İnsanlara hürriyət, millətlərə istiqlal!

"Heç kim ixtisasını 50 faiz bilməyən müəllimin onun övladına dərs deməsinə razı olmaz"

3189 11.06.2024 05:57 Təhsil A A

Məlum olduğu kimi ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib. Elm və Təhsil Nazirliyinin yaydığı məlumata görə iyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyunda aparılacaq. 

"Heç birimiz ixtisasını 50 faiz bilməyən müəllimin övladımıza dərs deməsinə razı olmarıq".

Musavat.com bildirir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov mövzunu şərh edərkən bildirib. Ekspert təhsilin keyfiyyətinin bilavasitə müəllimdən asılı olduğunu vurğulayıb:

"Bu gün ölkəmizin 4430 orta məktəbində 140 minə yaxın müəllim 1.6 milyon şagirdin bilik əldə etməsinə, şəxsiyyət kimi formalaşmsına xidmət edir.

Çox təəssüf ki, uzun müddət müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməyib. 2009-cu ildən etibarən orta ümumtəhsil məktəblərinə işə qəbul MİQ vasitəsii lə həyata keçirilsə də, bu proses vasitəsi ilə işə qəbul olunanlar ümumi təhsil verənlərin çox az faizini təşkil edirdi.

Orta məktəblərdə MİQ-dən əvvəl müxtəlif təhsil sənədləri ilə, fərqli yollarla işə qəbul olanların əksəriyyəti tədrisin keyfiyyətinə təsir göstərirdi.
2014-2018-ci illərdə həyata keçirilən Diaqnostik imtahanlardan sonra təhsilverənlərin bilik və bacarıqları barədə ilkin informasiyalar məlum oldu.

2022-ci ildən təhsil sistemi üçün çox mühüm proses, sertifikatlaşdırma başlandı. 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak etmişdir. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur.

Lakin bu il ölkə üzrə 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamamışdır.

Müsabiqə nəticəsində keçid balını toplamayan müəllimlərlə bağlanmış əmək müqaviləsinə xitam veriləcək və onların yerinə MİQ-dən yeksək bal toplayan işsiz gənc müəllimlər gələcəkdir.

Etiraf edim ki, MİQ-in sualları və müsabiqə şəraiti sertifikasiyadan dəfələrlə çətindir. Düzdür, Elm və Təhsil Nazirliyi humanizm nümayiş etdirərək sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmaları barədə ciddi işlərə başlayıb.

Gəlin etiraf edək ki, heç birimiz ixtisasını 50 faiz bilməyən müəllimin övladımıza dərs deməsinə razı olmarıq.

İstənilən halda sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır. Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minumum tələblərə cavab verməyib.

Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar.
Əminliklə deyə bilərəm ki, sertifikasiya ölkə təhsilinin inkişafına ciddi şəkildə müsbət təsir edəcəkdir".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR