İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Paşinyanla da sərhəddə görüşəcək?

1779 19.05.2024 18:27 Siyasət A A

Bu gün Azərbaycan-İran sərhədində iki ölkə liderlərinin tarixi görüşü oldu. İlham Əliyev və İbrahim Rəisi Araz çayı üzərində tikilən “Xudafərin” hidroqovşağının və “Qız Qalası” hidroqovşaqlarının açılış mərasiminə qatıldılar. Bakı və Tehran uzun müddətdən sonra, arada yaşanan bəzi xoşagəlməz olaylara rəğmən, saat əqrəblərini faktiki burada tutuşdurdu. Yeni mərhələnin anonsu verildi.

Bu, əlbəttə ki, ikitərəfli münasibətləri irəli aparmaq, dinc birgə yaşayış üçün digər qonşulara da yaxşı örnək, gözəl presedendir. Başqa sözlə, İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla da sərhəddə bir araya gələ, hansısa ortaq tədbirə qatıla bilər. Məsələn, sülh sazişi imzalamaq üçün.

Niyə də olmasın? Bakı xeyli müddətdir vasitəçilərsiz danışıqlara üstünlük verir. İrəvan da bu formatin real əhəmiyyətini praktikada görməkdədir. İki liderin üçüncü paytaxtın “xətrinə” dəyməməsi üçün sərhəddə görüşüb barışıq sənədi imzalaması tamamilə mümkündür.

Bunu hətta COP29-a kimi də reallaşdırmaq olar. Noyabra qədər 5 aydan çox vaxt var. Almatı danışıqları isə göstərdi ki, artıq masaya sülh sənədinin “skeleti” yox, layihənin özü qoyulub. Tərəflər son illər sənədə yetərincə ortaq məzmun verə biliblər...

Yox, ortaya yenə Ermənistanın səyləri ilə Fransa kimi bədniyyətli “vasitəçilər” soxulacaqsa, onda nəinki bu il də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq və sərhədlərin delimitasiyası prosesi tormozlanacaq, üstəgəl, bölgədə yeni müharibə riski artacaq. Çünki istənilən gecikən sülhün alternativi müharibədir.

Bunun faydasını isə Azərbaycan və erməni xalqları yox, bölgədən min km-lərlə uzaq olan və məkrli niyyətlər gedən dövlətlər görəcək. Yəni region, onun xalqları yalnız zərərə uğrayacaq.

Qarabağda dinc quruculuq işləri ilə, Böyük Qayıdışla məşğul olan Bakıya belə perspektiv əsla gərək deyil. Bəs İrəvana necə, lazımmı? Erməni siyasətçilər öz xalqını xarici güclərin əlində alət edib toplum olaraq fəlakət yaşamaqdan bezmədilərmi?..

Odur ki, Ermənistan bəlkə də ona son dəfə verilmiş tarixi fürsəti düzgün dəyərləndirməli, Azərbaycan Prezidentinin bugünkü mərasimdə söylədiyi kimi, bir daha səhv etməməlidir.

Uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan üçün nəticənin o qədər də ürəkaçan olmadığını xatırladan İlham Əliyev bu xüsusda deyib:

“Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Bölgə dövlətləri güclü dövlətlərdir, müstəqil siyasət aparan dövlətlərdir. Heç bir kənar qüvvə bu günə qədər bu dövlətlərin iradəsinə təsir etməyib və etməyəcək. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək”.

Prezident haqlı olaraq onu da vurğulayıb ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır:

“Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”.

Yuxarıdakı ismarışların kimlərə, hansı paytaxtlara ünvanlandığı, gün kimi aydındır. Ümid edək ki, bölgədən çox-çox uzaqdakılar nəhayət, öz “payları”nı götürəcək, şər işlərlə deyil, xeyir işlərlə məşğul olacaqlar.

O halda Azərbaycan-Ermənistan sərhədində Əliyev-Paşinyan görüşü təsəvvür edildiyindən də qısa zamanda baş tuta bilər. İki xalqın, bölhənin, regional sülhün xeyrinə təbii ki...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR