İnsanlara hürriyət, millətlərə istiqlal!

Hitlerin şəxsi nəzarətində olan düşərgə - “Daş məhəlləsi”nin ağılasığmaz işgəncələri...  

1973 10.06.2024 15:16 Yazarlar A A

 

İkinci Dünya müharibəsi ərəfəsində, 1938-ci ilin mart ayında Hitler tərəfindən Avstriya Respublikası Almaniyaya birləşdirildikdən sonra (anşlyus) fürer bu ölkənin təbii resurslarından istifadə ilə bağlı xüsusi proqram imzalayıb. Proqramın bəndlərindən birində Vyanadan 120-130 kilometr aralıda zəngin daş yataqlarının istismarı öz əksini tapıb. “Daş məhəlləsi” adlanan əraziyə işçi qüvvəsi cəlb etmək üçün Hitler bu məkanda islah-əmək düşərgəsi yaradılması ilə bağlı növbəti əmrə imza atıb. Sonralar isə bu düşərgə ən dəhşətli əsir düşərgələrindən birinə çevrilib.

Əvvəlcə düşərgədə ağır və orta ağır cinayət törədənlər saxlanılıb. 1939-cu ilin ortalarından bu kontingentə siyasi məhbuslar da daxil edilib. Müharibə başlandıqdan sonra isə düşərgənin qapıları hərbi əsirlərin üzünə açılıb. Hitler bu düşərgəni şəxsi nəzarətində saxlayıb.

Fəaliyyət göstərdiyi 7 il ərzində, 1938-1945-ci illərdə “Daş məhəlləsi” düşərgəsində ümumilikdə 385 min nəfər saxlanılıb. Onlardan 176 mini düşərgədə ən amansız üsullarla məhv edilib. Öldürülənlərdən 39 min nəfəri sovet vətəndaşı olub.

432720_original.jpg (75 KB)

Düşərgədə yazılmamış qanunlar hökm sürüb. Daxili rejim qaydalarını pozanlar qida və sudan məhrum olunublar, qaçmağa cəhd edənlər müzakirəsiz və sorğusuz yerində güllələniblər, gündəlik iş normasını yerinə yetirə bilməyənlərə yatmaq qadağan olunub.

Xüsusi işgəncələri ilə fərqlənən düşərgədə saxlanılanlar arasında fərq qoyulmayıb. Hər səhər məhbuslar qrup şəklində təxminən 50 kiloqram çəkisi olan daşlarla düşərgənin ərazisindəki pilləli kaha adlanan yerdə 186 pilləni qalxmağa məcbur edilib. Bu “prosedur”u yerinə yetirə bilməyənlər, huşunu itirənlər elə həmin dar pillələrdən yıxılaraq uçuruma yuvarlanıblar.

Əsirlərin qidalanması minimum qida rasionundan qat-qat aşağı olub. Onlara əsasən tullantı tərəvəzlərdən hazırlanmış şorba verilib.

Əsirlərə heç bir tibbi xidmət göstərilməyib. Düşərgənin rəsmi ştat cədvəlində 12 nəfər tibb personalının olması göstərilsə də, saxlanılanlar ən adi xəstəliklərdən ölüblər.

Düşərgənin ərazisində hündür hasarla ayrılan və “ölüm bloku” adlanan 20-ci blok fəaliyyət göstərib. Burada əsasən müntəzəm olaraq rejim qaydalarını pozanlar və sovet hərbi əsirləri saxlanılıb. 20-ci blokda ilin fəsillərindən, havanın temperaturundan asılı olmayaraq qurşaqdan yuxarı geyimlərə qadağa qoyulub. Qaydaları daha tez-tez pozanlar isə ümumiyyətlə, geyimdən məhrum edilərək lüt saxlanılıblar.

Bundesarchiv_Bild_192-269,_KZ_Mauthausen,_Häftlinge_im_Steinbruch.jpg (225 KB)

“Ölüm bloku”nda saxlanılanlar yataqla təmin edilməyiblər. Onlara yalnız gecə saat 1-dən 4-ə qədər beton döşəmədə yatmağa icazə verilib. Yatmazdan əvvəl kameraların beton döşəmələrinə buzlu su buraxıblar. Kameralarda hər gecə 40-50 nəfərin ölümü adi hal sayılıb.

20-ci blokda xüsusi kamera da olub ki, burada SS-in gənc zabitləri sınaq təlimləri keçiblər. Ölənə qədər döyməyi bacaran əməkdaşlara sertifikatlar verilib.

Düşərgədə iş saatı səhər saat 7-də başlayıb, axşam saat 9-da yekunlaşıb. Saxlanılanlar daş karxanasında və düşərgədə tikinti işlərində işləyiblər.

“Daş məhəlləsi”nin məhbusları bir neçə dəfə qaçmağa cəhd göstərsələr də nəzarətçilərin diqqətindən yayına bilməyiblər. 1945-ci ilin fevral ayında, müharibənin sona çatmasına bir neçə ay qalmış isə düşərgədən qaçmaq cəhdi daha kütləvi hal alıb. 20-ci blokda saxlanılanlardan 419 nəfər gecədən xeyli keçmiş 3 nəfər nəzarətçini əvvəlcədən gizlətdikləri taxta və dəmir parçaları ilə “zərərsizləşdirə” biliblər. Kameradan çölə çıxdıqdan sonra onlar nəzarət qülləsində dayanan gözətçini də ələ keçirməyə nail olublar. Elektrik naqillərinin qoşulduğu transfarmatoru partlatdıqdan sonra əsirlər 7 metrlik hündürlükdə olan hasarları bir-birlərinin köməyi ilə aşaraq ətraf qəsəbəyə qaçıblar. Əsirlərin tutulması üçün ətraf qəsəbələrdə yaşayanlar da axtarışa cəlb olunub. Əlavə qüvvələrin gəlməsi nəticəsində 419 nəfərdən 399 nəfəri saxlanılaraq güllələnib, 20 nəfərin taleyi isə məlum olmayıb.

6 may 1945-ci ildə düşərgə ABŞ kəşfiyyatçıları tərəfindən öyrənilib, mayın 7-də isə Amerika qoşunları bütün müqavimətləri dəf edərək düşərgəni öz nəzarətinə götürüb. Qeyd edək ki, mayın 2-də əsirlərin əsas hissəsi almanlar tərəfindən ayrı-ayrı düşərgələrə təxliyə ediliblər. Amerika qoşunları düşərgəyə girəndə orada 60 min əsir olub.

Nürnberq məhkəməsində düşərgənin 61 əməkdaşı müttəhimlər kürsüsündə əyləşib. Onlardan 58 nəfəri edama, 3 nəfəri isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR