İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdən çıxan islamçı Mövsüm Səmədov ABŞ “sərhədində” - QALMAQAL

2739 31.01.2024 10:33 Siyasət A A

“Mənim kim olduğumu tezliklə hamı öyrənəcək” deyən əslində kimdir? 

Dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sabiq sədri Mövsüm Səmədov haqda sensasion xəbər yayılıb. M.Səmədovla bağlı xəbəri  ABŞ-dakı Texas Azadlıq Koalisiyasının mühafizəkar lobbi qrupunun prezidenti Sarah Cessica Filds öz X sosial şəbəkəsində paylaşıb.  O, Meksika ilə sərhədi qanunsuz keçən bir şəxsin videosunu yayıb.Kadrlarda  görünən şəxs  açıqlama verərək deyir: “Sən mənim kim olduğumu biləcək qədər ağıllı deyilsən. Ancaq tezliklə bunu təkcə siz yox, hamı öyrənəcək”. “İndi biz bu immiqrantın kim olduğunu bilirik. Bu şəxs Mövsüm Səmədovdur.  İslam Partiyasının sədri Səmədov hökuməti devirməyə cəhddə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib və 2023-cü il yanvarın 19-da azadlığa çıxıb”, – deyə, Filds yazıb.(haqqın.az).Bu tvit, onu müşayiət edən video ilə birlikdə milyonlarla baxış toplayıb.

filds.jpeg (33 KB)

Sarah Cessica Filds

Musavat.com xatırladır ki, M.Səmədov ötən ilin yanvarında həbsdən buraxılıb.  2011-ci ilin yanvarında tutulan Mövsüm Səmədov hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 2019-cu il dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti üzrə qərarını elan edərək ona Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu bildirib, Azərbaycan dövlətinə 4 min avro təzminat cəzası kəsib. 1965-ci il təvəllüdlü Mövsüm Səmədov Bakıda ali tibb təhsili, İranda isə dini təhsil alıb.  

1944327-جانب-من-محاولات-العبور.jpg (1.85 MB)

Fildsin yaydığı xəbər sosial şəbəkələrdə populyarlaşdıqdan sonra “Amerikanın səsi”  və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin müxbirləri Mövsüm Səmədovla əlaqə saxlayıblar.  Azərbaycan islamçılarının keçmiş lideri məlumatı təkzib edərək, bunu  yayanları saxtakarlıqda ittiham edərək bildirib ki, o, hazırda Azərbaycandadır və Meksika-Amerika sərhəddinə gedə bilməzdi, çünki onun ölkədən çıxışı qadağan edilib.Bundan əlavə, M.Səmədov videoda təsvir olunan şəxsin ona bənzəmədiyini diqqətə çatdırıb. "Diqqətlə baxın, eynək istisna olmaqla, çox az oxşarlıq var" deyə, o bildirib.   Yalnız bu günlərdə  Filds  Meksika-ABŞ sərhədini qanunsuz keçən miqrantın Mövsüm Səmədov olmadığını vurğulayıb:“İndi biz bu qanunsuz miqrantın kim olduğunu bilirik. Videodakı şəxs Mövsüm Səmədov deyil”.

486466.jpg (326 KB)

Amerika mediası müəyyən edib ki,  Filds tərəfindən paylaşılan video, ABŞ-ın cənub sərhədi boyunca səyahət edən, sərhədi qanunsuz keçən miqrantların şəklini çəkən  “Responder Media” şirkəti tərəfindən lentə alınıb. Fildsin saxta mesajı dərc edildikdən ertəsi gün, yəni yanvarın 24-də  Rayne adlı X istifadəçisi  bu xəbəri ilk dəfə təkzib edib. Ancaq heç kim  amerikalının təkzibinin etibarlılığına əhəmiyyət vermədi.

Fildsin məlum “xəbərinin”  ABŞ-ın cənub sərhədlərinin qorunması ilə əlaqədar Respublikaçılar və Demokratlar partiyaları arasında sərt mübahisələrin  getdiyi bir vaxtda  ortaya çıxması diqqət çəkir.  Belə ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi  2020-ci il yanvarın 1-dən 2023-cü il sentyabrın 30-dək 8,4 milyon miqrant Meksikadan qeyri-qanuni yolla ölkəyə daxil olmağa cəhd etdiyini açıqlayıb. ABŞ-ın hazırkı administrasiyasının əsas rəqibi, prezidentliyə namizəd Donald Tramp əmin edir ki, o, qalib gələrsə, Meksika ilə sərhədi dərhal bağlayacaq və ölkədən milyonlarla qeyri-qanuni immiqrantı deportasiya edəcək.  

X sosial şəbəkəsinin Amerika seqmentində Azərbaycanla bağlı saxta xəbərlərin yayılması ilk dəfə deyil. Keçən ilin payızında HƏMAS-ın İsrailə hücumundan sonra radikal islamçılar X Platformasında “əsir götürülmüş İsrail generallarının” videosunu yayımladılar. Amma reallıqda bu videoda Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Qarabağda həbs edilən erməni separatçılarının liderləri təsvir edilmişdi...

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR