İnsanlara hürriyət, millətlərə istiqlal!

İnam Kərimov inamlı məhkəmə sistemi qura biləcəkmi - rəylər

1334 06.04.2023 11:58 Gündəm A A

Azərbaycanda ən çox tənqid olunan sahə məhkəmə-hüquq sistemidir desək, yanılmarıq. Hər bir ölkənin iqtisadiyyatının inkişafında, xarici investorların cəlb edilməsində obyektiv, ədalətli məhkəmə sisteminin mövcudluğu başlıca amildir.

Bəllidir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra özünün inkişafının tam yeni bir mərhələsini yaşayır. Bu etapda xarici investorların cəlb edilməsi məsələsi əsas prioritetlərdən biridir.

Həmçinin vətəndaşların dövlətə inamının artırılması, sosial narazılıqların azalması, məmurların özbaşınalıqlardan çəkindirilməsində də ədalətli məhkəmə sistemi başlıca amillərdəndir.

Bundan başqa, ölkənin imicinin daha da yüksəldilməsi, beynəlxalq hesabatlarda arzuolunan səviyyədə adının çəkilməsi, “qara siyahılara” düşməməsinin mühüm şərti məhz məhkəmə hakimiyyətinin müstəqilliyindən, ədalətli, obyektiv qərar, hökmlər çıxarılmasından birbaşa asılıdır.

Sirr deyil ki, Azərbaycanda məhkəmələrə inam azdır, ölkə rəhbərliyi səviyyəsində də buna dair iradlar bildirilib. Ötən illərdə Prezident İlham Əliyev məhkəmə sisteminin şəffaflaşdırılması üçün bir sıra fərman və sərəncamlar verib, təəssüf ki, bu işləri görməyə məsul olan məmurlar, şəxslər tapşırıqların öhdəsindən tam gələ  bilməyiblər.

Məhkəmə hakimiyyəti ilə bağlı atılan son addımlar belə düşünməyə əsas verir ki, dövlət bu sahədə ciddi dəyişikliklər etməyə başlayır. Belə ki, aprelin 4-də Milli Məclisin iclasında kənd təsərrüfatı naziri İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında layihə müzakirəyə çıxarıldı. Milli Məclis İnam Kərimovu Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təsdiq etdi. Elə həmin gün İnam İmdad oğlu Kərimov Prezidentin sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edildi. Prezidentin digər sərəncamı ilə İnam Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edildi.

Aprelin 5-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Ali Məhkəmənin sədri İnam Kərimovu kollektivə təqdim edib.

APA xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək müstəqil Azərbaycanın müasir məhkəmə sisteminin inkişafının ilk növbədə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hakimiyyətinin hakimiyyətlər bölgüsündə yerini, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyən edib.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesini uğurla davam etdirərək məhkəmə-hüquq sistemində islahatları daha da dərinləşdirib. Qanunvericilik bazası təkmilləşdirilib, yeni regional məhkəmələr, o cümlədən kommersiya məhkəmələri və inzibati məhkəmələr təsis edilib, hakimlərin sayı artırılıb, onların sosial müdafiəsi gücləndirilib, məhkəmələrin maddi-texniki bazası müasirləşdirilib, bütün bu kompleks tədbirlər məhkəmələrin müstəqilliyini daha da möhkəmləndirib.

Samir Nuriyev Ali Məhkəmənin ədalət mühakiməsi institutlarının inkişaf etdirilməsi sahəsində fəaliyyətini bundan sonra daha da gücləndirəcəyinə, hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirləri həyata keçirəcəyinə və hüququn aliliyinin təmin edilməsi istiqamətində öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və kollektivə uğurlar arzulayıb.

İnam Kərimov reputasiyası təmiz yüksək vəzifəli məmurlardandır. O, 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə Amerika Birləşmiş Ştatlarının İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. O, 2005-2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

O, 21 aprel 2018-ci ildə Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.

ASAN rəhbəri olduğu müddətdə bu sistemin şəffaf fəaliyyətini təmin edib və qurulan mexanizm bu gün də mükəmməl işləyir.

İnam Kərimov kənd təsərrüfatı sahəsində də korrupsiya və özbaşınalıqları kifayət qədər aradan qaldırmağa nail olub. Düzdür, aqrar sahənin inkişafı qısamüddətli proses deyil, o baxımdan aqrar sektorda sürətli inkişaf hələlik görünmür. Ancaq ekspertlər bildirir ki, hazırda aparılan proses davamlı olacaqsa, kənd təsərrüfatında bir neçə ildən sonra bəhrələr görünməyə başlayacaq.

İndi isə vacib sual budur: İnam Kərimov məhkəmə sistemini ASAN səviyyəsinə çatdıra biləcəkmi? Məhkəmə inam yaratmağa, bu sistemi şəffaflaşdırmağa nail ola biləcəkmi? Məhkəmə hakimiyyəti ilə bağlı atılan son addım belə düşünməyə əsas verirmi ki, dövlət bu sahədə ciddi dəyişikliklər etməyə başlayır?

Onu da qeyd edək ki, bəzi şəxslər İnam Kərimovun hakim kimi çalışmadığını önə çəkərək bu səbəbdən onun Ali Məhkəmə sədri postu tutmasına tənqidi yanaşırlar. Bəs bu yanaşma əsaslıdırmı?

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Hüquq müdafiəçisi: “İndi vətəndaşlarımız ondan məhkəmə sistemini asanlaşdırmağı gözləyir”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, məhkəmə hakimiyyətində əsaslı islahatlara artıq start verilib. Bakıda Apelyasiya Məhkəməsinin sədrinin dəyişdirilməsi ilə bağlı da xəbərlər var: “Nə qədər ki, Ramiz Rzayev Ali Məhkəmənin sədri idi, mən Ali Məhkəmədə prinsipial məsələlərdə ciddi uğurun olacağına şübhə ilə yanaşırdım. Amma indi İnam Kərimovun Ali Məhkəmənin sədri vəzifəsinə gətirilməsi onu deməyə əsas verir ki, iş prinsipinin yaxşılaşması və ədalətin bərpa olunması istiqamətində addım atıldı. İnam Kərimov hələ nazir olmamışdan öncə Azərbaycan brendi olan ASAN Xidmətin ilk rəhbəri oldu. O, ASAN Xidmətin fəaliyyətini elə bir yüksək səviyyədə qurmağı bacardı ki, ASAN Xidmət brendə çevrilərək, dünya üçün nümunə oldu. Çoxlu sayda dövlətlər bu nümunənin öyrəndilər və tətbiq etdilər. İnam müəllim kənd təsərrüfatı naziri təyin olunanda onun kənd təsərrüfatı mütəxəssisi olmadığını əsas götürüb tənqidi yanaşanlar var idi. İnam Kərimov nazir işlədiyi dövrdə həmin tənqidçilərin iddialarını alt-üst edəcək səviyyədə yaxşı işlədi. Bir daha sübut olundu ki, müəyyən siyasi yüklü rəhbər vəzifələr var ki, orada konkret olaraq ixtisas və ya təcrübəni əsas götürmək yanlışdır. İnam Kərimovun korrupsiyadan uzaq, işini sevən, enerjili, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrasının məsuliyyətini dərk eləyən vəzifəli şəxs obrazını yaratmış olduğunu gördük. İndi vətəndaşlarımız İnam Kərimovdan məhkəmə sistemini asanlaşdırmağı gözləyir”.

Çingiz Qənizadə ümid edir ki, İnam Kərimovun rəhbərliyi ilə Ali Məhkəmədə yaxşı ab-hava, yeni vəziyyət yaranacaq: “Çox istərdim ki, Azərbaycanda məhkəmə hakimiyyəti üçüncü hakimiyyət olmaqla hər hansı hakimiyyətdən asılı olmasın, haradansa zənglər, tapşırıqlar qəbul etmədən, insanların ümidini gözündə qoymadan qanuni, ədalətli qərarlar versinlər. İnam müəllimə zaman elə bir fürsət verib ki, o, məhkəmədə yeni bir tarix yazmaq imkanına sahibdir. Mən İnam Kərimova bu çətin, şərəfli işdə uğurlar və Azərbaycan xalqının gözlədiyi ümidləri doğrultmağı arzu edirəm”.  

Xəyal Bəşirov yazır: Prezident İlham Əliyev niyə tələsir? » Newscenter.az

Vəkil: “Bu seçim ondan xəbər verir ki, qarşıdakı dövrdə məhkəmə-hüquq sistemində yeniliklərə, islahatlara gediləcək”

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, vəkil Xəyal Bəşirov isə bildirdi ki, Azərbaycan hüquqi dövlətdir və hüquqi dövlətlərdə qanunun imkan verdiyi bütün imkanlardan insanların istifadə etmək hüququ var. İnam Kərimov Azərbaycan Ali Məhkəməsinin hakimliyindən Ali Məhkəmənin sədri vəzifəsinə təyin edilib. Bu, tamamilə qanuni prosedurlara əsaslanır və təbiidir: “Onu da qeyd edim ki, nazir vəzifəsi heç də Ali Məhkəmənin sədri vəzifəsindən aşağı səviyyədə olan vəzifə deyil. İnam Kərimov xeyli müddət kifayət qədər çətin və məsuliyyətli bir sahəyə uğurla rəhbərlik edib. Onun kifayət qədər idarəçilik təcrübəsi var. İnam Kərimov hüquqşünasdır və hüquqi sahədə də təcrübəsi mövcuddur. Azərbaycan qanunvericiliyinə görə, hüquq sahəsində 5 illik iş təcrübəsi olan şəxslər hakimliyə müvafiq prosedurlar əsasında seçilə bilərlər və hakim seçilən şəxsin də Ali Məhkəmənin sədri təyin edilməsi tamamilə qanunidir. Ali Məhkəmənin sədri konkret məhkəmə işlərinə çıxmır, ümumilikdə Ali Məhkəmənin işinə, təşkilati işlərinə rəhbərlik edən bir şəxsdir. Bu isə təbii ki, idarəçilik, təşkilatçılıq, menecment keyfiyyətlərini tələb edir. İnam Kərimovun tərcümeyi-halına baxdıqda, indiyə qədər rəhbərlik etdiyi sahələrdə nailiyyətlərinə nəzər saldıqda görürük ki, qeyd olunan keyfiyyətlər onda ən yüksək səviyyədədir. Hesab edirəm ki, seçim məsələsində İnam Kərimovun üzərində dayanılmasının səbəblərindən biri də budur”.

Hüquqşünasın qənaətincə, İnam Kərimov ona görə Ali Məhkəmənin sədri vəzifəsinə gətirildi ki, məhkəmə hüquq sistemində mövcud olan problemlər aradan qaldırılsın. Məhkəmə sistemində uzun müddətdir işləyən şəxslərin üzərində seçim edilməməsinin səbəbi həm də bu amildir: “Bu seçim ondan xəbər verir ki, qarşıdakı dövrdə məhkəmə-hüquq sistemində yeniliklərə, islahatlara gediləcək. Ölkə rəhbərinin məhz İnam Kərimovu seçməsi bir daha ondan xəbər verir ki, məhkəmə hakimiyyətində işləyən elə bir şəxs yoxdur ki, qarşıya qoyulan dəyişiklikləri İnam Kərimov qədər yüksək səviyyədə həyata keçirmək imkanındadır. Bu da ondan xəbər verir ki, məhkəmə sistemində kadr problemləri var. Ona görə də daha layiqli və ümidlə, inamla yanaşılan şəxs məhz İnam Kərimov olub. Bu, dövlət başçısının səlahiyyətinə aid seçimdir. Hesab edirəm ki, İnam Kərimov məhkəmə hakimiyyəti sistemində böyük uğurlara imza atacaq. Yəqin ki, İnam Kərimov məhkəmə hüquq sistemində ciddi müsbət irəliləyişlərə nail olmaq üçün kadr məsələlərinə də xüsusi diqqət ayıracaq və ciddi kadr islahatları aparacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR