Qış aylarında adi görünən məişət işləri ciddi sağlamlıq riskləri yarada bilər.
Musavat.com xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə qar təmizləmək infarkt və insultla nəticələnən ən təhlükəli qış fəaliyyətlərindən biridir.
Mütəxəssislər bildirir ki, soyuq hava damarların daralmasına səbəb olur, qan təzyiqini yüksəldir, ürək döyüntüsünü sürətləndirir və qanın qatılığını artırır. Bu amillərin bir araya gəlməsi tromboz riskini xeyli yüksəldir və qəfil infarkt, yaxud insult ehtimalını artırır.
Risk qrupuna hipertoniyadan, stenokardiyadan əziyyət çəkən şəxslər, eləcə də daha əvvəl infarkt və ya insult keçirmiş insanlar daxildir. Həkimlər bu kateqoriyaya aid olanlara qış aylarında ağır fiziki işlərdən, xüsusilə də qar kürəmə kimi kəskin yüklənmələrdən çəkinməyi tövsiyə edirlər.
Mütəxəssislərin əsas məsləhətləri arasında yükün mərhələli şəkildə bölüşdürülməsi, normadan artıq yeməkdən uzaq durmaq, soyuq havada bədəni qəfil yükləməmək və mövsümi xəstəliklərin vaxtında müalicəsi xüsusi yer tutur.
Musavat.com






