəbəri eşidən kimi, o, Çelyabinskə üz tutub.

Uspenskiy_photo_poisk.jpg (63 KB)

Həyat yoldaşına nə qədər işgəncələr versələr də, o, bu işlərdən xəbərsiz olduğunu bildirib. Amma bir məsələni xatırlayıb. Evdə Şmakovski soyadlı bir şəxsin adına olan pasportu. Bu fakt artıq “NKVD”-nin sükanı arxasında olan Lavrenti Beriya üçün kifayət edib. 15 aprel 1939-cu ildə Çelyabinskinin dəmiryolu vağzalında Uspenski-Şmakovski həbs olunub. 27 yanvar 1940-cı ildə Ali Məhkəmənin Hərbi Kollegiyasının hökmü ilə qaçaq və “qoçaq” Aleksandr Uspenski ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Cəza həmin gün icra olunub.

Qeyd edək ki, Uspenski Ukraynadan əvvəl “NKVD”-nin Moskva idarəsinin müavini, Kreml komendantının müavini vəzifələrində xidmət edib.

Stalin sonralar bu hadisəni Xruşşova tez-tez xatırladıb:

“Uspenski vəzifədə qalsaydı günlərin birində sənin qollarını qandallayıb Dneprə atacaqdı...”

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR