İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahimbəyov getdi, Cəmil də gedəcək - Kərimli bəlasi isə əbədidir...

8208 17.06.2015 22:14 Yazarlar A A

Hər şey yenidən təkrarlanır. Bu, çox pisdir! Bir siyasi kəsim illərdir ki, hər hansı bəhanə ilə bir media qrupunu hədəfə alıb. Bir siyasət mövsümündə iki-üç dəfə hücuma keçir, illərdir ki, eyni ittiham və iddiaları təkrarlayır.

Bu savaşın sürəsi vahimdir! 1994-2015! İyirmi bir il! Arada kiçik fasilələr olub, barışıb, daha şiddətlə dalaşmışıq. Arada bölə bilməyəcəyimiz bir şey yoxdur, bizim baxışımıza görə. Onların baxışı budur ki, ya tabe olmalıyam, ya yox olmalı...

Ən son bunlar məni Rüstəm İbrahimbəyova görə xain elan elədilər, xatırlayırsınızmı? İlk gündən siyasi fəhmim və məlumatlar əsasında yazdım ki, bu layihə avantüradır, boş şeydir; bu adam gəlib başlatdığı sürəcin önündə durmayacaq. Mən hər “...gəlməyəcək, Rusiya projesidir, sizi oynadırlar, kuklaya çeviriblər” yazdıqca, Kərimli dəstəsi “hurrey” deyə, üzərimə hücuma keçdilər. İndiki kampaniya nədir ki! O zaman basqı, şantaj, təhqir, söyüş, iddia, qınaq və s daha ciddi, daha kəskin idi.

İndi heç o yazığı yada salan da yoxdur... Hanı İbrahimbəyov, Əli Kərimli? Gəldimi? Sizi başına yığıb, rejimin üstünə apardımı?

Bir nəfər belə sonradan məndən üzür istəmədi - ilk gündən dediyim düz çıxmışdı, İbrahimbəyov Milli Şuranı, Milli Şura da müxalifətə ümidlənən hər kəsi aldatmışdı. Xalqdan və gerçəyi yazan “Yeni Müsavat”dan üzr istəmək əvəzinə yalanı da, bizə hücumu da daha da artırdılar. Bunlar belədirlər, islah yoxdur talelərində...

"Bir nəfər belə sonradan məndən üzür istəmədi - ilk gündən dediyim düz çıxmışdı, İbrahimbəyov Milli Şuranı, Milli Şura da müxalifətə ümidlənən hər kəsi aldatmışdı..."


Bundan lap öncə nə vardı? Elçibəyi ondan müdafiə etdiyimiz, xəyanətini deşifrə etdiyimizə görə Əli Kərimov bizi Bakı şəhər prokurorluğuna vermişdi. Deputat idi, iqtidarla anlaşmışdı. Gücü çatdı, biz iki qardaşı - Azər Ayxanı və məni polis gücünə, küçədə həbs etdirərək Tahir Lələkişi oğlu Kazımovun - o zaman Səbayelin prokuroru idi – hüzuruna apartdırdı. Aylarla getdik-gəldik, saatlarla ifadə verdik...

Ondan sonra bunlar Etibar Məmmədovla müttəfiq oldular. Kərimovçu media bu ittifaqı pislədiyimizə görə, bizi vətən xaini elan etdi, müxalifətin şansını və birliyini pozan qüvvə bəlirlədi.

Hə, arada bir koloritli siyasətçini də unutduq. Arxivlərə baxıram, indi xatırlayıram ki, Kərimovçular (Soyadı o zamana görə yazıram, müasir dövr üçün dəyişdirəcəm - R.A.) bizi hətta akademik Nizami Süleymanova görə ittiham ediblərmiş! Təsəvvür edirsiniz! Bir araşdırın, eyni ittihamları 1998-ci ilin sonları, 1999-cu il boyunca dərc olunan Kərimovçu mətbuatdan bulacaqsınız. O zaman bunlar Nizami Süleymanovla müqavilə imzalayırdılar... Və həm qəzetimizi, həm də Müsavat Partiyasını müxalifətin birliyini pozmaqda suçlayırdılar...

Bu gün başqa bir ağsaqqalın - hörmətli və kristal kimi tərtəmiz professor Cəmil müəllimin davasını bəhanə ediblər... İndi mövsümlərdən Cəmil, yəni.

Bir az sonra yəqin hörmətli və cəsur səfirimiz Arif Məmmədova görə vətən xaini və iqtidar nökəri elan olunacağıq, söyüləcəyik... Yəni bu Kərimli çetesi mövsümi olaraq, kimlərisə “PİRİM, Şeyxim” deyə qucaqlayacaq, biz də gördüyümüzü və bildiyimizi yazacağıq; növbəti boşuna layihə olduğunu xalqa bəyan edəcəyik, bunlar da "vaveyla" deyib, itli-pişikli üstümüzə hücum çəkəcəklər? Yetmədimi? Bezmədinizmi? Hər yeni gələn PİRİ-ŞEYXƏ də dedizdirirlər: "Rejim son günlərini yaşayır, belə bir anda “Yeni Müsavat” qəzeti və Rauf Arifoğlu xalqa xəyanət edərək...."


"Əsil xain o kəsdir ki, 22 ildir çevrəsini və xalqı aldadır. Bu kəsimin iqtidar olma şansı yoxdur, heç zaman da olmayacaq. Bu kəsim indiki rejimin güclənməsi və gerçək xalq hərəkatının, gerçək müxalifətin ortaya çıxmaması üçün qullanılan çoxdəfəlik vasitədir! Bu kəsim siyasətin qarayarası, tualetidir - yaxınlaşdıqca üfunət iyindən , pislikdən başın çatlayır. Fəqət, özləri bu iyə öyrəncəli olublar. Başqa qoxuları da sevmirlər..."


Əsil xain o kəsdir ki, 22 ildir çevrəsini və xalqı aldadır. Bu kəsimin iqtidar olma şansı yoxdur, heç zaman da olmayacaq. Bu kəsim indiki rejimin güclənməsi və gerçək xalq hərəkatının, gerçək müxalifətin ortaya çıxmaması üçün qullanılan çoxdəfəlik vasitədir! Bu kəsim siyasətin qarayarası, tualetidir - yaxınlaşdıqca üfunət iyindən , pislikdən başın çatlayır. Fəqət, özləri bu iyə öyrəncəli olublar. Başqa qoxuları da sevmirlər.

Bunlardan uzaq durmaq lazımdır, vətəndaşlar! Bunların heç gələcəyi-görəcəyi yoxdur! Bunu mən yazıram! 27 ilini siyasətə vermiş, bu məkanda hər kəsi tanıyan, milli azadlıq hərəkatının ən uğurlu layihəsinin başında duran, Azərbaycanın yeni tarix mediasını və söz azadlığını təmsil edən, yaradan və qoruyanlardan biri olaraq! AXC-nin iqtidar olacağını, Mütəllibovun nə zaman çökəcəyini aylar öncədən yazısında proqnoz edən; AXC iqtidarının devrilmə ehtimalı və ssenarisini, Heydər Əliyevin hakimiyyətə gələcəyini 1992-ci ilin oktyabr-noyabr aylarından proqnoz edib, yazan; 2003-cü ildə iqtidarolma şansımızı yüksək bilib, onun uğrunda ölümünə çalışan; 2005-ci ilin 26 noyabrından isə bu düşərgənin şansının bitdiyini dəqiq hesablayıb, məsuliyyətində olan layihəni - qəzet və saytları iflasdan, qapanmaqdan qorumaq üçün yeni siyasi kurs hazırlayan, bunu uğurla həyata keçirən; bu cür proqnoz və fəhmləri çox zaman (əslində hər zaman) doğrulan birisi olaraq yazıram! Tarix və vətəndaşlar qarşısında bütün məsuliyyətimlə ifadə edirəm, bunları! Əli Kərimli heç zaman iqtidarda olmayacaq! Cəmil Həsənli gələn il bu zamanlar Rüstəm İbrahimbəyovdan da betər siyasi tale yaşayacaq. Arif Məmmədovu yeni birisi əvəzləyəcək, ona da PİRİM deyib, sarılacaqlar... Bunları görmək o qədər bəsit ki!

Bu dəstə gerçək müxalifətə, peşəkar siyasətçilərə və lazım olan siyasi manevrlərə imkan vermir! Hər kəsi şantaj və təhdid altında saxlayır. Axı siyasətçinin işi kritik anlarda manevr etməkdir, güclü olduğu situasiyalarda rəqibin üstünə daha bərk getmək; zəif olduqda, gücünü və çevrəsini, gələcək şansları qorumaq naminə yavaşımaq, çevik siyasi qərarlar vermək, əqdlər bağlamaq, yeri gələndə uğurla bazarlaşmaq, məğlubiyyətin özündən bircə parça qopardıb, onu kiçik qələbəyə çevirmək; nifrət edən, aqressivlik göstərən siyasi rəqibi neytrallaşdırmaq, mümkün olsa, onu simpatiya bəsləyən tərəfdaşa çevirmək, mümkün olmasa, onu özünə dözə biləcək həddə saxlamaq...

Qoyurlarmı? Dərhal yarlığı yapışdırırlar. Kərimlinin düşərgəsinin şantajı ucbatından Azərbaycan siyasi məkanında kimsə siyasət yapa bilmir, manevr cəhdləri yoxdur; hər kəs qarşı-qarşıyadır. İndi “Azadlıq - 2015” seçki bloku siyasi qüvvə olaraq, kövrək və çəkingən addımlarla bu manevrlərə təşəbbüs göstərir; bir şeylər də alınır; lakin bir baxın. Siyasətçiləri siyasət yapdıqlarına görə nə kökə qoyurlar! Necə təhqir edirlər!

Və bununla da normal siyasəti məhv edib, iqtidarın əlinə işləyirlər. Çünki onların təklif etdiyi müstəvidə bu iqtidar güclüdür; Qərbin qüdrətli paytaxtları ilə qafa-qafaya gəlməkdən çəkinməyən bir iqtidarla qafa döyüşdürmək qədər bihudə bir təşəbbüs olarmı.

Qışqır-bağırla, heç bir gücün olmadığı halda, rəqibdən daha aqressiv davranmaqla, şantaj və nifrinlə siyasətmi olar?

Olmaz, olmayacaq. Bu üzdən də deyirəm ki, vətəndaşlar o üfunətdən, siyasətin tualetindən ayrılıb, normal təşkilatlara üz tutmalıdırlar.

Alternativlər varmı? Təbii ki, var. Həm də çoxdur.

Hansılardır, nə etmək olar?

Bu barədə də ayrıca yazacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR