İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki MTN generalına yarım milyon “atan” vəkil azadlığa buraxıldı

1474 18.04.2023 17:31 Kriminal A A

Yarım milyonluq dələduzluq ittihamı ilə həbs olunan vəkil Elçin Qəmbərov məhkəmə zalından azadlığa buraxılıb. Aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında cinayət işinə xitam verilib.

Musavat.com-un xəbərinə görə, məhkəmə Elçin Qəmbərov haqqında cinayət işinə xitam verilməsinin səbəbini belə əsaslandırıb ki, o, zərərçəkmiş tərəfə dəyən ziyanı tam ödəyib – aldığı 300 min dolları qaytarıb. Qarşı tərəf ondan şikayətçi deyil, bu haqda ərizəsi də var. Üstəlik, vurulan ziyanın 25 faizi qədər dövlət büdcəsinə vəsait ödəyib.

Elçin Qəmbərov uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, 2 ildən çoxdur həbsdə olan Mövlam Şıxəliyevin ev dustaqlığına buraxılması adıyla onun oğlu Elgün Şıxəliyevdən 300 min dollar pul alıb aldatmaqda suçlanırdı. Aprelin 18-də hökmdən öncə məhkəmədə Elçin Qəmbərovun vəkili Leyla Namazova çıxış edərkən eyni əsasları göstərib, müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib. Onun digər vəkili isə öz oğlu Əli Qəmbərov idi. Lakin o, oğlunun müdafiəsindən imtina etdiyini deyib.

Elçin Qəmbərov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.Qəmbərov məhkəmədə ifadə verməkdən imtina edib. İstintaqa ifadəsində deyib ki, borcları vardı, generalın oğlundan aldığı pulla onları bağlamaq istəyib. Əvvəllər 15 saylı vəkil bürosunda işləyən Elçin Qəmbərov hüquq müdafiəçisi Leyla Yunusun məktublarını yayıb, onun haqqında kitab nəşr etdirəndən bir müddət sonra “Mərkəz” vəkil bürosunun rəhbəri təyin olunmuşdu.

Hazırkı cinayət işində adı keçən şahid, eyni zamanda, Mövlam Şıxəliyevin vəkili olan Arzu Cavadov da həmin büronun üzvüdür. Cinayət işinin materiallarına əsasən, Elçin Qəmbərov rəhbərlik etdiyi büroda çalışan Arzu Cavadova hüquqlarını müdafiə etdiyi generalı ev dustaqlığına buraxdıra biləcəyini deyib. A.Cavadov isə onun söylədiklərini Mövlam Şıxəliyevin oğluna çatdırıb, onlar görüşüb və razılaşıb. Elçin Qəmbərov deyib ki, yüksək vəzifədə çalışan şəxslər arasında tanışları var və onların vasitəsilə məsələni həll edəcək.

İttihama əsasən, Elçin Qəmbərov bir dəfə 300 min dolları Elgün Şıxəliyevdən alıb, bir neçə ay sonra geri qaytararaq, işin düzəlmədiyini bildirib. Onun sözlərinə görə, məqsəd etibar qazanmaq olub. Az sonra başqa bir nəfər vasitəsilə məsələni həll edəcəyini söyləyərək, bir daha alıb və bu dəfə geri qaytarmayıb.

Elçin Qəmbərovun həbsindən sonra Vəkillər Kollegiyasından onun vəkillik fəaliyyətinin dayandırıldığını açıqlayıblar:

“Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarıyla Elçin Qəmbərovun vəkillik fəaliyyəti onun barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb”.

Elçin Qəmbərov “Leyla Yunusun parlaqlığı və səfaləti” kitabında hüquq müdafiəçisinin onun vasitəsilə həbsdən göndərdiyi şəxsi məktubları, müraciətləri açıqlamışdı. E.Qəmbərovun adı vaxtilə MTN tərəfindən dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunan Səid Dadaşbəylinin işində də hallanıb. Səid Dadaşbəyli “Yeni Müsavat”a demişdi ki, Elçin Qəmbərov MTN-lə əlbir olub, onun əleyhinə iş aparıb. S.Dadaşbəylinin həyat yoldaşı iddia edirdi ki, vəkil Elçin Qəmbərov onları aldadıb, başqasına çatdırmaq adıyla pul alıb. Lakin həmin vaxt vəkil onun iddiasını təkzib etmiş, demişdi ki, müdafiəçi kimi göstərdiyi xidmətin müqabilində pul alıb, dələduzluqdan söhbət gedə bilməz.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR