İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqların bayramı

1334 10.07.2022 17:56 Yazarlar A A

Konstitusiya Məhkəməsinin sədri Fərhad müəllim dövlətin informasiya agentliyinə müsahibə verib, deyir vətəndaşların hər biri bizə müraciət eləyə bilər.

Şəxsən mənim üçün yenilikdir. Mən elə zənn edirdim Konstitusiya Məhkəməsinə müraciət eləməyə ixtiyarım yoxdur, uzağı Binəqədi rayon məhkəməsinə müraciət edə bilərəm. Subordinasiya qaydasında daha sonra Apelyasiya və Ali Məhkəməyə, ondan da sonra xarici qara qüvvələrin təsir dairəsinə düşsəm Avropa Məhkəməsinə. Sən demə Konstitusiya Məhkəməsi mərhələsi də varmış.

Hətta birbaşa buna üz tutmaq olar. Fərhad müəllim işlərin konkret çevrəsini açıqlamayıbdır, o üzdən mən belə başa düşdüm ki, arvad boşamaqdan tutmuş toyuq oğurluğuna qədər istənilən şikayəti Konstitusiya Məhkəməsinə etməkdə sərbəstik. Heyrətamiz islahatdır. Mənim ağzım əyildi.

Subordinasiya, mərhələli həll söhbətini boşuna yazmadım, əsgərlikdə yaşadığım əhvalat var. Orda bir problemi həll etmək lazım idi, birbaşa müdafiə naziri Səfər Əbiyevin adına raport yazmışdım, ondan sonra isə aclıq aksiyası elan etmişdim. Məni çağırdılar briqada komandirinin yanına, gördüm polkovniki gülmək tutubdur. Dedi, yoldaş əsgər, bu cür raport yazmaq olmaz. Sənin nəsə dərdin varsa, birinci bunu bölük komandirinə yaz. O baxmasa tabor komandirinə. Ondan sonra mənim müavinimə, mənə, mən də həll etməsəm korpus komandirinə. Bu müddətdə əsgərliyin bitər, rədd olub gedərsən evinizə. Zarafat edirəm, dedi lap axırda müdafiə nazirinə yazmaq olar.

Mənim aləmimdə Konstitusiya Məhkəməsinin sədri də hardasa hüquq, ədliyyə sistemimizin “müdafiə naziri” səlahiyyətində bir zatdır. Əgər birbaşa ona üz tuta biliriksə, gör məhkəmə-hüquq islahatları hara çatıbdır. Bundan sonra nə gələcək? Düşünməsi belə çətindir. Məsələn, ola bilər hər vətəndaşa şəxsi hakim ayrılsın. Şəxsi, ailə həkimi tipində ailə hakimləri də olsun.

Fərhad müəllimin qanunsuzluqlar qayasını külünglə çapıb şirin Azərbaycan xalqına ədalət bulağından şərbət axıtması yaxşı haldır. Şair belə məqamda deyibdir:

“Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.
Gərçi canandan dili-şeydam üçün kam istərəm,
Sorsa canan bilməzəm kami-dili-şeyda nədir”.

Yeri gəlmişkən, Qurban bayramı münasibətiylə kontaktımda olan hər kəsi təbrik edirəm. Qurban əti ilə mey, şərab kimi məhsulları istemal etmək olmaz, bunu da diqqətdə saxlayın. Elə adamlar cəhənnəm odunda yanacaqdır. Özü də cəhənnəmdə enerji daşıyıcıları, qaz xətti, neft borusu, tiyan, əcinnə, zəqqutun ağacı kimi şeylərin qıtlığı, inhisarı, monopoliyası, inflyasiyası olmur ha, bilin. Sırğa edin, qulağınızdan asın. (Zənənlərə aiddir. Kişilər sırğa taxanda avtomatik LGBT-yə çevrilir).
Məsələn, dünən qaz idarəsinin brifinqi vardı, orda müdir dedi ki, bəzi vətəndaşlar neft şirkətinin ərazisində ev tikir, ona biz qaz çəkmirik. Çün, sonra adam bizə deyir əgər bu torpaq sizin idisə, niyə bizə qaz çəkirdiniz.

Həqiqətən, ilginc mövzudur. Eyni zamanda, neft şirkətinin ərazisində tikilən evlərə su və işıq xətti çəkmək mümkün imiş. Su və işıq xəttinin altında-üstündə ev tikənlərə isə qaz çəkmək olur.

Yaxud, əgər ərli qadın başqa kişi ilə vatsapda mesajlaşırsa, bu problemin həlli üçün qadının qardaşına müraciət edilməlidir. Hansı hallarda ər özü problemi həll etməyə müvəkkildir? Əgər toy günü VVAQ idarəsi tərəfindən arvadın qeyrət-namusu üzərində səlahiyyətlər ərə həvalə edilmişsə. Əks halda işə Konstitusiya Məhkəməsi baxmalıdır. Məsələn, bugünlərdə Gəncədə belə anlaşılmazlıq yaşanıb, nəticədə gəlinin qardaşı mesaj yazanı bıçaqlayıb. Ancaq axırda hamı barışıb, hakim də telefonda mahnı qoyub, oynayıblar.

Doğrudan da, qoyun kəsmək varsa, bir-birimizi niyə kəsirik?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR