İnsanlara hürriyət, millətlərə istiqlal!

Həm kommunist, həm də nasist partiyasının üzvü olan general – həmkarları onu “şeytanın hakimi” adlandırıblar...  

1786 15.07.2024 13:05 Yaxın tarix A A

 

O, olduqca çevik, ən çətin vəziyyətlərdə çıxış yolunu tapan, mürəkkəb situasiyalarda mövqeyini qorumağı bacaran bir şəxs olub. Vəzifə karyerasında daha yuxarılara can atan Roland Freysler bu xüsusiyyətlərinə görə həmişə öz istəyinə çatıb. Amma müharibə general rütbəsini daşıyan Freyslerin həyatına da son qoyub.

Freysler 1893-cü ildə Almaniyanın Tselle şəhərində anadan olub. O, Birinci Dünya müharibəsində könüllü iştirak edib. Hərbi əməliyyatlarda fərqlənsə də, dəfələrlə mükafatlandırılsa da Freyslerin döyüş yolu qısa olub. Belə ki, o, 1915-ci ildə ruslara əsir düşüb.

 Əsirlik həyatının ağırlığından qurtulmaq üçün Freysler bolşeviklərlə könüllü əməkdaşlığa gedib, bolşevik partiyasının üzvü olub, sadiq kommunist kimi Vətəndaş müharibəsində də iştirak edib. Hətta fəallığına görə  ərzaq komissarlığında ona yüksək vəzifə də veriblər. Düzdür, Freyslerə silah-sursat etibar edilməyib. Amma ordunun əşya və ərzaq təminatı məsələsində o, əsas vəzifələrdən birini tutub.

220px-Bundesarchiv_Bild_183-J03166-_Berlin-_Amtsbernahme_Dr_.jpg (46 KB)

1920-ci ildə Freysler Rusiyada heç kimə xəbərdarlıq etmədən Almaniyaya qayıdıb. Fridrix Şiller adına universitetin hüquq fakültəsində təhsil alıb. Almaniyaya qayıtdığı ilk illərdə kommunist olduğunu gizlətməsə də Freysler 1925-ci ildə siyasi baxışlarını tam dəyişərək nasist partiyasına üzv olub. O, zaman-zaman yuxarı eşelonlarda özünü bacarıqlı kadr kimi tanıda bilib. Elə bunun nəticəsi olaraq Freysler 1932-ci ildə nasist partiyasından deputat seçilib.

Hər addımda fürerə sədaqətini nümayiş etdirən Freyslerin vəzifə hədəfləri ədliyyə naziri, yaxud da xalq məhkəməsinin sədri vəzifələrinə tuşlanıb. Bu məsələdə kommunist keçmişi ona mane olsa da Freysler hədəfinə doğru inamla addımlayıb. O, əvvəlcə Ədliyyə Nazirliyində katib vəzifəsinə sahib olub. Nazir təyinatı müzakirə olunanada onu namizədliyi keçməyib, Hitler və Borman Feüysləri kənarda saxlayıb. Buna baxmayaraq Freysler ruhdan düşməyib. Əvvəlki templə fəaliyyətini davam etdirib.

1942-ci ildə Otto Tirak Xalq Məhkəməsi Palatası sədri vəzifəsindən ədliyyə naziri vəzifəsinə keçiriləndə Freyslerin vəzifəyə təyinat məsələsi yenidən gündəmə gəlib. Bu dəfə Hitler onun Xalq Məhkəməsi Palatasına sədr təyin olunmasına etiraz etməyib. Freysleri əsas müdafiə edənlərdən biri isə Göbbels olub. O, Freysler haqqında fikrini aşağıdakı kimi bildirib:

“Biz Roland Freyslerdən əsl nasist düzəldə bilməsək də əsl hakim düzəldə biləcəyik. O, bu sahəni yaxşı bilir, olduqca savadlı bir hüquqşünasdır və fürerin etimadını doğruldacaq. Mən əminəm ki, Freyslerin Xalq Məhkəməsi Palatasına sədr təyin etməyimizdə yanılmırıq...”

1628480380_a7470cbd-f894-4d4f-bd3a-d84cd7cbd7de.jpg (58 KB)

Yeni vəzifəsində Roland Freysler öz qəddarlığı ilə fərqlənib. Cəlladlığına görə həmkarları onu “şeytanın hakimi” adlandırıblar. Freyslerin göstərişi ilə “Hitler xəstələnib”, “Almaniya qoşunları geri çəkilib” kimi ifadələr işlədən sıravi almanlar məhkəməyə gətiriliblər, ən ağır cəzaya məhkum ediliblər.

Freyslerin qəddarlığı haqqında təsəvvür yaratmaq üçün statistik rəqəmlərə nəzər yetirmək kifayətdir. Onun məhkəməyə rəhbərlik etdiyi 1942-1945-ci illər ərzində Freysler 4951 nəfər haqqında ölüm hökmü çıxarıb. Onun təyinatına qədər isə Xalq Məhkəməsi Palatasının fəaliyyət göstərdiyi 8 il ərzində cəmisi 292 ölüm hökmü çıxarılıb.

Freyslerin hakimlik etdiyi məhkəmə prosesləri də öz gedişi ilə fərqlənib. O, məhkəmə zamanı ittiham olunanı təhqir etməkdən, söyməkdən, bəzən isə durub üzünə sillə vurmaqdan çəkinməyib.

1944-cü ildə fürerin qərargahında Hitlerə sui-qəsdə cəhd ediləndə hadisəni törətmək istəyənlərin məhkəməsi də Freyslerə həvalə olunub. Həmin proses Almaniyanın məhkəmə tarixində ən yadda qalan hadisələrdən biri olub. Freystel “şef”ini öldürmək istəyənlərin təkcə özlərini deyil, bütün yaxınlarını, ailə üzvlərini də məhv edib.

Freyslerin vəzifə hərisliyi o dərəcədə olub ki, o, Berlinin səmalarında SSRİ-nin və müttəfiqlərinin qırıcıları görünəndə belə məhkəmə proseslərini təxirə salmayıb. Freysler son məhkəməsini  3 fevral 1945-ci ildə keçirib. Həmin gün baş hakim 4 nəfərə ölüm hökmü çıxarıb.

Məhkəmədən çıxdıqdan sonra  Freysler ABŞ hərbi hava qüvvələrinin bomba yağışına düşüb, dağıntılar arasında qalaraq ölüb.

Ölümündən sonra ailə üzvləri Freyslerin soyadından rəsmi olaraq imtina ediblər və bəyan ediblər ki, belə bir cəlladın soyadını daşımaqdan utanc hissləri keçirirlər.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR