İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdəki generalla bağlı yeni müraciət

692 01.03.2024 12:53 Ölkə A A

Hüseyn Səfərov: “Mövlam Şıxəliyevin özü kimi ailəsi də cinayətlərdə iştiraka görə həbsə alınmalıdır...”

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin ailə üzvlərinin həbsi üçün baş prokuror Kamran Əliyevə müraciət ünvanlanıb. Müraciət müəllifi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkən Hüseyn Səfərovdur. 

Hüseyn Səfərov yazır ki,  Bakı Hərbi Məhkəməsi Mövlam Şıxəliyev və digərlərinə cəza kəsib. 12 il həbs cəzası alan M.Şıxəliyev və digərlərinin şikayətini  Bakı Apelyasiya Məhkəməsi rədd edib.  “Barələrindəki qərardan Mövlam Şıxəliyev və digərləri dərhal Ali Məhkəməyə şikayət veriblər. Eyni zamanda biz zərərçəkənlər də şikayət verib Mövlam Şıxəliyev və digərlərinə daha ağır cəzalar təyin olunmasını xahiş etmişik. Dövlət ittihamçısı da qərardan protest verərək Mövlam Şıxəliyevin ailə üzvlərinin adına rəsmiləşdirilmiş, ibtidai istintaq dövründə üzərinə həbs qoyulmuş, xüsusi müsadirəyə təqdim olunan, lakin Bakı Hərbi Məhkəməsinin hökmü ilə ailə üzvlərinə qaytarılması nəzərdə tutulan əmlakların da tam şəkildə xüsusi müsadirəyə götürülməsini xahiş edib”, - deyə şikayətçi yazır.    

Hüseyn Səfərov hesab edir ki, Mövlam Şıxəliyevin ailə üzvləri - oğlu Elgün Şıxəliyevin, qızı Samirə Əliyevanın və həyat yoldaşı Aybəniz Şıxəliyevanın cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşmasında iştirak etməsinin araşdırıması, cinayət işi başlanması üçün əsas var.  

Həbsdəki generalın arvadı zərərçəkəni polisə verdi - sensasion gəlişmə

Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, Mövlam Şıxəliyev leqallaşma cinayətinin izini itirmək üçün məhkəməsi günlərində həyat yoldaşından ayrılıb: “Bakı Hərbi Məhkəməsində də sübut olundu ki, Mövlam Şıxəliyev cinayət yolu ilə əldə olunan əmlakların böyük bir hissəsini həyat yoldaşı Aybəniz Şıxəliyevanın, oğlu Elgün Şıxəliyevin və qızı Samirə Əliyevanın adına rəsmiləşdirməklə leqallaşdırıb. Məhkəmə dövründə Mövlam Şıxəliyevin həyat yoldaşından ayrılması da müsadirə olunacaq əmlakları xilas etməyə hesablanmış addım idi. Amma Mövlam Şıxəliyev istintaqa cəlb ediləndən dərhal sonra onun və ailə üzvlərinin adına rəsmiləşdirilən bütün əmlakların üzərinə həbs qoyulub. Mövlam Şıxəliyevlə Aybəniz Şıxəliyevanın boşanması isə bundan sonraya təsadüf edir. Yəni Mövlam Şıxəliyev həyat yoldaşı ilə əmlaklara görə əbəs yerə boşanıb”. 

Keçmiş MTN məhbusu: 'Məndən 2 milyondan sonra da əl çəkmirdilər…'

Hüseyn Səfərov

Hüseyn Səfərov bildirib ki, şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində baxılarkən Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş bütün əmlaklarının müsadirə edilməsini, onun ailə üzvlərinin də istintaqa cəlb olunmalarını tələb etdiklərini xatırladıb: “İbtidai istintaq dövründə Mövlam Şıxəliyevin 23 əmlakının üzərinə həbs qoyulub. Bakı Hərbi Məhkəməsi həmin mülklərin 7-sini  heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytardı. Bundan başqa, məhkəmə üzərində həbs olan 16 mülkdən səkkizinin 1\2-nin yenə də heç bir əsas olmadan Mövlam Şıxəliyevin özünə qaytarılması barədə qərar qəbul etdi. Yerdə qalan 12 mülkün satılması və zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə qərar verilib. İşdə 36 zərərçəkən, 20 milyon manat zərər var. Mövlam Şıxəliyeviin ümumilikdə 23 mülkü satılsa da, yenə də biz zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməsi mümkün deyil. Çünki zərərçəkmişlərə dəymiş ziyanın həcmi müsadirəyə götürülmüş 23 mülkün mövcud qiymətləndirmə ilə dəyərindən daha çoxdur. Bu səbəbdən Mövlam Şıxəliyevə məxsus bütün əmlakların müsadirə olunmasını, doğru-dürüst qiymətləndirilməsini tələb edirdik. Apelyasiya instansiyasının qərarından prokuror protest verib, əmlakların tam həcmdə müsadirəsini tələb edib. Bu məsələ hazırda Ali Məhkəmədədir. Mövlam Şıxəliyev Ali Məhkəmədə prosesi pozmaq üçün hər dəfə bir hoqqa çıxarır. Vaxtı uzadır, cinayətlərinə kimlərisə bulaşdırmaqla əmlakları əlindən vermək istəmir. Arvadı Aybəniz bu gün milyonçudur. 10 milyonlarla ölçülən varidatın sahibidir. Onun sahibi olduğu əmlakları adına əri Mövlam Şıxəliyev iz azdırmaq üçün keçirib. Hələ  formal olaraq boşanıblar, düşünürlər ki, bu cür gülünc üsullarla istintaqı və məhkəməni aldada biləcəklər. Aybəniz Qinyaz qızı Şıxəliyeva 1961-ci ildəndir. Ağdaşdandır. Öyrənmişik ki, Aybənizin atası Qinyaz kasıb biri olub. Ortabab dolanıb. Aybənizin babası, Qinyazın atası da milyonçu olmayıb. Aybəniz Şıxəliyeva isə milyonçudur. Milyoner Aybənizin varidatının mənbəyi gizli deyil, ortadadır. Bu pulların mənbəyi Azərbaycan sahibkarlarının cibidir. Ağdaşlı Aybənizi milyonerə çevirən mənim kimi qanunsuz həbs edilən, girov saxlanılan iş adamlarıdır. Onun qızı Samirə Əliyeva Sumqayıtda musiqi məktəbində işləyib. Musiqi məktəbində işləyən müəllimənin 5-10 milyonluq əmlakı haradandır? Arvadı 2-ci qrup əlildir. Dövlətdən ayda 220 manat təqaüd alır. Haradandır adına olan 5-10 milyonluq əmlak? Oğlunun adına da milyonluq əmlaklar var. Mövlam Şıxəliyevin özü kimi ailəsi də bizə qarşı cinayətlərdə iştirak etdiklərinə görə həbsə alınmalıdır!”

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR