İnsanlara hürriyət, millətlərə istiqlal!

İngilis nazirin səfərinin pərdəarxası

1304 24.02.2023 08:37 Siyasət A A

 Xəzərdən Azərbaycana hansı ciddi təhlükə var?

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir. “Yeni Müsavat”ın yaydığı məlumata görə, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitterdə yazıb. Onun sözlərinə görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşüblər. Səfir Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrinin müzakirə edildiyini açıqlayıb. Britaniyalı nazir Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb. Nazir Azərbaycanın Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşı olduğunu bildirib. Nazir əlavə edib ki, Böyük Britaniya regionda sülh və təhlükəsizliyə sadiqdir. İngilis nazir səfəri çərçivəsində minatəmizləmə üzrə ekspertlərlə də görüşüb. Minalarla mübarizənin əhəmiyyəti və bu sahədə Böyük Britaniyanın Azərbaycana dəstəyi müzakirə edilib.

Müzakirədən sonra jurnalistlərə açıqlama verən Leo Dokerti deyib: “Biz Azərbaycanla Ermənistanı sülh prosesinin və danışıqların davam etdirilməsinə çağırır və bunu təşviq edirik. Biz inanırıq ki, irəliyə getməyin ən yaxşı yolu bütün tərəflərin müsbət mühitdə müzakirələr aparmasıdır. Biz açıq şəkildə bildirmişik ki, bu proses davam edərsə, onun çoxlu dividentləri və faydası olacaq. Hər kəs sülhün olduğu gələcək istəyir. Böyük Britaniya olaraq biz bütün tərəfləri gələcək sülh prosesində səmimi şəkildə iştirak etməyə çağırırıq”. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan nazir qeyd edib: “Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir”.

Ekspertlər hesab edir ki, Ukraynadakı müharibənin gedişatı Rusiya ilə Qərbin strateji rəqabətindəki episentrin dairəsini böyüdür. Ukraynadakı müharibə səbəbi ilə Qara dəniz regionu Rusiya ilə NATO arasındakı rəqabətin mərkəzi xəttində dayanır. Qara dəniz regionundakı rəqabət tərəfləri digər ərazi sularında da, məsələn, Xəzərdə də mövqe qazanmağa vadar edir. Bu isə təbii olaraq Azərbaycanın Xəzər dənizi üzərindəki sərhədlərində təhlükəsizliyi həssaslaşdırır. İkinci bir yandan, Xəzər dənizinin başqa dövləti olan İrandan artan təhdidlərin fonu Azərbaycanın hərbi donanmasını gücləndirməyi vacib edir. Azərbaycanın hərbi donanmasını gücləndirməsi strateji müttəfiqi Türkiyə, tərəfdaşları İsrail və ABŞ ilə koordinasiyalı şəkildə danışıqları intensivləşdirməyi tələb edir. Belə görünür ki, britaniyalı nazirin Xəzərə marağını bu amillərlə izah etmək olar. Yada salaq ki, ötən ilin dekabrında Türkmənistana səfər edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malik olduğunu söyləmişdi. Bu detalları ekspertlər necə qiymətləndirir?

Sülhəddin Əkbər: “Verilən canlar, tökülən qanlar hədər getmədi”

Sülhəddin Əkbər

Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə analitik Sülhəddin Əkbərin “Yeni Müsavat”a bildirdiyinə görə, dünya nizamının yeni quruculuğu prosesində geopolitik qarşıdurma həlledici mərhələdədir. S.Əkbərin fikrincə, ABŞ-ın liderliyində kollektiv Qərb anti-Kreml koalisiyasını genişləndirməkdədir. Politoloq hesab edir ki, hazırda mübarizə demokratik dünya ilə antidemokratik qütb arasında gedir. “Bu proseslərin gedişində ilk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan postsovet məkanına daxildir. Ona görə yerləşdiyimiz coğrafiya geopolitik, geostrateji və geoekonomik cəhətdən olduqca maraq kəsb edir. Eyni zamanda Ukraynada geopolitik savaş gedir və BMT Baş Məclisində Ukraynanın qətnaməsi müzakirəyə çıxarılacaq, Polşa tərəfindən gündəmə gələcək. Və bu, müharibənin bir ili ərəfəsinə təsadüf edir. O baxımdan, koalisiya bütün ölkələri tərəfini seçməyə, koalisiyaya qoşulmağa çağırır. Üçüncü səbəb isə budur ki, Britaniya Azərbaycanın strateji tərəfdaşıdır və ciddi maraqları var. Xüsusən də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq mövcuddur. Həmçinin Azərbaycan Avrasiyanın üç əsas məntəqəsindən biridir”.

S.Əkbərin sözlərinə görə, Azərbaycanın İran və Rusiya arasında yerləşməsi, hər iki ölkə ilə həmsərhəd olması, Tehranın nüvə proqamını sürətləndirməsi, eləcə də Rusiyaya işğalçı savaşda dəstək verməsi Azərbaycanın strateji əhəmiyyətini artırır: “Belə mürəkkəb təsirlərə açıq bölgədə yerləşdiyimizi nəzərə alsaq, Britaniyanın ölkəmizə xüsusi diqqət göstərməsi anlaşılandır. Üstəlik, London çalışır ki, sülh sazişi tezliklə bağlansın və Qərbin bölgədə mövqeyi güclənsin. Elə Leo Dekortenin açıqlaması da bu yöndə oldu, Britaniyanın sülh sənədinin imzalanmasında maraqlı olduğunu açıqladı. Ümumiyyətlə, ABŞ, Avropa Birliyi və Böyük Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün koordinasiyalı şəkildə iş aparır. Bu mənada onun Bakı səfəri əhəmiyyətlidir”.

Rusiya ilə Ermənistan bir-birilərini çoxdan satıblar" - Üzeyir Cəfərov

Üzeyir Cəfərov 

Polkovnik, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, dünyanın aparıcı ölkələri Xəzər mövzusunda həmişə Azərbaycana dəstək ifadə edib: “Bura narkotiklə mübarizə, qaçaqmalçılıq, İran və Rusiya məsələləri daxildir. Xüsusən ABŞ Azərbaycana böyük dəstək verib. Amma son illərdə bu dəstək azalmışdı. Görünən budur ki, regiondakı proseslər təhlil olunur və ingilislər hərbi dəniz qüvvələrinə, sahil mühafizəyə diqqət ayırmağa başlayıblar”. Ü.Cəfərovun fikrincə, ingilis nazirin səfəri müsbət haldır: “Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşüb. Pirizadə təcrübəli generaldır. Britaniya bu sahəyə marağı artırır. Deməli, təkcə sərhəd xidməti deyil, hərbi donanma da yeni texnologiyaya malik olacaq. Xəzərdə təhlükəsizliklə bağlı layihələr reallaşdırılacaq, əsasən naviqasiya avadanlıqlarının ən müasirləri quraşdırılacaq, nəzəri-praktiki məşğələlər olacaq. Yəni sahil mühafizəsinin güclənməsinə şahid olacağıq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR