İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin BMT ilə bağlı təklifi masada

433 17.06.2023 09:35 Siyasət A A

Türkiyə və ya Pakistan TŞ-nin daimi üzvü olacaqmı? Veto hüququ BMT-ni 5 dövlətin əsirinə çevirib, politoloqlar deyir ki...

“ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasına veto hüququ olmayan əlavə 6 daimi üzvün daxil edilməsini təklif edir”.

Bu barədə öz mənbələrinə istinadən “The Washington Post” məlumat yayıb. Bildirilir ki, prezident Co Bayden yenidən təşkilatlanma yolu ilə inkişaf etməkdə olan ölkələrin BMT-yə təsirini genişləndirmək niyyətindədir.

Nəşrin şərhinə görə, Vaşinqton bununla Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda BMT TŞ-yə “etimadı bərpa etmək” istəyir. Artıq ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu payız dünya liderlərinin Nyu-Yorkda keçiriləcək illik toplantısı ərəfəsində Təhlükəsizlik Şurasının mümkün genişləndirilməsi ilə bağlı fikirləri öyrənmək üçün təşkilatın 193 ölkəsinin diplomatları ilə məsləhətləşmələr aparır.

Qəzetə görə, BMT TŞ-də islahat bu quruma üzv olan 193 ölkədən ən azı 128-nin təsdiqini tələb edəcək və BMT Nizamnaməsində dəyişikliklərə səbəb olacağı üçün TŞ-nin bütün 5 daimi üzvü tərəfindən ratifikasiya edilməlidir.

Məlumdur ki, BMT TŞ-nin 5 daimi və veto hüququna malik üzvü arasında (ABŞ, Rusiya, Çin, Fransa və Britaniya) milyard yarımlıq islam dünyasından bir ölkə də yoxdur. O da bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev azı iki dəfə analoji təşəbbüslə çıxış edib. Birinci dəfə bu ilin yanvarında yerli telekanallara müsahibəsində deyib ki, BMT Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib: “Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o seçim etməlidir, iki illik, ya üç illik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir”.  

2023-cü il martın 2-də isə Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində çıxışında İlham Əliyev BMT Təhlükəsizlik Şurasının daha nüfuzlu və coğrafi baxımdan daha ədalətli olması üçün tərkibinin genişləndirilməli olduğunu bildirib. Dövlət başçısı bir daha BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və indiki reallığı əks etdirməyini, islahatlara ehtiyacı olduğunu vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə “dünyanın 5-dən böyük olduğunu” söyləyib və qlobal sülh və təhlükəsizlik naminə bu ədalətsizliyin aradan qaldırılmasına çağırıb.

Bəs BMT TŞ-də veto hüququ olmayan yeni daimi üzvlərin qəbulu reallaşacaqmı? Müsəlman dünyasının lider dövləti kimi Türkiyə, yaxud müsəlman nüvə dövləti Pakistan, nəhayət, o sırada layiqli yerini tutacaqmı?

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli BMT-nin mütləq şəkildə dəyişilməli olduğunu bildirdi: “Bu gün buna ciddi ehtiyac duyulur. BMT təkcə struktur etibarı ilə təkmilləşdirilməməlidir. Həmçinin bu qurumun elə bir mexanizmi hazırlanmalıdır ki, onun verdiyi qərarlar özü tərəfindən də icrası təmin edilə bilsin. Təəssüf ki, bu gün BMT TŞ-nin bir çox qərarları yerinə yetirilmir. Yaxud uzun illər boyu kağız üzərində qalır. BMT onların icrasını təmin etmək üçün ya mübarizə aparmadı, ya da onların yerinə yetirilməsi üçün təsirli tədbirlər görə bilmədi. Bu gün təşkilatın qəbul etdiyi qərarlara nəzarət etmək üçün onun mavi dəbilqəlilər adlanan silahlı qüvvələrinin təkmilləşdirilməsinə böyük ehtiyac var. Bəzi dövlətlər bu mavi dəbilqəlilərin heyətinə əsgər ya göndərmir, ya da göndərəndən sonra onları geriyə çəkir. Bunun da bir səbəbi var, o da BMT-nin bu qüvvələri saxlamaq üçün kifayət qədər maliyyə vəsaitlərinin olmamasıdır.

Bu qurumun hazırda 200-ə yaxın üzvü var. Amma bunların içərisində yalnız bir neçə dövlət üzvlük haqqını vaxtında ödəyə bilir. Amerika başda olmaqla, bir sıra ölkələrin bu yardımları olmasaydı, BMT-nin icra aparatının, eləcə də onun nəzdində olan qurumların mövcudluğu sual altında olardı. Hətta Rusiya kimi böyük dövlət də vaxtında BMT-yə üzvlük haqqını ödəyə bilmir. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün veto qoymaq hüququ aradan qaldırılmalıdır. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilməlidir. Veto hüququ BMT-ni 5 dövlətin əsirinə çevirir. Quruma daxil olan bütün ölkələr arasında hüquq bərabərliyi yaradılmalıdır.

Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qoşulmayanlar Hərəkatının sədrinin BMT Təhlükəsizlik Şurasına daxil edilməsinə böyük ehtiyac var. Bundan başqa, Afrika qitəsinin, Cənubi Amerikanın, eləcə də bir sıra dövlətlərin BMT-də qərarların qəbul edilməsində məsul olan qurumlara seçilməsinə ehtiyac duyulur. İslam ölkələrindən bir nümayəndənin BMT-də mütləq şəkildə daimi təmsilçiliyinə böyük ehtiyac var. Bundan əlavə, qurumun iclasları ildə bir dəfə deyil, azından iki dəfə olmalıdır. Eyni zamanda rəhbər orqanlara nüfuzlu, ciddi insanların seçiməsinə diqqət ayrılmalıdır".

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bu suallar üzərində çox maraq doğuran araşdırma aparıb: “Dünyada böyük təlatüm doğuran müharibələrin hər biri beynəlxalq münasibətlər sisteminin struktur dəyişiklikləri ilə müşayiət olunub. Məsələn, Avropanı çalxalandıran Napoleonun məğlubiyyətindən sonra (1815) keçirilmiş Vyana konqresi, I Dünya müharibəsindən sonra (1919-1920) Versal-Vaşinqton sisteminin yaratdığı Millətlər Cəmiyyəti, II Dünya müharibəsindən sonra Potsdam sisteminin formalaşdırdığı BMT vurğulana bilər. Artıq BMT sistemi də öz işləkliyini itirməkdədir. Rusiya-Ukrayna müharibəsi artıq çoxdan iki ölkə arasında müharibə olmaqdan çıxıb. Faktiki olaraq Rusiya və Qərb arasında müharibə gedir. Odur ki, artıq daha mütəmadi olaraq dünya nizamının yenilənməsi ehtiyacı dilə gətirilir.

Pentaqon generalları İrəvanda: intensivləşən səfərlərin pərdəarxasında  Azərbaycan “izi” - 2 rəy

Şəhla Cəlilzadə

Atlantik Şurasının Strategiya və Təhlükəsizlik üzrə Scowcroft Mərkəzi ötən il dünyanın 167 aparıcı strateq və siyasi xadiminin iştirakı ilə qarşıdakı 10 ildə dünyamızda baş verə biləcək dəyişikliklərlə bağlı sorğu keçirib. Rusiyanın Ukraynanı işğal etməsinin beynəlxalq təhlükəsizliyin təminində məsul olan təşkilatların imkanları və çatışmazlarını açıq şəkildə ortaya qoyduğu üçün NATO və BMT TŞ-nin struktur dəyişiklikləri ilə bağlı da suallar soruşulub. Respondentlərin 82,4%-i böyük ölçüdə və ya tamamilə NATO-nun indiki formada qalacağını, 7%-i NATO-nun tamamilə fərqli formaya transformasiya edəcəyini, 6,1%-i buna cavab verməyin indi mümkün olmadığını, 4,1%-i isə NATO-nun, ümumiyyətlə, qarşıdakı 10 ildə hər hansı formada mövcud olmayacağını bildirib. Bununla yanaşı, BMT TŞ-nin genişlənib-genişlənməyəcəyi, genişlənərsə, hansı dövlətlərin bu struktura daxil olacağı soruşulub və nəticələr belədir: respondentlərin 64%-i BMT TŞ-də qarşıdakı 10 ildə yeni daimi üzvlük yeri açılmayacağını, 26%-i yeni yer açılarsa, burada Hindistanın, 11%-i Yaponiyanın, 9%-i Braziliyanın, 7%-i Almaniyanın, 4%-i Nigeriyanın, 2%-i Cənubi Afrika Respublikasının yer alacağını vurğulayıb. Ümumiyyətlə, BMT TŞ strukturu yenilənərsə ki, bu, olduqca çətin bir prosesdir, burada birdən çox yer açıq elan ediləcək və Hindistan bu üzvlükdən mütləq faydalanan dövlətlərdən biri olacaq. Təbii olaraq, Hindistan-Pakistan tarixi qarşıdurması fonunda bir yerin də Pakistana verilə biləcəyini ehtimal edə bilərik. Lakin respondent rəylərindən göründüyü kimi, təxminlər arasında müsəlman (İƏT üzvü) dövlətlərinin adı qeyd edilməyib. Bu isə təbii ki, ədalətli deyil.

Ən ədalətli struktur reformu təklifini isə cənab Prezident İlham Əliyev, regional-coğrafi bölgüyə və qlobal təşkilatların təmsil olunma imkanlarına vurğu etməklə irəli sürüb. Belə olan halda Türkiyənin və hətta Azərbaycanın da BMT TŞ-nin daimi üzvlüyündə yer alma imkanı yarana bilər. Lakin yeni üzvlərə veto haqqının verilməyəcəyinin qeyd edilməsi ənənəvi 5 daimi üzvün üstün imkanlarının saxlanmasına və struktur reformunun istənilən nəticəni verməməsinə gətirib çıxarar. O səbəbə təzə üzvlərin də veto haqqının olması beynəlxalq məsələlərdə daha ədalətli mövqe ortaya qoyulması və BTM TŞ-nin effektivliyinin artırılması baxımından mütləq əhəmiyyət kəsb edir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR