İnsanlara hürriyət, millətlərə istiqlal!

İnflyasiya həm səbəbə, həm də bəhanəyə çevrilib - təhlil

1271 15.11.2022 12:22 İqtisadiyyat A A

Ekspert: “Vergi-rüsumlar azaldılmalı, inhisarçılığa qarşı real mübarizə aparılmalıdır”

Azərbaycanda qiymət artımı, inflyasiya daha da sürətlənib. Hətta rəsmi qurumlar da son iki ayda inflyasiyanın rekord həddə çatdığını etiraf edirlər. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, 2022-ci ilin sentyabrında ölkənin istehlak bazarında mal və xidmətlərin dəyəri aylıq ifadədə 3 faiz, oktyabrda isə 1,6 faiz artıb.

Bu ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,4 faiz artıb. Cari ilin oktyabr ayında istehlak qiymətləri əvvəlki ilin oktyabr ayına nisbətən 15,6 faiz bahalaşıb.

O cümlədən 2022-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 21,0 faiz artım nümayiş etdirib. Bu zaman ərzaq məhsulları sentyabr ayı ilə müqayisədə 2,3 faiz, ötən ilin oktyabrı ilə müqayisədə 21,7 faiz bahalaşıb.

Komitə bildirir ki, cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, makaron məmulatlarının, peçenyenin, vaflinin, mal, qoyun və toyuq ətinin, təzə balığın, südün, yoqurtun, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, portağalın, bananın, pomidorun, kartofun, soğanın, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən almanın, naringinin, limonun, xiyarın, kələmin, balqabağın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub.

Oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 10,9 faiz artıb. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, mebellərin, paltaryuyan maşınların, televizorların, kompüterlərin, xalçaların, sabunların, diş pastalarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Əhaliyə göstərilmiş ödənişli xidmətlər isə əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 12,0 faiz bahalaşıb. Cari ilin oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, ayaqqabıların, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

Azərbaycan hökuməti inflyasiyanın əsas yaradıcısı kimi xarici amili önə çəkir. Azərbaycan Mərkəzi Bankı da, Maliyyə Nazirliyi və digər qurumlar da ölkədəki bahalaşmanın əsas səbəbi olaraq xarici göstərirlər. Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində inflyasiyanı azaltmaq üçün zəruri tədbirləri davam etdirəcəyini açıqlayıb. Bir çox ekspertlər, Milli Məclis üzvləri artan inflyasiyanın əhalinin aztəminatlı təbəqələrinə təsirini azaltmaq üçün pensiya, əmək haqqı və müavinətlərin artırılmasını təklif edirlər. Millət vəkili Vahid Əhmədov parlamentdəki büdcə müzakirələri zamanı ilin sonunda yaranacaq büdcə qalığını məhz bu istiqamətlərə yönəltməyi, minimum əmək haqqını 500 manata çatdırmağı təklif edib.

Bakupost.az - Oğlunun bahalı itləri naziri işə saldı - SAMİR ŞƏRİFOV  YENİDƏN HƏDƏFDƏ

Samir Şərifov

Maliyyə naziri Samir Şərifov isə ölkədə yüksək inflyasiyanın olduğunu bildirib: “Bu gün Azərbaycanda yüksək inflyasiya var. Təkcə Azərbaycan deyil, bütün dünya ölkələri inflyasiyadan əziyyət çəkir”. Nazir bildirib ki, inflyasiya hər bir vətəndaşın gəlirlərini azaldan faktordur: “Ona görə hökumət maraqlıdır ki, inflyasiya azalsın. Bizim gəlirlərimiz artsa da, biz istəyirik ki, inflyasiya azalsın. Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətini zəiflədir. Hazırda dünya bazarlarında neft-qaz satışı üzrə münbit şərait var. Amma bundan ölkəmizə gələn gəlirlər daha çox xərclərin qarşılanmasına yönəlir. Ona görə də biz xərclərə ehtiyatlı yanaşmalıyıq”.

Göründüyü kimi, hökumət inflyasiyaya artırıcı təsiri əsas gətirməklə əmək haqqı, pensiya və müavinətlərin artırılmasına getmək niyyətində deyil.

İqtisadçı-ekspert Natiq Cəfərli V.Əhmədovun təkliflərini dəyərləndirərkən bir sıra təkliflər də irəli sürür: “İndiki idarəetmə və iqtisadi sistemdə maaş və təqaüdlərin artırılması əlavə inflyasiya basqısı yaradır, hətta "maaş-təqaüdlər artacaq", xəbəri belə artıq qiymətlərin yüksəlməsinə səbəb olur. Ona görə də maaş və təqaüdləri artırmaqla paralel olaraq vergilər və gömrük dərəcələri də azaldılmalı, inflyasiyanı aşağı çəkəcək real tədbirlər görülməlidir. Bu istiqamətdə aylar öncə təklif etdiyimiz məsələ bu gün də aktualdır, həll edilməlidir - ərzaq və dərmanların ƏDV-si 18 faizdən 2 faizə endirilməli, ölkəyə gətirilən dərman vasitələri isə ümumən gömrük rüsumlarından tam azad edilməlidir, bu yolla qiymət artımının qarşısını almaq, inflyasiyanı kəskin azaltmaq olar. Təbii ki, paralel olaraq 30 ildir müstəqillikdən bəri xroniki “xəstəliyə” çevrilmiş inhisarçılıq problemi də sistemli və iqtisadi yanaşmalarla həll edilməlidir".

Natiq Cəfərli Əli Əliyevə ilişdi - Reportyor

Natiq Cəfərli

Ekspertə görə, Azərbaycan Sosial Müdafiə Fondunun fəaliyyətində ciddi dəyişikliklərə gedilməlidir: “Ölkədə DSMF-nin işləmə qaydaları da dəyişdirilməlidir, bu gün ödədiyimiz vəsaitdən dövlət faizsiz istifadə edir, fərdi hesablarımıza toplanan vəsaiti heç olmasa inflyasiyaya görə belə indeksləşdirmir. Məsələn, mənim DSMF-dəki fərdi hesabımda illərdir ödədiyim 20 min manatdan çox vəsait var, dövlət bu vəsaitdən istədiyi kimi istifadə edir, amma buna görə mənə divident ödəməməsi bir qırağa, yığılan vəsaitin ərzaq inflyasiyasına (məhz ərzaq inflyasiyası olmalıdır) görə dəyərdən düşməsini belə kompensasiya etmir. Dövlət ya özəl təqaüd fondlarının yaradılmasına və FƏRDİ müqavilələrə icazə verməli, ya da vətəndaşdan topladığı və istifadə etdiyi vəsaiti hər il ərzaq inflyasiyasına görə indeksləşdirməlidr.

Ölkədə qiymət artımı, inflyasiya vətəndaşların çiynindəki ağır yükdür, dolayı vergiləndirmədir, bu yükün azaldılması dövlətin boynunun borcudur. DSMF isə vətəndaşlardan topladığı vəsaiti, faktiki olaraq depoziti istədiyi kimi xərcləyən, buna görə vətəndaşa divident verməyən bir qurumdur - yuxarıda qeyd etdiyim problemlər çözülməsə, maaş-təqaüdlərin artımı növbəti dəfə vətəndaşların xeyri kimi deyil də, qiymət artımı yükü kimi geri dönəcək".

N.Cəfərli minimum əmək haqqının məbləğini artırmaqla bərabər fərdi sahibkarların sosial ödənişlərinin müəyyənləşməsi mexanizminin dəyişdirilməsini zəruri sayır: “Hörmətli deputat Vahid Əhmədov minimum əmək haqqının 500 manat olmasını təklif edib - lap yaxşı, maaşlar da, təqaüdlər də artırılmalıdır, çünki inflyasiya, qiymət artımı insanların belini büküb, amma bu addımı atmadan öncə bir neçə məsələ də mütləq həll edilməlidir. İlk növbədə qanunvericilikdə VÖEN-lə çalışanların Sosial Müdafiə Fonduna ödənişlərinin minimum əmək haqqına bağlantısı aradan qaldırılmalıdır - çox məntiqsiz qaydadır. Məsələn, ay ərzində 500 manat dövriyyəsi olan da, 5000 manat olan da eyni ödəniş, yəni minimum əmək haqqının 25 faizini DSMF-yə ödəməlidir (bəzi fəaliyyət növlərində hətta 50 faizini ödəmək məcburiyyəti var). Bu yanaşma qanundan çıxarılmalıdır, minimum əmək haqqı artdıqca DSMF-yə ödənişlərin də avtomatik olaraq artması doğru yanaşma deyil. Ona görə də bu bağlantı qanunvericilikdən çıxarılmalı, əvəzində ancaq dövriyyədən DSMF-yə ödəniş nəzərdə tutulmalıdır - təklif edirəm ki, dövriyyənin 2 faizinin DSMF-yə ödəniş kimi ayrılmasını nəzərdə tutan yeni qanun qəbul edilsin”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR