İnsanlara hürriyət, millətlərə istiqlal!

İbtidai sinif şagirdlərinin yükü azaldılır? - təhsil ekspertinin şərhi

3297 10.07.2024 08:37 Təhsil A A

Adil Vəliyev: “Dərsə ayrılan vaxt az, siniflərdə şagird sayı isə çoxdur, özəl məktəblərdəki və ya xaricidəki sistemi yavaş-yavaş tətbiq etsək...”

“İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur”.

“Yeni Müsavat” xəbər verir ki, bunu “Report”a açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq.

Nazirlik rəsmisi həmçinin əlavə edib ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur: “2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir”.

Bəs təhsil ekspertləri bu yöndə nə düşünür? Növbəti ildən ibtidai sinif şagirdlərinin yükü azaldılır, yoxsa... 

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev də bu mövzu ilə bağlı bir neçə dəfə açıqlama verib. Sonuncu dəfə “Report” informasiya agentliyinə müsahibəsində bu mövzuya toxunan nazir qeyd edib ki, şagirdlərin dərs yükünün azaldılması istiqamətində bəzi summativ qiymətləndirmələrin ləğvi məsələsinə 2025-ci ildə baxıla bilər: “Çünki hər beş ildən bir ümumi təhsilin dövlət standartlarında müəyyən dəyişikliklər edilir. Misal olaraq, bu gün qüvvədə olan standartlara əsasən 5-6-cı siniflərdə yeni "Təbiət" fənni tədris olunur. Bu fənn əvvəllər I-IX siniflərdə tədris edilən həyat bilgisi fənninin yuxarı siniflərdəki saatları hesabına keçirilir. “Həyat bilgisi” fənninin tədrisi isə I-IV siniflərlə məhdudlaşır. Eyni zamanda tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan dili” (dövlət dili) fənninin həftəlik tədrisi 2 saatdan 3 saata qaldırılıb. Həmin bölmələrdə ikinci xarici dil fənninin tədrisi isə dayandırılır. Bundan başqa, tədris digər dillərdə aparılan bölmələrdə “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində tədris olunması 2 il məhdud sayda məktəbdə sınaqdan keçirilmiş və nəticələrin müsbət olması bizə əsas verib ki, 2024-2025-ci tədris ilindən bütün məktəblərimizdə ölkəmizin tarixi dövlət dilində öyrənilsin. Bunlar hamısı yeni qərarlardır. Ən böyük dəyişikliklərdən biri də odur ki, fakültativləri 20 faizə qədər artırmışıq, yəni məktəbin özünün 20%-ə qədər qərar vermək hüququ var. Amma bizim kontekstdə bunu etmək çətindir".

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Təhsil eksperti Adil Vəliyev “Yeni Müsavat”a açıqlamasında summativ qiymətləndirmənin çətinliklərindən danışdı: “Summativ qiymətləndirmə mövzusu illərdir müəllimləri də, şagirdləri də, valideynləri də narahat edir. Əslində qiymətləndirmə prosesi fərqli düşüncə ilə tətbiq olunmağa başlamışdı. Amma görünən odur ki, qiymətləndirmə prosesi düzgün aparılmadığına görə istənilən nəticəni əldə etmək olmur. Buna görə də hər kəs narazıdır. 

Əsas problem odur ki, dərsə ayrılan vaxt azdır, siniflərdə şagird sayı isə çoxdur. Sözsüz ki, belə olan şəraitdə müəllim tam keyfiyyətli təhsil verə bilmir. Şagirdlər də yuxarı siniflərdə təhsil alarkən məktəbdə çox zaman keçirmirlər, hazırlıqlara, kurslara gedirlər ki, ali məktəbə qəbul ola bilsinlər. Düşünürəm ki, ya özəl məktəblərdəki, ya da xarici ölkələrdəki sistemi yavaş-yavaş tətbiq etsək, istənilən nəticəni əldə edə bilərik. Müəyyən bacarıqları summativlərə qata bilərik. 

Bundan başqa, imtahan prosesini imtahan şəklində, lakin fərqli formada şagirdlərin müəyyən müddət ərzində keçdiyi dərslər əsasında yox, müəllimlərin şagirdlərin özünüidarəetməsi, fəallığı və müəyyən tapşırıqların yerinə yetirilməsi ilə müəyyənləşdirərək summativ qiymətləndirməyə rəng qatmaq olar. Bundan əlavə, summativ qiymətləndirmə zamanı kifayət qədər israfçılığa yol verilir. Hesab edirəm ki, kağız israfının qarşısını almaq üçün də tədbirlər görülməlidir".   

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR