İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət inflyasiya proqnozunu dəyişdi: 4 dəfədən çox artım

1030 03.08.2022 14:48 İqtisadiyyat A A

Ekspert: “Payız-qış aylarında un və çörəyin qiyməti arta bilər”

Azərbaycan hökuməti 2022-ci ildə ölkədə mümkün inflyasiya proqnozunu 4 dəfədən çox artırıb. Bu barədə Maliyyə Nazirliyinin 2022-ci ilin birinci yarısında dövlət büdcəsinin icrasına dair arayışında məlumat verilir. Arayışda bildirilir. büdcə layihəsi hazırlanan zaman təqdim olunmuş 4 faizlik orta illik inflyasiya proqnozu faktiki göstəricilər, gözlənilən meyillər, o cümlədən büdcəyə yenidən baxılması ilə yaranacaq əlavə investisiya xərclərinin təsiri nəzərə alınmaqla artırılıb. Müvafiq göstəricinin ilin sonuna 12,5 faiz təşkil edəcəyi gözlənilir.

Sənəddən aydın olur ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsi hazırlananda İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən, ÜDM-in həcmi 86,6 milyard manat, qeyri-neft ÜDM-in 60,4 milyard manat, real artım tempi isə müvafiq olaraq 3,9 və 4,9 faiz səviyyəsində götürülsə də, 2022-ci ilin ötən dövrünün makro-iqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəə bazarlarının dinamikası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndiib. Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barrelinin qiyməti dövlət büdcəsi üzrə ilkin nəzərdə tutulmuş orta illik ixrac qiymətindən (50 ABŞ dolları) artırılaraq 85 ABŞ dolları səviyyəsində götürülüb.

Hökumət hesab edir ki, il ərzində yuxarı neft qiymətlərinin neft ÜDM-in nominal artımının əsas hərəkətverici qüvvəsini təşkil edəcəyi, lakin bu sektorda real artımın kiçik olacağı, həmçinin qeyri-neft ÜDM-in müşahidə edilən yüksək real artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir: “Dövlət büdcəsinə yenidən baxılması ilə artırılmış büdcə xərclərinin əhəmiyyətli hissəsini investisiya yönümlü xərclərin təşkil etdiyini və bu xərclərin iqtisadi artıma təsirini nəzərə alaraq, 2022-ci ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,9 faizdən 5,5 faizə qaldırılıb. ÜDM-in real artımı 3,4 faiz olmaqla nominal ifadədə 115,4 milyard manata, habelə qeyri-neft sektoru üzrə 65,7 milyard manata qədər artacağı proqnozlaşdırılır. Ümumilikdə 2022-ci ilin dövlət büdcəsi zərfində nəzərdə tutulan proqnozla müqayisədə ÜDM üzrə 28,8 milyard manat əlavə nominal artım proqnozlaşdırılıb ki, bunun da əsas hissəsi – 23,5 milyard manatı neft sektorunun, yerdə qalan 5,3 milyard manatı isə qeyri-neft sektorunun hesabına formalaşacaq”.

Qeyd edək ki, dəyişikliklərdən sonra 2022-ci ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 29197,8 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 8,9 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,3 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək. 2022-ci ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlərin 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,3 milyon manat və ya 12,6 faiz artması gözlənilir. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcək.

2022-ci il dövlət büdcəsi xərclərinin isə 32303,8 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da ilkin proqnoz göstəriciyə nisbətən 8,1 faiz çoxdur. Xərclərin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 62,7 faizi həcmində və ya 20246,5 milyon manat (ilkin proqnoz göstəricisinə nisbətən 1,0 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 31,8 faizi həcmində və ya 10265,3 milyon manat (ilkin proqnoz göstəricisinə nisbətən 27,7 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,5 faizi həcmində və ya 1792,0 milyon manat (ilkin proqnoz göstəricisi səviyyəsində) vəsait yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda 2022-ci il ərzində 632,7 milyon manat məbləğində vəsait dövlət borcu üzrə faiz ödənişlərinin təmin olunmasına yönəldiləcək.

Yenidən baxılmış dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 4,9 faiz-bənd artırılıb, cari xərclərin xüsusi çəkisi 4,4 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azaldılıb: “Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər diqqətdə saxlanılmaqla büdcənin artırılan xərclərinin böyük hissəsi Qarabağda, Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin aparılmasına və bu yerlərə Böyük Qayıdışın reallaşmasına yönəldil. Belə ki, büdcə qaydası üzrə müəyyən edilmiş hədlər və inflyasiya amili nəzərə alınmaqla yaranmış zəruri ehtiyacların qarşılanmasına, o cümlədən dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına (588,4 milyon manat), işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasının sürətləndirilməsinə və ölkənin digər ərazilərində bir sıra infrastruktur layihələrinin və əsaslı xərclərin (1291,1 milyon manat), həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”.

Sənədə görə, 2022-ci ilin 6 aylıq faktiki daxilolmaları nəzərə alınmaqla ilin sonuna gözlənilən hesablamalara əsasən neftin qiymətinin hər 10 ABŞ dolları aşağı düşməsi icmal büdcə gəlirlərinin illik orta hesabla təqribən 1,7 milyard manat azalmasına gətirib çıxarır.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az

 Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanın 2022-ci ilin birinci yarısını gözlənildiyindən daha yüksək iqtisadi nəticələrlə başa vurduğu, lakin inflyasiyanın sürətinin artmağa davam etdiyi Prezident İlham Əliyevin yanında keçirilən hökumət müşavirəsində də səsləndirilib: “Rəsmi statistikaya əsasən ilin birinci yarısında orta illik inflyasiya 13 faiz təşkil edib. Dəqiq monitorinq aparılıb, ətraflı analiz aparılarsa, real inflyasiya səviyyəsinin bundan daha yuxarı olduğunun aşkarlanacağı istisna deyil. Ərzaq məhsulları üzrə inflyasiya göstəricisi isə 20 faizə yaxındır. Yəni ötən ildən bəri olduğu kimi, birinci yarımildə də inflyasiyanı sürətləndirən əsas amil ərzaq məhsullarıdır. Ümumilikdə, birinci yarımil üzrə makroiqtisadi göstəricilər  müsbətdir: qeyri-neft sənaye istehsalında artım var, maliyyə bazarında sabitlikdir, xarici ticarətdə böyük müsbət saldo var. Lakin inflyasiya yüksək sürətini saxlamaqla iqtisadiyyat üçün ciddi çağırışlar yaratmağa davam edir”.

Espert həm İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, həm də Dövlət Gömrük Komitəsi xəttilə dövlət büdcəsinə daxilolmalardakı artımı ciddi müsbət məqam kimi qiymətləndirir: “Bu tendensiya 2019-cu ildən etibarən başlayıb. Həmin il büdcə gəlirlərində bu iki qurum üzrə 1 milyard manatdan artıq artım qeydə alındı ki, burada kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə, vergi qanunvericiliyinə edilən dəyişikliklər mühüm rol oynadı. Tendensiya indi də davam edir və bu, müsbət haldır. Lakin qeyd etdiyim kimi, bu göstəricilərlə rahatlanmaq təhlükəli olardı. Çünki bir tərəfdən bizə əlavə gəlirlər gətirsə də, yeksək enerji qiymətləri digər tərəfdən də inflyasiyanı sürətləndirir. Bu isə nəinki Azərbaycan, bütövlükdə qlobal iqtisadiyyat üçün böyük risklər yaradan amildir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Bank uçot dərəcəsinə dair qərarını açıqlayanda ilin sonuna doğru Azərbaycanda inflyasiyanın azalacağına dair gözləntilərini də açıqlayıb. P.Heydərov bu gözləntiləri çox praqmatik hesab edir: “Hazırda elə vəziyyət yaranıb ki, dünyanın hər hansı ölkəsində inflyasiyanın ilin sonunadək hansı həddə olacağına dair proqnozlaşdırma aparmaq müşkülə çevrilib. Son aylarda baş verənlər göstərdi ki, ən real görünən proqnoz belə 2-3 həftə ərzində reallıqdan çıxa bilər. Çünki enerji qiymətləri çox kəskin volatillik nümayiş etdirir, bu isə digər bazarlarda da ziddiyyətli prosesləri şərtləndirir. Bu vəziyyətdə inflyasiyanın ilin sonlarına doğru daha da sürətlənəcəyi daha real görünür, nəinki azalacağı. Bu, Azərbaycana da aiddir. Ona görə də Azərbaycan hökuməti antiinflyasiya tədbirlərini daha da gücləndirməlidir. Xüsusilə də daxili istehlak bazarında ərzaq məhsullarının bahalaşması tendensiyası mümkün olan qədər çərçivəyə alınmalıdır. Qısamüddətli dövrdə idxal inflyasiyasından yaxa qurtarmaq mümkün olmasa da, onun istehlak bazarına artırıcı təsirini minimuma endirmək üçün hökumət əlavə mexanizmlər tətbiq etməlidir”.

Ekspert hesab edir ki, ilin sonunadək qalan dövr ərzində Azərbaycan üçün ən böyük təhlükə neft bazarından gələ bilər: “Bu bazarda qiymətlərin kəskin düşməsi ehtimalı yüksəkdir. Dünyanın ən böyük iqtisadiyyatlarında baş qaldıran problemlər neftə tələbatın kəskin azalması və qiymətlərinin düşməsinə səbəb ola bilər. Bu halda Azərbaycan gəlirlərinin azalması ilə yanaşı, maliyyə bazarında tarazlığın pozulması, manatın məzənnəsinə təhdidlərin formalaşması kimi çağırışlarla da üzləşə bilər. Daha bir bir təhlükə ərzaq bazarından, daha doğrusu, buğda, un və çörək bazarından mümkündür. Payız və qış aylarında dünyada buğda çatışmazlığı vəziyyətinin yaranacağına dair proqnozlar özünü doğruldarsa, Azərbaycanda un və çörəyin qiymətində artımlar qaçılmaz olacaq. Ukrayna taxılının İstanbulda əldə olunan razılaşma nəticəsində ixracına başlansa da, bu proses qısamüddətlidir – razılaşma cəmi 120 günlükdür. Bu baxımdan, yaxın aylarda qlobal buğda bazarında bahalaşmanın yenidən  start götürəcəyi istisna olunmur”.

Dünya Sakit,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR