İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hakimiyyəti nədən qorxdu?

1227 10.03.2023 09:27 Siyasət A A

Etirazlardan sonra “Xarici agentlər haqqında” qanun layihəsi geri götürüldü

Martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini ilk oxunuşda dəstəkləyib. Sənəddə KİV-lərə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tiflisdə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.

Tiflisdə baş verən hadisələr əslində gözlənilənilən idi. Qanunun hələ komissiyada müzakirəsində deputatlar əlbəyaxa olmuşdular, yəni belə kütləvi etirazlara psixoloji olaraq hazırlıq da vardı.  ABŞ-ın Tiflisdəki  səfiri bir neçə gün əvvəl  bu qanunu “Rus qanunu” kimi  qiymətləndirmişdi, Avropadan isə “qanunun qəbulu Gürcüstanın Avropa Birliyinə yolunu bağlayacaq” xəbərdarlığı gəlmişdi.  

Martın 7-də baş verən ciddi qarşıdurma, polisin sərt müdaxiləsi, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadəyə  Gürcüstanın Daxili İşlər Nazirliyi haqq qazandırıb. İddia edilib ki, aksiya dinc xarakter daşımayıb və parlamentin binası zorakılıqla ələ keçirməyə cəhd edilib. Qarşıdurmadan sonra həbslər başladığı haqda da xəbərlər var.   

Şarl Mişel Azərbaycana da səfər edəcək

Şarl Mişel

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib ki, Gürcüstanda baş verən hadisələrdən  narahatdırlar. O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir: “Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Avropa İttifaqı layihəsinin açarıdır”.

Gürcüstanda bu qanunu niyə indi gündəmə gəldiyi haqda rəylər müxtəlifdir.  İddia olunur ki, Ukrayna müharibəsi Gürcüstan uğrunda gizli mübarizəni artırıb. Hakim “Gürcü arzusu”  Partiyası başa düşür ki, Qərb Gürcüstanı da “qaynar nöqtəyə” çevirməyə cəhdlər edir. Gürcüstanın hakim partiyasının sədri İrakli Kobaxidze deyib ki, Gürcüstandakı gərginlikdən danışarkən Ukraynanın bugünkü vəziyyətini yada salıb.  “Maydan Ukraynaya nə gətirdi? Onlar Krımı, Luqansk və Donetskin böyük hissəsini itirdilər, bütün bunların davamı bu gün Ukraynada gedən müharibədir” deyən Kobaxidze  radikalların Gürcüstanda  Ukraynadakı prosesləri təkrar etmək niyyətində olduğunu  bildirib. Onun sözlərinə görə, qanun layihələri birinci oxunuşda qəbul edildikdən sonra hakim partiya Venesiya Komissiyasının rəyini gözləyəcək və bu, üç aydan az vaxt aparacaq..."

Lakin martın 9-da vəziyyət dəyişib. Tiflisdə parlamentin binası qarşısında yenidən qarşıdurma yaranıb. Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, parlament binası yaxınlığında və Rustaveli prospektində mitinq iştirakçılarının etiraz aksiyası tədricən son dərəcə şiddətli xarakter alıb. Rustaveli prospektinə toplaşan insanlar polisə hücum ediblər. Hüquq-mühafizə orqanları əməkdaşlarına “Molotov kokteyli”, daş, taxta parçaları və digər əşyalar atılıb. Nəticədə bir neçə polis avtomobilinə ziyan dəyib, bir neçə maşın aşırdılıb və yandırılıb. Xüsusi Təyinatlılar İdarəsinin avtobusuna, yanğınsöndürən maşınına, Rustaveli prospektində yerləşən binaların fasadlarına ziyan dəyib, mağazanın şüşələri sındırılıb. Tbilisi meriyası xidmətlərinə məxsus maddi əmlaka da ziyan vurulub. Aksiya iştirakçıları gecə boyu müxtəlif yerlərdə ictimai asayişi kobud şəkildə pozaraq polis əməkdaşlarına müqavimət göstəriblər. İğtişaşlar nəticəsində Daxili İşlər Nazirliyinin 10-a yaxın əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlar arasında da yaralananlar olub.

Gürcüstan parlamentinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı baş vermiş qanun pozuntuları və zorakılıq hadisələri ilə bağlı araşdırmalar başlayıb.

Etirazlar hakimiyyəti geri addım atmağa məcbur edib. Dünən yayılan məlumata görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası etirazlar fonunda “Xarici agentlər” haqqında rezonans doğuran qanun layihəsini ölkə parlamentindən bir müddətliyinə geri götürmək qərarına gəlib. Bu barədə hakim partiyanın və qanun layihəsinin təşəbbüskarının - “Xalqın Gücü” ictimai hərəkatının birgə bəyanatında deyilir.

“Əvvəllər dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik”, - bəyanatda deyilir.

Bəyanat müəllifləri bu qərarın ölkədə sülhü qorumaq üçün verildiyini yazır.

Şahin Cəfərli: “Yalnız Azərbaycanın icazəsiylə Xankəndi aeroportundan  istifadə oluna bilər” – JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Şahin Cəfərli 

Politoloq Şahin Cəfərli bildirib ki, “Gürcü kabusu”na çevrilmiş “Gürcü arzusu” toplumu test etdi və bir addım geri çəkildi: “Avroatlantik inteqrasiyanın bütün xalqı birləşdirən milli məsələ və hər kəsin qırmızı xətti olduğu bir daha təsdiqləndi. Eyni zamanda bu qənaət möhkəmləndi ki, müxalifətin bir liderin şəxsi ambisiyaları və qisasçılığı uğrunda mübarizə apardığı barədə təsəvvürlər ortada olanda  xalq bu mübarizəyə dəstək vermir. Ona görə də müxalifət mütləq şəkildə çalışmalıdır ki, Gürcüstan siyasətini İvanişvili-Saakaşvili bipolyar rəqabəti və düşmənçiliyi mənzərəsindən, məhz bu zəmində qütbləşmədən qurtarsın.

Mübarizənin ideallar uğrunda aparıldığına xalq və xüsusən onun gənc təbəqəsi inandırılarsa, dəyişiklik daha asan olacaq. Əks təqdirdə, qoca “Qafqaz tülküsü” “parçala, hökm et” metodları ilə ölkəni öz şəxsi mülkü kimi girovluğunda saxlamağa davam edəcək".

Bir sıra siyasi analitiklər isə hesab edir ki, qanun layihəsi Rusiyanın istəyi ilə ortaya atılmışdı və məqsələrdən biri Gürcüstanın daxilində sabitliyin pozulması, ölkənin qarşıdurma girdabına yuvarlanmasına, sırf qərbyönümlü olan siyasi, ictimai təşkilatların fəaliyyətinə yeni əngəllər yaradılması və nəhayətdə Gürcüstanın Avropa Birliyinə inteqrasiya yolunun qapanmasına zəmin yaratmaq idi. Gürcüstan hakimiyyəti zərərin yarısından ən azından bir müddətliyinə geri döndü. Hakimiyyət dirəniş göstərsəydi, müvəqqəti olsa da geri addım atmasaydı, etirazlar bütün ölkəni bürüyə və böyük qarşıdırmalara yol açacaqdı. Çünki qanun layihəsinin qəbulunun qarşısını almaq və Gürcüstanda tamamilə qərbyönümlü hökumət qurulması üçün fürsət gözləyən kənar böyük güclər də etirazların daha da böyüməsini tətikləyəcəkdilər. Gürcüstan hakimiyyəti proseslərin buna doğru getdiyini anladı və xalqı sakitləşdirmək üçün geri addım atdı.

Əziz Əlibəyli: "Dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır  cinayətdir"

Əziz Əlibəyli

Siyasi şərhçi Əziz Əlibəyli isə hesab edir ki, Gürcüstan hadisələri də Qafqazın qaynamaqda olduğunun təzahürüdür: “Bəs Qafqaz niyə bu qədər qaynamaqdadır? Rusiya Ukraynada uğurlu müharibə apara bilmir, Qərb də həlledici savaşın tərəfindədir. Amma sürünən mənzərə tərəfləri fərqli yerlərdə qarşıdurma yaratmağa sövq edir. Gürcüstanda da əslində iki tərəf toqquşur - bir tərəfdə Ukrayna QHT-Maydan təfəkküründən gələn texnoloqlar, digər tərəfdə isə müharibədən-Rusiyadan Tiflisə qaçan ruslar...”

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR