İnsanlara hürriyət, millətlərə istiqlal!

İndi də meymun çiçəyi dünyanı təşvişə salıb - bir ölkə karantin tətbiq edib

1872 24.05.2022 08:40 Yaşam A A

İnfeksionist: “Virusun mənşəyinin məlum olmaması narahatlıq yaradır”

Dünyada koronavirus pandemiyası bitməmiş meymun çiçəyi virusu yayılmağa başlayıb. Qeyd edək ki, Avropadan sonra bu virusa ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib. Çərşənbə günü İspaniyada 23 nəfərdə meymun çiçəyi xəstəliyinin əlamətləri olduğu açıqlanıb. Portuqaliyada 15 şübhəli şəxsdə yoluxmanın olub-olmadığı araşdırıldığı qeyd edilib. Böyük Britaniyada da iki yeni meymun çiçəyi xəstəsi aşkar edilib. Bununla da ölkədə yoluxanların ümumi sayı 9-a yüksəlib. Belçikada isə artıq virusla bağlı kritik qərar qəbul edilib. Qərara əsasən, xəstəliyə yoluxanlar 21 gün məcburi karantində qalacaqlar. Məcburi təcrid qərarı verən ilk ölkə olan Belçikada meymun çiçəyi virusuna üç yoluxma halı aşkar edilib.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib ki, qarşıdan gələn yay mövsümündə meymun çiçəyi xəstəliyinin yayılma təhlükəsi var. Qurum bildirir ki, bununla bağlı xüsusi peyvənd yoxdur, lakin adi çiçək peyvəndi də meymun çiçəyi xəstəliyinə qarşı 85 % effektivdir. Bununla belə,  ÜST-in Avropa ofisi yay aylarında keçirilən festivalların və digər kütləvi tədbirlərin meymun çiçəyi virusunun yayılmasını artıracağından ehtiyat edir.

Azərbaycan ərazisində bugünkü tarixədək meymun çiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə ÜST-ın tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılıb. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səyahətlərlə bağlı hər hansı əlavə tədbirlərin həyata keçirilməsini tövsiyə etmir.

Meymun çiçəyi nadir bir virusdur. Su çiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir. Xəstəlik qızdırma ilə başlayır, baş və əzələ ağrıları ilə davam edir. Qızdırmadan bir neçə, təxminən üç gün sonra səpkilər əmələ gələrək bədənə yayılır. Burada ən qorxulu xəstəliyin pnevmoniya əmələ gətirməsidir. Çox qaşıntılı ola bilən səpkilər qabığa çevrilir və bir müddət sonra azalır, yaralar izlər buraxa bilər. Bu virusun yoluxucu olduğu bildirilir. Bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil olur. Meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və yataq dəsti ilə də ötürülə bilər. Səpkilərinə görə onu çiçək xəstəliyindən ayırmaq qeyri-mümkündür.

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”a açıqlayıb:

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev

“Adından da məlum olduğu kimi, bu xəstəlik meymunlardan insanlara yoluxur. Daha çox meymunlarla insanların təmasının daha çox olduğu Afrika qitəsində-Orta və Qərbi Afrika ölkələrində yayılıb. Əslində yeni bir virus deyil. Bu virus 50-ci illərdə də aşkarlanıb. Hər il belə yoluxmalar olur. Sadəcə, Avropa ölkələrində, Amerikada da müəyyən müddətdən bir bu yoluxmalar baş verir. İndi narahatlıq yaratmasının səbəbi isə Avropa ölkələrində yaranan virusun artıq mənşəyinin məlum olmaması ilə bağlıdır. Yəni haradan gəldiyi bilinmir. Eyni vaxtda bir neçə ölkədə aşkar olunub. Ona görə əvvəlkilərdən fərqlidir. Əvvəllər bir ölkədə baş verirdisə, həmin yoluxma hallarının bir-biri ilə əlaqələri var idisə, indi əlaqəsizdir. Hazırda virusun mənşəyi ilə bağlı araşdırma aparılır, bundan sonra məlum olacaq. Cinsi yolla yoluxma halları da var. Afrika ölkələrindən gələnlər arasında yoluxanlar var. Elə çox sürətli yoluxma qabiliyyətinə malik deyil. Digər tərəfdən, yeni bir virus deyil. Koronavirus yeni bir virus idi. Hələ o, yoluxandan sonra bir il ərzində onun öyrənilmə prosesi davam etdirildi, amma bununla bağlı vəziyyət elə deyil. Bu məlum virusdur, bilinir. Ona görə bu koronavirus qədər təhlükəli, yaxud da pandemiya yaradacaq kimi görünmür. Çox böyük ehtimalla bir neçə müddət ərzində itib gedəcək. Pandemiya səviyyəsində olmayacaq. Amma yenə də ehtiyatlı olmaqda fayda var. Çox da təhlükəli xəstəlik deyil. Orada Afrika genotipidir. Bu bir az daha yüngül formada gedir. Ölüm halları da çox deyil. Hələ ki gözləyirik, görək hansı informasiyalar gələcək. Avropada eyni vaxtda bir neçə nəfər yoluxub, onların mənşəyi araşdırılır”.

Həkim virusun süni şəkildə yayılması ilə bağlı iddialara da aydınlıq gətirib: “Süni yaradılması, açığı, asan deyil.  Bunun üçün xüsusi ekspert, o sahənin mütəxəssisi olmalıdır. Bu, adi məsələ deyil ki, kimsə bunu yoluxdura bilsin. Yüksək texnoloji avadanlıq lazımdır. Ona görə inandırıcı deyil. Həm də nəzərə alsaq ki, hər il Afrikada, Avropanın bəzi ölkələrində, Amerikada bu xəstəliyə rast gəlinir. Ona görə inanmıram ki, kimsə bunu süni şəkildə yaysın. O ki qaldı mutasiya olmaq qabiliyyətinə, bu virusun mutasiya olması çox az baş verir. Bütün viruslarda mutasiya olmaq qabiliyyəti var. Amma bunun genomu balaca olduğu üçün, koronavirus kimi böyük olmadığı üçün, həm də sürətli bölünmə qabiliyyəti olmadığı üçün burada mutasiya demək olar ki, sıfıra yaxındır”.

Qeyd edək ki, bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklində yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb. 2017-ci ildə Nigeriyada meymun çiçəyinə yoluxan 172 xəstənin 75 faizini 21-40 yaş arası kişilər təşkil edib. 2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib. Mütəxəssislərin dediyinə görə, meymun çiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaq mümkündür.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR