İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevi güclü qılan nədir?

1962 15.10.2022 17:33 Yazarlar A A

2003-cü il oktyabrın 15-də İlham Əliyev cənabları ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Konstitusiyamıza, müqəddəs "Quran"a əl basıb, And içərək fəaliyyətə başlayan Prezident ötən illər ərzində həm Andına sadiq qalıb həm də bir sıra önəmli faktorlara görə uğurlar qazanıb. O faktorları xüsusi cazibədar edən, onların kənar deyil, necə deyərlər, daxili faktorlar olmasıdır. İlk növbədə,
İlham Əliyevin böyük siyasi iradəyə, səbrə, təmkinə malik olmasnı vurğulamalıyıq. Bunlar bir siyasi və dövlət xadimi üçün olmazsa, olmazlardır.



Lakin hər siyasətci dövlət xadimi ola bilmir, hər dövlət xadimi Prezident ola bilmir, hər Prezident uğuru uğura calaya bilmir. İlham Əliyev ölkəmizin 1 saylı postunun şərəfindən az olmayan məsuliyyətini ən ilk gündən dərinliyi və üfüqgenişliyi ilə dəyərləndirib. Onun, bazisi olmayan xəyalların, macərapərəst siyasətin peşinə düşmədiyini ən ilk gündən görməkdəyik. O, Azərbaycanı kosmos ailəsinin üzvü edərkən göy üzündə, yeni arxeloji qazıntıları dövlət dəstəyi ilə təmin edərkən yer altında elmin, ağlın, məqsədyönlü siyasətin peşində olub. Uzun illər səbrlə, təmkinlə ən taleyüklü qərarı vermə anını gözləyən, hesablayan İlham Əliyevin 2020-ci il 27 sentyabrda bütün cəbhə boyu əks-hücum Əmri verərkən də nələrə arxalandığı məlumdur: özünə inam, xalqa inam, Orduya inam, beynəlxalq konyukturanın ən optimal şəkil aldığını dəqiq hesablama qabiliyyəti və malik olduğu informasiyalar.

İnformasiya hər dövlət başçısında olmur yaxud hər dövlət başçısı informasiya emalını düzgün aparmaya bilər.

- Artıq ürəklə deyirik ki, İlham Əliyevin məsələn, işğal olunmuş ərazilərlə bağlı malik olduğu həqiqi bilgilər, hec işğalçınin özündə belə olmayıb. Əks-hücumda olan ordunun müdafiədə 30 il möhkəmlənmiş ordudan daha az itkilər verməsi və qalib gəlməsi bir fenomendir. Və bu fenomeni yaradan Ordunun Ali Baş Komandanı İlham Əliyevdir. Məhz İlham Əliyevin müdrik qərarı ilə Şuşa kimi bir şəhər ağır texnikasız, necə deyərlər, üzbəüz döyüşlərdə azad olundu. İndi bu sözləri yazmaq çətin deyil amma düşmənin güclü şəkildə möhkəmləndiyi və gerialınmaz qala sandığı Şuşanın dağlarına dırmanmaq mümkün olmayanın mümkün edilməsiydi. Şuşanın azad edilməsi möcüzəvi hadisədir amma gerçək hadisədir. İlham Əliyevin 2003-cü ilin 15 oktyabrından başlayaraq, gözlədiyi gün idi 8 noyabr! - Daha doğrusu, gözlədiyi yox, yaratdığı gündür! Şuşa azad olununca yeni hədəflərin müəyyənləşdirilməsi İlham Əliyevin tarixi haqlarımıza bağlılığı və milli ideallara sədaqətinin təntənəsidir.
Çox da uzaq olmayan gələcəkdə, Prezident Əliyevin Xalqa yeni müraciətləri, müjdələri xəyal ürünü deyil, əlbəttə. Əlbəttə, hər şeyin öz zamanı, hər zamanın öz işi var. Diplomatik məharəti, siyasi qətiyyəti, Vətənə sədaqəti və yaratmış olduğu dəyərli ənənələr bizim Prezidentə şəksiz inamımızı şərtləndirir.

Bu yerdə, Prezident Əliyevin 14 oktyabda Astanadakı məlum çıxışından bir sitat gətirək. Prezident Ermənistanın 10 noyabr Bəyanatının özünə aid hissəsini icra etmədiyini - Azərbaycanın əsas hissəsindən Naxçıvana maneəsiz girişi təmin etmədyini, habelə bizim ərazilərdəki silahlı qüvvələrini indiyədək çıxarmadığını nəzərdə tutaraq dedi:

"Biz hələ ki, səbr nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq".

Bu xəbərdarlığın idrak edilib-edilməməsinin sonucları artıq Ermənistan hərbi-siyasi rəhbərliyinin seçimidir. Dünya erməniliyini, böyük bacıları Fransanı da yanlarına alıb düşünə-daşına bilərlər...
Fransa demişkən... Prezident Əliyev yalnız kiçik, məğlub Ermənistana deyil, BMT TS üzvü, nüvə dövləti Fransaya, basqa güclərə də öz sözünü çəkinmədən deyir. İlham Əliyevə bu gücü verən məhz haqlı olması, öz xalqına arxalanması, müdrikliyi və çevik qərar qəbuletmə yetənəyidir. Nəyi nə vaxt və necə deməyin daha bir örnəyinə diqqət edək. - Yenə, 14 oktyabr, Astana. 


"...Daha sonra bəyan edildi ki, Fransa heç vaxt Ermənistanı atmayacaq. Ancaq, necə deyərlər, bu, ikitərəfli münasibətlər məsələsidir. Həmçinin... “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

...Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi".

Makron böyük dövlətin Prezidenti ola bilər amma böyük və düzgün düşünmək qabiliyyətindən yoxsundur. Əliyevin Makrona dediyi sözlərin tənqidi, inkarı, eşidilməməsi, görülməməsi mümkün deyil. İndi Makronun iki seçənəyi var: ya geri addım atmaq ya da daha yanlış addımlarla "irəliləmək". - Hər iki halda uduzan Makron yaxud onun başçılıq etdiyi dövlət olacaq. Haqlılıq ərazinin, əhali sayının böyüklüyü ilə ölçülmür. Fransanın bizim üzərimizdə haqqı, minnəti yoxdur. Amma istərlərsə, belə haqq və minnəti biz xatırlada bilərik. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi uzun illər ona etibar olunmuş önəmli məsələyə ədalətsiz, etibarsız davranıb.

Həmin o Fransa gülünc doğuracaq qədər qısa müddətdə Hitlerin faşist ordusuna məğlub olarkən, bizim babalarımız faşizmə qarşı qəhrəmancasına vuruşurdu və sonra Fransanın qurtuluşunda da istirak etdilər. Yalnız Əhmədiyyə Cəbrayılov adı yetər ki, Nijdenin nəvələrini müdafiə edən Makron ayna önünə kecsin, utansın. Əgər utanmaq keyfiyyətinə maliksə...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR