İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hara gəlib çatdı...

1220 11.04.2023 08:50 Yazarlar A A

Doğrusu, eşidəndə ki, ABŞ qonşumuz Gürcüstanın bir neçə vəzifəli şəxsinin özünə və hətta ailə üzvlərinə sanksiya tətbiq edibdir, buna elə də təəccüblənmədik. Ona görə ki, cəmi iki həftə bundan əvvəl deyilmişdi ki, Vaşinqton növbəti demokratiya sammitinə gürcü baş naziri İrakliy Qaribaşlivini yox, prezident Solome Zurabaşvilini dəvət edibdir. Əslində biz buna da təəccüblənməmişdik.

Birincisi, ona görə ki, prezident S.Zurabaşvili “xarici agent”lər haqqındakı qanun layihəsinə etirazlar zamanı müxalifətin tərəfini tutmuş və qanun layihəsinin qəbul ediləcəyi təqdirdə ona veto qoyacağını demişdi.

İkincisi, artıq bir müddətdir ki, Gürcüstanla ABŞ və eləcə də Gürcüstanla Avropa arasında bir soyuqluq müşahidə olunur. Bu, bir neçə ay bundan əvvəl, Ukrayna və Moldovaya Avropa İttifaqı tərəfindən “namizəd dövlət” statusu verilərkən sezilmişdi.

Bəli, o vaxt Avropa Tiflisə “gözlə!” dedi və onun qarşısında bir neçə şərt qoydu.

Beləcə, ilk dəfə olaraq hakim gürcü koalisiyası “Gürcü arzusu”nun maskasının, necə deyər, yırtılmasını gördük, çünki əvvəl-axır hamının əsl siması üzə çıxır, kimin kim olduğu bilinir...

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl, əgər səhv etmiriksə, “Gürcü arzusu”nun “xaç atası” oliqarx Bidzina İvanişvilinin özünə qarşı da Avropa İttifaqı tərəfindən sanksiya qəbul olunmuşdu.

Əvvəl hər şey normal görünürdü. Gürcüstan Avropaya inteqrasiya yolunda addımlayır, yeni hakimiyyət özündən əvvəlki M.Saakaşvili hakimiyyətinin xarici siyasət kursunu demək olar ki, heç bir korrektə etmədən davam etdirirdi. Amma Rusiya Ukraynaya hücum edəndən sonra vəziyyət aşkar bir şəkildə dəyişdi, “Gürcü arzusu” diplomatiya kursunu hiss olunacaq dərəcədə Moskvaya tərəf əydi. Düşünürük ki, problemlər elə bundan başladı. Bir daha deyirik ki, Qərb Gürcüstanın diqqətinə müəyyənləşmək lazım olduğunu çatdırdı. Amma bu, baş vermədi və vəziyyət indiki səviyyəyə gəlib çıxdı, keçmiş GUAM üçlüyü arasında ilk çat baş verdi. Ukrayna və Moldova Avropa İttifaqı tərəfindən isti münasibət gördü və dəstək aldı. Gürcüstan isə kənarda qaldı...

Əlbəttə ki, adam buna heyfsilənməyə bilmir. Gürcüstanla NATO, Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlər o qədər sıxlaşmışdı ki, Tiflisə bu qurumların “qeyri-formal üzvü” deyirdilər. İndi isə ona qarşı sanksiyalar tətbiq olunur!..

Bir daha deyirik ki, bunlar heç də təsadüfən olmadı, çünki məsəl var, deyirlər ki, təsadüfən heç toyuqlar da yumurtlamır. Qərəz, indiki gürcü hakimiyyətinin xisləti aşkar olunmalı idi. Bu da baş verdi. Həm də bizə elə gəlir ki, Qərb heç bir halda tək Gürcüstanı öz qurumlarına üzv etməyəcək və daha çox bütövlükdə Cənubi Qafqaz regionu ilə işləməyə üstünlük verəcək. Son vaxtlar bunun üçün xeyli şanslar yaranıbdır.

Birincisi, Ermənistanda ciddi proseslər gedir. Ziqzaqlarla, irəliləmə-geriləmələrlə olsa da, erməni baş naziri Nikol Paşinyan ölkəsini Qərbə tərəf yönəltməyə çalışır. Burada qeyd edək ki, çox böyük çətinliklə olsa da, Rusiyaya yönəlik bir xeyli düzəlişlərlə və güzəştlərlə olsa da, hələ erməni prezidenti Serj Sarqsyanın vaxtında İrəvan Avropa ilə saziş imzalamağa müvəffəq olmuşdu. Düzdür, ruslar bu sazişə lağ edir, onun guya Kremldə redaktə olunduğunu bildirirdilər. Amma indi Ermənistanın Avropaya istiqamətlənməsi daha sistematik xarakter alıb və Kreml əhli üçün daha gülüş yeri qalmayıbdır - İrəvan siyasətində günbəgün Qərb daha çox yer almaqdadır...

O ki qaldı Azərbaycana, rəsmi Bakı Avropa ilə daha çox iqtisadi əlaqələr qurmağa çalışır və qurur. Bu gün Cənubi Qafqaz respublikaları arasında Avropa ilə ən çox iqtisadi əlaqə quran məhz Azərbaycandır. Gəl, Bakı bu əlaqələrə siyasi, xüsusən də geosiyasi çalar verməkdən çox ehtiyat edir. Bunun daxili motivləri də, xarici nüansları da.

Birincisi, Bakı Rusiyadan çox ehtiyat edir. Amma Moskva bildirir ki, onu postsovet ölkələrinin Avropa İttifaqı ilə yox, NATO ilə əlaqələri narahat edir. Elə burada ikinci məqama yetişirik. Bəli, Avropa ilə siyasi əlaqələrdən qaçmaqda Bakının daxili motivləri də var. Bəlkə də həm də buna görədir ki, digər Cənubi Qafqaz respublikalarından fərqli olaraq Azərbaycan artıq ikinci dəfədi ki, Vaşinqtonun təşkil etdiyi demokratiya sammitinə dəvət almır...

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR