İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücülərə ŞAD XƏBƏR: Saray körpüsü AÇILDI - FOTOLAR YENİLƏNDİ

1321 18.03.2025 11:25 Ölkə A A

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikinti işləri yekunlaşdırılıb.

Bu barədə Musavat.com  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşların istifadəsinə verilib.

Keçidin istifadəyə verilməsi mərasimində Agentliyin İdarə Heyəti sədrinin müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və agentliyin əməkdaşları iştirak ediblər.

Sözügedən körpünün tikintisinə 2024-cü ilin dekabr ayında başlanılıb və 3 ay müddətində tikinti işləri tamamilə başa çatdırılıb. İnşa işləri hərəkət intensivliyi və yolun strateji əhəmiyyəti nəzərə alınaraq, fəsilə verilmədən və hava şəraitindən asılı olmayaraq sürətlə və yüksək keyfiyyətlə aparılıb. Nəticədə körpü Novruz bayramı ərəfəsində vətəndaşların istifadəsinə verilib.

Bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihə zamanı öncədən nəzərə alınıb. Belə ki, 3 aşırımdan ibarət olan körpü, 4 hərəkət zolağından ibarətdir. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin, körpünün sağ və sol hissələrində piyada səkiləri də tikilib.

Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir. Ümumilikdə körpü 12 sütundan ibarət olub, hər dayaq iki cərgəli svaylar üzərində qurulub. Svayların uzunluğu 14 metr, diametri isə 1 metrdir və ümumilikdə 80 svaydan istifadə olunub.

Yeni körpü, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı nəqliyyatın sürətini və təhlükəsizliyini artıracaq. Körpünün istifadəyə verilməsi körpüdən istifadə edən vətəndaşlar üçün mühüm rahatlıq yaradacaq, eyni zamanda komfortlu və asan nəqliyyat şəraitini təmin edəcək. Körpü hərəkət intensivliyinin yüksək olduğu və strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək.

***

10:54

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri bitib.

Bu barədə Musavat.com-a Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib. O bildirib ki, körpü bu gün sürücülərin istifadəsinə veriləcək.

Yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edir. Ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunub.

Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə bir metr olan svaylar üzərində tikilib.

Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilmişdi və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılmışdı.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilmişdi.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunmuşdu.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR