İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim səhvlərinə görə 78 cinayət işi açılıb - günahkar kimdir?

2062 17.03.2022 10:40 Yaşam A A

 

 

 

 

 

Bu il Azərbaycanda həkim səhvləri ilə bağlı 78 fakt üzrə cinayət işi başlanılıb. Bunu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib. İdarə rəisi bildirib ki, müraciətlər əsasən həkimlər tərəfindən xəstələrə düzgün diaqnoz qoyulmaması və düzgün müalicə olunmaması ilə bağlıdır.

Dünyada həkim səhvi ucbatından ölüm halları tez-tez baş verir, rəqəmlər kifayət qədər ciddidir. Məsələn, ötən il ABŞ-da ölüm hallarının səbəbləri arasında həkim səhvi 3-cü yerdə olub. Ürək xəstəlikləri və xərçəngdən sonra üçüncü əsas ölüm səbəbi budur. Con Hopkins Universitetinin ötən il apardığı araşdırmada məlum olub ki, Birləşmiş Ştatlarda hər il 250 mindən çox insan tibbi səhvlərdən ölür. Digər tədqiqatlarda bu rəqəmin hətta 440 minə çatdığı bildirilir. Rəqəmlərdə fərqin olması təsadüfi deyil. Çünki həkimlər, dəfn işlərinə məsul şəxslər, ekspertiza mütəxəssisləri, tibbi ekspertlər ölüm şəhadətnamələrində insan səhvlərini və sistem nasazlıqlarını nadir hallarda qeyd edirlər.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov: “Düşünürəm ki, icbari tibbi sığortanın inkişafı ilə bu problemlər xeyli dərəcədə həllini tapacaq”

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a bildirdi ki, həkim səhvi dedikdə bir çox məqamlara diqqət etmək lazımdır: “Tibbi protokollardan kənara çıxaraq icra olunan prosedurlar, uyğunsuz dərman preparatlarının təyini, diaqnozun düzgün qoyulmaması, prosedur və əməliyyatların düzgün aparılmaması və s. həkimlərin səhv etməsinə səbəb ola bilər. Bu siyahını uzatmaq da olar. Dünyada statistika göstərir ki, ölüm halları daha çox həkim səhlənkarlığı ucbatından baş verir. Düşünürəm ki, icbari tibbi sığortanın inkişafı ilə bu problemlər xeyli dərəcədə həllini tapacaq. Çünki sığorta özü yönəltdiyi pasiyentlərin hətta diaqnostika, müalicə prosesinə birbaşa nəzarəti də həyata keçirir. Bu nəzarət ödəmələrin əsaslandırılması baxımından lazımdır. Düşünürəm ki, həkim səhvlərinin azalması ilə nəticələnən bu mexanizm yaxın zamanda işə düşəcək. Bütün  sahələrdə nəzarət mexanizmi var. Sistem elə qurulmalıdır ki, səhvlər minimuma endirilsin və problem yarandıqda həll yolu pasiyentin xeyrinə olsun. 2 ay yarıma 78 cinayət işinin açılması onu göstərir ki, diqqəti artırmağa ehtiyac var”.

Z.Yusifov, həmçinin, qeyd etdi ki, Səhiyyə Nazirliyinin xüsusi komissiyaları  tərəfindən həm dövlət, həm də özəl xəstəxanalarda mütəmadi olaraq yoxlamalar həyata keçirilir: “Eyni zamanda sertifikasiya proqramı həyata keçirilir. Hər 5 ildən bir həkimlər, 3 ildən bir də tibb  işçiləri həm kursa, həm də sertifikasiyaya cəlb olunur. Sertifikasiyadan keçmək üçün 5 il ərzində yığılan bəlli kreditlər var, bu kreditləri əldə etmək üçün kurslar, konfranslar, konqreslərdə və s. iştirak etmək lazımdır. Bu mexanizm tətbiq olunur. Sadəcə, bu işin daha da təkmilləşdirilməsinə ehtiyac var. Son günlər Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə xeyli addımlar atılır. Ümid edirik ki, yaxın gələcəkdə səhiyyə sahəsində mütəxəssislərin peşəkarlığının artırılması istiqamətində görüləcək real işlərin şahidi olacağıq”. 

Qalib Əsədov — Vikipediya

Qalib Əsədov: “Həkim səhvi və həkim səhlənkarlığı ayrı-ayrı anlayışlardır”

Avropa Nevrologiya Akademiyasının üzvü, həkim-nevroloq Qalib Əsədov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, həkim səhvi və həkim səhlənkarlığı ayrı-ayrı anlayışlardır: “Müayinə üçün lazım olan analizlərin cavabı laboratoriyadan yanlış gəlibsə, reaktiv köhnəlib, düzgün analiz aparılmayıb və s. amillər həkimin diaqnozuna təsir göstərir. Bu, həkim səhvi deməkdir. Xarici ölkələrdə həkimlər özlərini səhvlərdən sığorta edirlər. Həkim səhlənkarlığı isə cinayət əməlidir. Sağ ayaq əvəzinə sol ayağı kəsmək səhlənkarlıqdır. Həmçinin, pasiyentin zamanında müayinə edilməməsi, təcili cərrahi müdaxilənin gecikdirilməsi səhlənkarlıq sayılır. İnstrumental müayinə metodları nə qədər çox olsa, həkimin səhv etmək ehtimalı azalır. Lakin Azərbaycanda real durum belədir ki, instrumental müayinələrdən keçmək üçün xəstəyə pul lazımdır. Bəzən xəstənin maddi durumu əlavə müayinələrdən keçmək üçün kifayət etmir. Bu da həkim səhvinə yol aça bilər. Məsələn, baş ağrısından şikayət edən xəstələr maqnit-rezonans tomoqrafiyadan (MRT) keçməlidir. Bu müayinənin qiyməti 150-160 AZN-dir. Əlavə müayinələr düzgün diaqnoz üçündür”.

Q.Əsədov da icbari tibbi sığorta sisteminin tam şəkildə işləyəcəyinə, nəticədə də bəzi problemlərin, o cümlədən həkim səhvlərinin aradan qalxacağına ümid edir: “İcbari sığorta sistemi tam işə düşsə, ehtiyac olduqda xəstələr əlavə müayinələrdən pulsuz keçə biləcəklər”, deyə həkim əlavə edib.

Qeyd edək ki, həkim səhvinə görə Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə cinayət işi başlanılır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR