İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci "Super Ay" göründü: Yer üçün təhlükə - zəlzələ ehtimalı...

1152 31.08.2023 17:10 Siyasət A A

Xıdır Mikayılov: “Ayın Yerə yaxınlaşması dövründə heç bir zəlzələ hadisəsi baş verməyib, sadəcə...”

Avqust ayının 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci "Super Ay" hadisəsi müşahidə olunacaq. Rus mediası yazır ki, bu möhtəşəm hadisə əslində Yer üçün təhlükəli ola bilər. Ay və Yer arasında belə bir məsafə planetimizin geoloji sabitliyinə təsir edə biləcək iki güclü qravitasiya zərbəsinə səbəb ola bilər. Belə destabilizasiyanın mümkün nəticəsi zəlzələlər və ya ən pis halda bir böyük meqazəlzələ ola bilər. Sual oluna bilər ki, Ayın bura nə aidiyyəti var? Qeyd edilir ki, Yer səthi hərəkət edən, toqquşan və zəlzələlərə səbəb olan litosfer plitələrindən ibarətdir. Ayın cazibə qüvvəsi bu lövhələrə təsir edir və onların hərəkətində əsas amil hesab olunur. Yerin təbii peyki seysmik aktivliyin artmasına səbəb olur. Bu təsirin isə iki həftə ərzində ən güclü olduğu bildirilir - "Super Ay"dan bir həftə əvvəl və ondan sonrakı həftə.

Qeyd edək ki, bu ilin fevralında Türkiyədə Kahramanmaraşda baş verən güclü zəlzələni "Super Ay"la əlaqələndirənlər var. Rusiyanın “Komsomolskaya pravda” nəşri bunun astroloji tərəflərini araşdırıb. Bildirilir ki, Türkiyədəki zəlzələnin əsas mənbəyi Şərqi Anadolu qırılma xəttidir, lakin heç kim bu qədər dağıntı olacağını gözləmirdi. Burada “Super Ay”ın təsiri istisna deyil. Statistikaya görə, Ay Yerə yaxınlaşanda bəşəriyyəti iki həftə ərzində - “Super” olmamışdan (ən yaxın olduğu məsafə) bir həftə əvvəl və bir həftə sonra - gərgin və müəmmalı vəziyyətdə saxlayır. Bunun nümunələri də var. 2004-cü də Cənub-Şərqi Asiyada baş vermiş zəlzələ, ardınca dəhşətli sunami “Super Ay” görünməmişdən əvvəl olub. 2011-ci ildə Yaponiyada Fukusima AES-in zərər görməsinə səbəb olan zəlzələ “Super Ay”ın səmada görünməsi ilə üst-üstə düşüb. Türkiyədə baş verən zəlzələ, daha doğrusu, bu qədər dəhşətli olmasının sirri “Super Ay”la bağlı ola bilər. Araşdırmalara görə, bu zəlzələ Ayın “Super” olmasından sonra Yer kürəsindən uzaqlaşma vaxtına düşüb.

Bəs görəsən, deyilənlərin hər hansı elmi əsası varmı? Deyilənlər nə qədər həqiqəti əks etdirir? 

Mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov “Yeni Müsavat”a ilk olaraq xatırlatdı ki, birinci "Super Ay" avqustun əvvəlində olub: “İkinci isə  avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olub və avqustun 31-də saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək. Ay Yerə ən yaxın məsafədə olursa, bunlara "Super Ay" deyilir. Ay Yerin ətrafında çevrə üzrə deyil, ellipsis üzrə hərəkət edir. Ay Yerə ən yaxın məsafədə olursa, perigey, yerə ən uzaq məsafə isə apogey deyilir. Perigeyə ən yaxın məsafə zamanı Ay tam olursa, bu zaman "Super Ay" müşahidə olunur. Perigey, apogey məsafələri özü də dəyişə bilir. Adətən 356420 km-ə qədər Ay Yerə yaxınlaşa bilir. Ən yaxın məsafəsi isə təqribən 370000 km-dir. Deməli, o yaxın məsafə, 356 minlə 370 min arasına dəyişir. Ən yaxın olanda ən böyük "Super Ay" hadisəsi baş verir. Builki bir az fərqlidir və perigeydə Aya qədər məsafə 357181 km təşkil edəcək”.

AZƏRTAC

BDU-nun dosenti onu da qeyd etdi ki, "Super Ay" hadisəsini Azərbaycan ərazisində avqust ayının 30-dan 31-nə keçən gecə saat 19:23-dən başlayaraq bütün gecə ərzində müşahidə etmək mümkün olub: “Bu hadisə adi "Super Ay" hadisələrindən biri hesab olunur. Sadəcə, Dolu (Tam) Ay fazası bir ayda iki dəfə baş verirsə (birinci "Super Ay" hadisəsi avqust ayının 1-dən 2-nə keçən gecə baş vermişdi), ikinci Dolu Ay Mavi Ay adlandırılır. Lakin bu, o demək deyil ki, mavi Ay görəcəyik. Mavi Ay ifadəsi çox qədimdən gəlir və şərti olaraq adlandırılıb. Vulkan püskürmələri zamanı atmosferə atılan toz səbəbindən Ayı mavi rəngdə görə bilərik. Avqust ayında baş verəcək ikinci "Super Ay" hadisəsi eyni bir ayda ikinci Dolu Ay fazasına təsadüf etdiyindən bu, Super Mavi Ay adlandırılır.

Son 100 ildə Ayın Yerə maksimal yaxınlaşması 1948-ci il yanvar ayının 26-da baş vermişdi. Bu zaman Aya qədər məsafə 356462 km olmuşdu. Növbəti belə maksimal yaxınlaşma 2034-cü il noyabr ayının 25-də baş verəcək, bu zaman Aya qədər məsafə 356447 km (indikindən 734 km daha yaxın) olacaq. Ümumiyyətlə, XXI əsrdə Ayın Yerə ən çox yaxınlaşması 2052-ci il dekabrın 6-da baş verəcək. Bu zaman Aya qədər məsafə 356424 km olacaq.

"Super Ay" insanların sağlamlığına təsir göstərmir və daşqınlar, zəlzələlər, vulkan püskürmələri və sunamilər kimi təbiət hadisələrinə səbəb olmur. Bəzi astroloqlar insanlarda vahimə yaradır, bu yanlışdır. Adi astronomik haldır. İl ərzində 2,3, bəzən 4 dəfə baş verə bilər. Onlar yalnız adi Tam Aydakı okeanlarda qabarmalardan bir neçə santimetr yüksək qabarmalara səbəb olur. Super Tam (Dolu) Ay adi Tam Aydan bir qədər böyük və parlaq göründüyünə üçün insanları gecə səmasını öyrənməyə ruhlandırır və astronomiyanı daha da maraqlı edir".

O ki qaldı Türkiyədə Kahramanmaraşdakı zəlzələnin bununla əlaqələndirilməsinə, mütəxəssis qeyd etdi ki, bununla bağlı xüsusi araşdırma aparıb: “Bəli, Kahramanmaraşda zəlzələ olan zaman belə fikrilər deyildi. Amma o dövrdə bu cür astronomik hadisələr olmamışdı. Sırf Yerin özünün tektonik vəziyyəti ilə bağlı olan məsələdir. Bu ərazilər sadəcə tektonik ərazilərdir. Bu cür xəbərlərlə insanları təşvişə salırlar. Bunun nə Günəş aktivliyi ilə, nə "Super Ay"la bağlılığı var. Ən azı 200 min il üçün araşdırma aparmışam, Ayın Yerə yaxınlaşması dövründə heç bir zəlzələ hadisəsi baş verməyib. Bir-iki hadisə ilə sadəcə üst-üstə düşüb. Bunun heç bir elmi əsası yoxdur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR